Ona ömürlük həbs istənildi

18.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Türkiyənin Bursa şəhərində dini nikahla yaşadığı, iki övladının anası olan 20 yaşlı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən 28 yaşlı Azərbaycan vətəndaşı Salican Mehmetə ömürlük həbs cəzası istənilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Hadisə 2025-ci ilin noyabrın 3-də Bursanın Yıldırım rayonunda baş verib. Arzu Xəlilova və Salican Mehmet arasında başlayan mübahisə davaya çevrilib. Mehmet 4 və 1 yaşlı iki qızının anası olan A.Xəlilovaya qayçı ilə hücum edib. Salican Mehmetin alt mərtəbədə yaşayan və səsləri eşidərək yuxarı qalxan anası F.M. Arzu Xəlilovanın yerdə hərəkətsiz yatdığını görərək vəziyyəti əri İ.M.-ə xəbər verib. İkincinin məlumatı əsasında hadisə yerinə polis və tibb qrupları cəlb olunub. S.Mehmet əlindəki qayçı ilə saxlanılıb, yaralı halda xəstəxanaya aparılan A.Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb.

Yarılma zamanı A.Xəlilovanın bədəninin müxtəlif nahiyələrində 146 qayçı yarası aşkar edilib ki, bunlardan 72-sinin ayrı-ayrılıqda ölümcül olduğu müəyyənləşib.

Polisə ifadəsində Arzu Xəlilova ilə 4 ildir dini nikahla birlikdə yaşadıqlarını bildirən Mehmet psixoloji problemlərinin olduğunu və müalicə aldığını iddia edib: "Son bir neçə aydır ki, məndə ruhi sıxıntılar yaranmağa başlamışdı. Təxminən 2 ay əvvəl Bursada xəstəxanaya yerləşdirildim. Orada 21 gün müalicə alıb evə buraxıldım. Xəstəxanadan çıxanda mənə gündə üç dəfə qəbul etmək üçün dərman yazıldı. Bir müddət həmin dərmanlarıqəbul etdim. Bu vaxt ərzində həyat yoldaşım ilə aramızda davalar olurdu, bir-birimizi vururduq, lakin heç vaxt şikayətçi olmamışdıq. Yoldaşımla mübahisə edəndə bəzən gözüm dönür və nə etdiyimi bilmirəm, birdən qəzəblənirəm. Ancaq aramızda çox ciddi bir problem yox idi".

O, ifadəsində hadisədən bir gün əvvəl kiçik qızlarının ağlaması səbəbindən həyat yoldaşı ilə mübahisə etdiklərini və bir-birinə əl qaldırdıqlarını bildirib: "Hadisə günü böyük qızım nənəsigilə getmişdi. Körpəmiz isə evdə idi. Yoldaşım paltarları yığırdı. Mənə "Uşağa bax" dedi. Mən də "Baxıram" cavabını verdim. O, yenidən eyni sözü təkrar edəndə, dünəndən davalı olduğumuz üçün əsəbləşdim. Həmin an yenə gözüm qaraldı. Sonra uşaq otağına keçdim. Uşağa baxdım və oradakı qayçını götürdüm. Geri qayıdaraq birbaşa yoldaşıma qayçı ilə hücum etməyə başladım. Ona dəfələrlə zərbə endirdim, lakin sayını xatırlamıram. Bunun ardınca o, yerə yıxıldı".

Mehmetin əvvəllər də "qəsdən xəsarət yetirmə", "istifadə üçün narkotik maddə saxlama" və "odlu silahlar haqqında qanunun pozulması" maddələri üzrə 8 dəfə məhkumluq tarixçəsi olduğu, həmçinin öldürdüyü Arzu Xəlilovaya qarşı əməlinə görə vaxtilə "yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə" cinayətindən barəsində iş açıldığı bəlli olub.

"Qadına qarşı qəsdən adam öldürmə" ittihamı ilə barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilən Mehmetin məhkəmə prosesi Bursa keçirilib. Məhkəmədə Arzu Xəlilovanın anası Zülfiyyə Xəlilova, təqsirləndirilən şəxsin atası İ.M. və tərəflərin vəkilləri iştirak ediblər.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və hadisə zamanı özündə olmadığını təkrar edərək azadlığa buraxılmasını istəyib. Mehmetin müdafiə çıxışından sonra prokuror 146 qayçı zərbəsi ilə qətlin törədildiyini əsas gətirərək, təqsirləndirilən şəxsin "vəhşicəsinə hisslərlə qadına qarşı qəsdən adam öldürmə" cinayəti üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum olunmasını tələb edib. Bununla razılaşmadıqlarını bildirən təqsirləndirilən şəxsin vəkili İstanbul Məhkəmə Tibb Ekspertizasının rəyinə etiraz edərək yeni ekspertiza sənədinin hazırlanmasını və müdafiə üçün əlavə vaxt ayrılmasını istəyib. Məhkəmə heyəti vəkilin əlavə vaxt tələbini təmin edərək növbəti məhkəmə iclasını başqa tarixə təxirə salıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью