Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycanda sosial rifah göstəricilərinin əsas meyarlarından biri hesab olunan minimum istehlak səbətinin mövcud tərkibi və məbləği yenidən müzakirə mövzusuna çevrilib.
Artan qiymətlər, dəyişən istehlak vərdişləri və əhalinin gündəlik ehtiyacları fonunda bu göstəricinin real bazar şərtlərinə nə dərəcədə uyğun olduğu sual doğurur. Bunu nəzərə alan Ombudsman minimum istehlak səbətinin tərkibi və miqdarına yenidən baxılmasını, onun real ehtiyaclara uyğunlaşdırılmasını təklif edib.
Hazırda minimum istehlak səbətinin məbləği nə qədərdir və real ehtiyaclara uyğun olaraq hansı səviyyədə müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, son günlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən minimum istehlak səbətinin tərkibi və məbləğinin yenidən nəzərdən keçirilməsi ilə bağlı səsləndirilən təkliflər tamamilə əsaslı və vaxtında verilmiş çağırışdır:
“Mən sizin media qurumunuz vasitəsilə Ombudsmana qaldırdığı ciddi məsələyə görə təşəkkür edirəm. Açığı ictimaiyyəti və ekspertləri çox təəccübləndirdi.
Mən hesab edirəm ki, məsələ təkcə statistik göstəricinin artırılması deyil. Bu, sosial siyasətin fəlsəfəsinin yenilənməsi məsələsidir.
Hazırda Azərbaycanda yaşayış minimumu 300 manat səviyyəsində müəyyən edilib. Əmək qabiliyyətli şəxslər, pensiyaçılar və uşaqlar üzrə diferensial rəqəmlər tətbiq olunur.
Lakin açıq deməliyik ki, bu göstəricilər real bazar qiymətləri, inflyasiya tempi, kommunal xərclər, nəqliyyat, dərman və digər gündəlik xərclərlə müqayisədə ciddi şəkildə geri qalır".
Problem haradadır?
Ekspert qeyd edib ki, minimum istehlak səbəti daha çox normativ və fizioloji yanaşma əsasında formalaşdırılıb:
"Yəni əsas diqqət insanın fiziki olaraq sağ qalmasına yönəlir. Halbuki müasir sosial siyasətdə məqsəd sadəcə yaşamaq deyil, layiqli yaşamaqdır.
Dünya praktikasına baxsaq görərik ki, Almaniya, Fransa və Birləşmiş Krallıq kimi ölkələrdə sosial minimum ya real bazar səbəti əsasında formalaşdırılır, ya da median gəlirin müəyyən faizi kimi hesablanır.
Bir çox hallarda avtomatik indeksasiya mexanizmi tətbiq olunur, yəni inflyasiya artırsa, sosial minimum da avtomatik artır”.
Ekspert bildirib ki, bu ölkələrdə yanaşma “minimum yaşamaq” modeli deyil, “minimum layiqli həyat” modelidir.
“Səbətə yalnız ərzaq və geyim deyil, rəqəmsal xidmətlər, sosial iştirak xərcləri, səhiyyə və nəqliyyat kimi vacib komponentlər də daxil edilir.
Azərbaycanda isə səbətin tərkibi uzun müddət dəyişməz qala bilir və yenilənmə mexanizmi avtomatik deyil. Bu isə real alıcılıq qabiliyyəti ilə rəsmi minimum arasında fərqin dərinləşməsinə gətirib çıxarır.
Ombudsmanın təklifi məhz bu uyğunsuzluğun aradan qaldırılmasına yönəlib və mən bunu sosial siyasətdə islahat çağırışı kimi qiymətləndirirəm.
Mənim mövqeyim belədir ki, birinci, minimum istehlak səbəti real bazar monitorinqi əsasında yenidən hesablanmalıdır,
İkincisi, tərkib genişləndirilməli və müasir həyat xərcləri nəzərə alınmalıdır,
Üçüncüsü, avtomatik indeksasiya mexanizmi tətbiq olunmalıdır,
Dördüncüsü, yaşayış minimumu sosial müdafiə sisteminin real dayağına çevrilməlidir. Siyahını uzada bilərdim. Həqiqətən sosial müdafiə istiqamətində çox işlər görməliyik.
Əks halda, minimum göstərici formal rəqəm olaraq qalacaq və sosial ədalət prinsipi deyə bir şey olmayacaq".
Ekspert qeyd edir ki, 4 nəfərlik orta statistik azərbaycanlı ailə ən yaxşı ssenari üzrə (kommunal xərclər, metro, avtobus, benzin və gündəlik xərclərə) keçən il ödədiyindən 480 AZN çox ödəniş edir:
“Dövlət siyasəti statistik balansla deyil, vətəndaşın real həyat keyfiyyəti ilə ölçülməlidir”.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər: istehlak səbəti Asif İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin