Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəmüvafiqdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman qeyd edib ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi zəruri hesab olunur:
“Şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması məqsədəmüvafiqdir.
Əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkimməsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq, bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir”.
Ombudsman əlavə edib ki, əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir:
“Əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi vacibdir.
Bununla əlaqədar, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi də məqsədəmüvafiqdir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin