Ömrün və sözun ucalığında

29.06.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

29 iyun 2026-cı il tarixində Naxçıvan ədəbi mühitinin dəyərli simalarından biri, AYB və AJB-nin üzvü, “Zərif Qadınlar” ədəbi qrupunun təsisçisi və rəhbəri, şair-publisist Təranə Arifqızının 55 illik yubileyinə həsr olunmuş “Ömrün və Sözün Ucalığında” adlı möhtəşəm yaradıcılıq gecəsi keçirilmişdir.

Sözə və sənətə ehtiramın ifadəsinə çevrilən yubiley tədbirində şairin qələm dostları, şəhid ailələri, Naxçıvanın tanınmış ziyalıları, doğmaları və çoxsaylı qonaqlar iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.

Gecəni giriş sözü ilə açan şair-publisist Sevinc Azadlı Təranə Arifqızının zəngin yaradıcılıq yolundan, onun poeziyasının dərin məna qatlarından, vətənpərvərlik ruhundan və qadın duyğularını incəliklə ifadə edən poetik dünyasından ətraflı bəhs etmiş, şairin sözünün çəkisi və ədəbi mühitdəki özünəməxsus yeri haqqında fikirlərini iştirakçılarla bölüşmüşdür.

Tədbirdə iştirak edən Naxçıvan ədəbi mühitinin tanınmış qələm adamları Sona Amal, Ümbülbanu Musayeva, Kamil Araz, yazıçı-esseist Hədiyyə Səfaqət və digər qonaqlar yubilyarın yaradıcılığına dair dəyərli fikirlər səsləndirmiş, ona səmimi ürək sözlərini və xoş arzularını çatdırmışlar. 

Yubiley gecəsində Təranə Arifqızının şeirləri bədii qiraətçilər Firdovsi bəy və Sevinc xanım tərəfindən böyük ustalıqla səsləndirilmiş, sözlərinə bəstələnmiş nümunələr isə aşıq Zeynəb Yusifova sazın müşayiəti ilə təqdim etdiyi bir-birindən təsirli ifalarla tədbirə xüsusi rəng qatmışdır.

Səmimi və duyğulu anlarla yadda qalan gecənin sonunda Təranə Arifqızı iştirakçılara göstərdikləri diqqət və ehtirama görə dərin minnətdarlığını bildirmiş, bu sevginin və dəyərin onun yaradıcılığı üçün ən böyük mükafat olduğunu vurğulamışdır. 

Beləliklə, Təranə Arifqızının 55 illik yubileyinə həsr olunmuş bu yaradıcılıq gecəsi sözə, sənətə və ədəbiyyata verilən yüksək dəyərin təntənəsinə çevrilərək iştirakçıların yaddaşında unudulmaz təəssüratlar yaratmışdır.

Şair-publisist

Sevinc Azadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью