Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq tədqiqatçılar, hətta minimal fiziki aktivliyin gündə cəmi 5 dəqiqə hərəkətin erkən ölüm riskini nəzərəçarpacaq dərəcədə azalda biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə araşdırma "The Lancet" jurnalında dərc olunub.
Tədqiqat Norveç İdman Elmləri Məktəbinin mütəxəssislərinin rəhbərliyi altında həyata keçirilib. Alimlər bir neçə ölkədən 130 mindən çox insanın geyilə bilən cihazlardan əldə olunan məlumatlarını analiz edərək, gündəlik aktivlikdə kiçik dəyişikliklərin həyat müddətinə təsirini araşdırıblar.
Araşdırmada əsasən iki qrup diqqət mərkəzində olub: yüksək risk qrupu ən az hərəkət edən 20% iştirakçı və daha geniş populyasiya ən aktiv 20%-ni çıxmaq şərti ilə qalan iştirakçılar. Nəticələr göstərib ki, gündə əlavə 5 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivlik yüksək risk qrupunda ölüm hallarını təxminən 6%, populyasiya səviyyəsində isə 10% qədər azalda bilər. Eyni zamanda, gündə 30 dəqiqə oturma vaxtını azaltmaq da ölüm riskini azaldır, lakin daha az ölçüdə.
Xüsusilə az hərəkət edən və gününün çox hissəsini oturaraq keçirən insanlar üçün qısa gəzinti, pilləkənlə qalxmaq və ya bir neçə dəqiqə aktiv hərəkət etmək ən böyük sağlamlıq faydasını təmin edir.
Tədqiqat müəllifləri vurğulayıb: "Görürük ki, kiçik və realist aktivlik dəyişiklikləri xüsusilə az hərəkət edən insanlar üçün əhəmiyyətli fayda verə bilər".
Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyəsi isə dəyişməyib, həftədə ən az 150 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivlik məsləhət görülür. Lakin yeni araşdırma göstərir ki, bu hədəflərə çatmaq çox kiçik addımlardan başlana bilər.
Nuriyyə NATİQQIZI