Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu, Avropa İttifaqının Asiyada bağladığı ən iddialı sazişlərdən biridir"
Təxminən on illik danışıqlardan sonra Avropa İttifaqı (Aİ) və İndoneziya hərtərəfli azad ticarət sazişi və investisiyaların qorunması sazişi imzalayıblar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və İndoneziyanın iqtisadi işlər naziri Airlangga Hartarto Brüsseldə keçirilən mərasimdə iştirak ediblər.
Brüssel hesab edir ki, yeni tədbirlər Aİ-nin Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatına ixracını 15 il ərzində təxminən 40% artıracaq.
AFP fon der Leyenin sözlərinə istinadən yazıb ki, "Bu, Avropa İttifaqının Asiyada bağladığı ən iddialı sazişlərdən biridir".
İmzalanma mərasimində həmçinin Aİ-nin Ticarət və İqtisadi Təhlükəsizlik üzrə Komissarı Maroş Şefçoviç və İndoneziya ticarət naziri Budi Santoso da iştirak ediblər.
"Birlikdə 730 milyon nəfərlik bazarı təmsil edirik", fon der Leyen İndoneziya Prezidenti Prabovo Subiantoya təşəkkür edərək qeyd edib. Onun 11 dekabrda Brüsselə səfər edəcəyini bildirib.
Aİ ilə İndoneziya arasında ticarət sazişi üzrə danışıqlar 2025-ci ildə ABŞ və Çinin çətinlikləri qarşısında ticarəti şaxələndirmək üçün Aİ-nin daha geniş səylərinin bir hissəsi olaraq başa çatdırılıb.
dpa xəbər agentliyinin məlumatına görə, sənədlər tərəflər arasında demək olar ki, bütün gömrük rüsumlarını tədricən aradan qaldırmaq və yeni investisiyaların cəlb edilməsini asanlaşdırmaq məqsədi daşıyır. Aİ-nin məlumatına görə, müddəalar tam tətbiq edildikdən sonra məhsul kateqoriyalarının 98,5%-i üzrə rüsumlar qaldırılacaq.
Əvvəllər AK rəhbəri bildirib ki, saziş yaşıl texnologiyalar və Avropa polad sənayesi üçün lazım olan vacib xammallara sabit çıxışı təmin edəcək. Bundan əlavə, saziş artan İndoneziya bazarında Avropa şirkətləri və fermerləri üçün yeni imkanlar açır.
Danışıqlar 2016-cı ildən bəri davam edir. Aİ-nin əsas tələbləri davamlılıq standartlarına uyğunluq və investisiyaların asanlaşdırılması olub.