On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

13.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 13 iyun, AZƏRTAC

2036-cı ildə Almaniyanın əmək bazarında 4,3 milyon işçi çatışmazlığı yarana bilər.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat İnstitutunun (IW) yeni təhlilində bildirilir. İnstitutun yenilənmiş hesablamaları ölkədə əmək qabiliyyətli əhalinin azalmasının əvvəlki proqnozlardan daha ciddi nəticələrə səbəb olacağını göstərir.

İki il əvvəl IW əmək bazarında yaranacaq fərqi təxminən 3 milyon nəfər səviyyəsində qiymətləndirmişdi. Yeni proqnoz isə əhalinin inkişafı ilə bağlı yenilənmiş statistik məlumatlara əsaslanır. Hesablamalara görə, 2036-cı ilədək 9,8 milyon nəfər əmək qabiliyyətli yaşa çatacaq və nəticədə işçi qüvvəsində 4,3 milyon nəfərlik boşluq yaranacaq.

İnstitutun məlumatına görə, Almaniyada əmək ehtiyatı 2025-ci ildəki 55 milyon nəfərdən 2036-cı ildə 51,2 milyon nəfərə enəcək. Uzunmüddətli perspektivdə bu göstəricinin 2045-ci ildə 50,4 milyon nəfərə qədər azalacağı gözlənilir.

Proqnozlara əsasən, Almaniya əhalisinin sayı da azalacaq. Belə ki, 2045-ci ildə ölkə əhalisinin 81,1 milyon nəfər təşkil edəcəyi və bu göstəricinin hazırkı səviyyədən 2,9 faiz aşağı olacağı gözlənilir. Əhalinin azalması daha aşağı miqrasiya axını ilə əlaqələndirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью