Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bəlkə də Volterin bu fikrinin ardınca kimlərsə məndən çox deyilib, çeynənmiş o məşhur cümləni gözləyir. Amma mən: "Elə insanlar var, ölümündən sonra da yaşayır" kimi şablonu təkrarlamayacam.
Mən isə əvvəlki yazılarımdan birində, sadəcə, bunu demişəm: "Bəzi insanlar həyatı o qədər diri yaşayır, öldüyünə inanmaq olmur".
Bilirsiniz, bir var diri, bir var ölü, bir də var ölüvay.
Dirilərə diri kimi, ölülərə ölü kimi sayğı var. Ancaq sənin bir yaxının ki ölüvay oldu ha, onda ölünü qoy, dirini ağla. O misal.
Diri ol, ya da lap ölü ol, qorxusu yoxdur Amma ölüvay olma.
Mənim də dostum o qədər diri yaşayırdı ki...
Dünyadan tez getsə də, ömrünü uzun yaşadı. Ömrü uzunu yaşadı.
Mənim dostum Volterin dediyi o "yaşamadan ölən" adamlardan deyildi. Öldüyü günə qədər ömrünü birəbir yaşayan adam idi.
Uzun yaşayanlar bilirsiniz kimlərdir? Kiçik şeylərdən xoşbəxt olanlar.
"Böyük adamlar" söz birləşməsini çox işlədirik. Kimdir o böyük adamlar?!
Məncə, böyük adam da məhz kiçik şeylədən xoşbəxt olan insandır.
Mənim dostum ən kiçik uğurlardan da xoşbəxt olan insandı.
Əslində o, heç həyatda əldə etdiyi uğurları kiçik-böyük deyə bölməzdi.
Yazda bir çiçəyin açmağına da sevinən, payızda bir yarpağın da düşməsinə üzülən ürəklərdəndi.
Bir oğul toyunda qol qaldırıb oynayanda necə xoşbəxt idisə, bir özgə körpəsinin gülüşündən də o qədər xoşbəxt ola bilirdi.
Hərdən mənə elə gəlir, o, bir insan ömrü üçün həddindən çox xoşbəxt yaşadı.
Nə var-dövləti vardı, nə sərvəti. Özü sərvət olanlar bu haqda heç düşünmür. Ac da deyildi, acgöz də deyildi. Həyatını çox yaşadı. Az bir imkanla öz ömrünün vaxt ölçüsüdən də belə çox yaşadı.
İndi bu dünyada olsaydı, yetmiş yaşını tamamlayıb qocalıq mərhələsinə adlayacaqdı. Ancaq Nizami qocalmaq "istəmədi".
Bəlkə də elə bu dünyadakı dostlarının "xətinə" o dünyaya qocalmadan getdi. Bəlkə dostların xatirində ahıl qalmaq üçün...
...Yetmiş yaşın mübarəkdir, ahıl qardaş. Yanımızda olmasan da, yadımızdasan. Sən həmişə bizimlə qal. Heç vaxt qocalma. Yoxsa biz "səndən də çox" qocalıb, yaddaşımızı itirərik. Yəni səni.
Biz isə səni itirmək istəmirik.
Necə deyərlər, bizim dost itirən vaxtımız deyil.
Heç kəs itirdiyini geri qazana bilmir. Sən də bizi unutma. Yəni bizi itirmə...
Sən bizim yadımızda, Allahın isə yanındasan. Allaha ənanət ol.
Bilirik, Allah səndən necə lazımdır muğayat olur. Ona görə məkanın cənnətdir...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi