Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Türkiyənin Ankara Keçiörengücü klubunun gənc futbolçusu faciəvi şəkildə həyatını itirib.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, TFF 1. Liqasında çıxış edən Ankara Keçiörengücünün 16 yaşadək futbolçular komandasında oynayan Abdullah Sultanoğlu yol qəzasından sonra dünyasını dəyişib.
Klubun yaydığı açıqlamada bildirilib:
“Dərin kədərlə xəbər aldıq ki, dəyərli futbolçumuz Abdullah Sultanoğlu faciəvi qəza nəticəsində vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına Allahdan rəhmət diləyir, başsağlığı verir və səbir arzulayırıq”.
Məlumata görə, 2010-cu il təvəllüdlü Abdullah Sultanoğlu mayın 16-da Ankara şəhərinin Çubuk rayonunda motosiklet qəzasına düşüb. Ağır xəsarət alan gənc futbolçu müalicə üçün Ankara Etlik Şəhər Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Abdullah Sultanoğlu ötən gecə vəfat edib.