Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə davam edir.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib.
Məhkəmənin dünən keçirilən prosesindən isə bəzi media orqanlarında və sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məlumata görə, dünənki prosesdə vaxtilə Milli Şurada təmsil olunan politoloq Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu şahid qismində ifadə veriblər.
Yayılan məlumatlarda Eldar Namazov və Sərdar Cəlaloğlunun neytral, Rauf Arifolunun isə Kərimlinin əleyhinə ifadə verdiyi qeyd olunub. Məlumatlarda qeyd olunub ki, Rauf Arifoğlu ifadəsində Əli Kərimlinin onunla dövlət çevrilişi mövzusunda söhbətlər etdiyini təsdiqləyib.
Sosial şəbəkələrdə şəxsinə qarşı aparılan kampaniyadan sonra Rauf Arifoğlu geniş yazı yazıb və proses barədə ətraflı açıqlama verib.
Musavat.com saytında yayınlanmış müəllif yazısında Rauf Arifoğlu Əli Kərimli həbs olunan gün istintaqa dəvət olunduğunu və ifadə verdiyini qeyd edib. O yazıb ki, dünən də məhkəməyə şahid qismində dəvət olunub və ifadə verib:
“Mən Əli Kərimlinin məhkəməsində şahid qismində ifadə verdim. Təxminən bir saat davam edən prosesdə həm vəkillərin, həm prokurorun, həm də hakimin çoxsaylı suallarını cavablandırdım. İfadəmin hər sözünün arxasındayam. Nə istintaqa, nə də məhkəməyə yalan danışmışam.
Danışdıqlarımın hamısı şəxsən şahidi olduğum hadisələrə, iştirak etdiyim proseslərə, üzbəüz söhbətlərə və illər əvvəl ictimailəşdirdiyim faktlara əsaslanır”.
Arifoğlu yazıb ki, ondan əvvəl Sərdar Cəlaloğlu, Eldar Namazov və digər şəxslər də ifadə veriblər: “Onlar da Milli Şura layihəsi əleyhinə ifadə veriblər. Heç birinin də ifadəsi Əli Kərimlinin xeyrinə deyil. Hətta Kərimlinin öz yaxını, adamı sayılan Fuad Qəhrəmanlının ifadəsi Əli Kərimli üçün öldürücü sübut növüdür…”
Rauf Arifoğlu yazır: “Məhkəmədən sonra bir dostuma təəssüratımı danışarkən dedim ki, ifadə verdim, səhnədə hakim özüm idim və sözün yumşaq mənasında həm vəkilləri, həm prokuroru, həm də hakimi "uddum". Əli Kərimli də “cükküldədi”, yerində oturtdum.
Təcrübəli dostum: “Hazır ol, bu axşamdan sosial mediada Əlinin trolları, İran-Rusiya kalonları başlayacaq sənə qarşı geniş hücuma”.
Və başlayıb! Özü də necə! Əli vəkilləri vasitəsilə sosial mediadakı trol ordusuna “vurun” mesajı yollayıb, tezisləri də göndərib. Mənimlə orada polemikaya "tortu" çatmadı; hər zamankı kimi qaragüruha komanda verdi...”
Rauf Arifoğlu qeyd edib ki, ifadəsi bir saata yaxın davam edib: “Təxminən bir saat davam edən ifadə və sual-cavab prosesində təşəbbüs mənim əlimdə idi. Suallardan yayınmadım, heç bir mövzudan qaçmadım, əksinə, hər sualın mahiyyətinə uyğun cavab verdim. Bəzi hallarda sual verənlərin özlərini izahat vermək məcburiyyətində qoydum.
Hətta Əli Kərimlinin özünə də replika verdim. Ona xəbərdarlıq etdim ki, yerində sakit oturmasa, ifadəm daha da dərinləşə bilər.
Danışdıqlarım şahidi olduğum hadisələrin, bildiyim proseslərin yalnız müəyyən hissəsidir.
Və bütün məsuliyyətimlə bildirirəm: istintaqa verdiyim ifadədə də, məhkəmədə söylədiklərimdə də bircə yalan yoxdur”.
Rauf Arifoğlu onu da vurğulayıb ki, onun məhkəmədə söylədiklərim heç də yeni məlumatlar deyil.
“Bu barədə ilk dəfə 2013-cü ildə açıq danışmışam, yazmışam, çoxsaylı müsahibələr vermişəm. Həmin dövrdə Moskvada formalaşdırılan Milli Şura layihəsini Azərbaycanın siyasi həyatına kənardan müdaxilə cəhdi kimi qiymətləndirmişəm. Əli Kərimlinin bu modelə sahiblənməsini, onu Azərbaycan müxalifətinə calaq etməsini, həmin layihənin aparıcı iştirakçılarından birinə çevrilməsini sərt tənqid etmişəm, onu açıq şəkildə dövlətə-vətənə xəyanətdə ittiham etmişəm. 12-13 il öncədən!
Bəli, mən o zaman bu prosesə siyasi baxımdan vətənə xəyanət kimi qiymət vermişdim.
Bu, mənim həmin dövrdə də açıq ifadə etdiyim mövqeyim idi və bu gün də ondan imtina etmirəm.
2013-cü ildə yazdıqlarım var. Sonrakı illərdə verdiyim müsahibələr, televiziya çıxışlarım, videoşərhlərim var...
2019-cu ilin oktyabrında isə İsveçrədə fəaliyyət göstərən Azlogos.eu saytına, yazıçı Əli Əkbərə geniş müsahibə vermişəm.
Burada 2012–2013-cü illərin siyasi proseslərini, Milli Şuranın yaradılması ətrafında baş verənləri, Əli Kərimli ilə münasibətlərimi, bildiyim və şahidi olduğum hadisələri geniş şəkildə danışmışam.
Hətta deyərdim ki, bu müsahibədə söylədiklərim istintaqa və məhkəməyə verdiyim ifadədən daha detallı, daha genişdir.
Yəni indi məni üzəduranlıqda ittiham edənlərə sadə bir sualım var:
Əgər mən bu gün yalan danışıramsa, 2013-cü ildə nə edirdim? 2019-cu ildə, Əli Kərimlinin həbsindən altı ildən çox əvvəl həmin faktları niyə açıq müsahibədə səsləndirmişdim? Kimsə də ittihamlarımı təkzib etməyib, yalanlamayıb.
O zaman nə bu cinayət işi vardı, nə indiki məhkəmə, nə də mənim şahid qismində dindirilməyim.
Mən bunları on ildən də çoxdur açıq deyirəm. Öz imzamla, öz səsimlə, öz üzüm və reputasiyamla”.
Rauf Arifoğlu Kərimlinin vəkillərinin, həmçinin sosial şəbəkələrdə ona ünvanlanmış “Milli Şuranın Rusiyada hazırlanmış layihə olduğunu düşünürdüsə, əgər Əli Kərimli ilə söhbətlərinizdə dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirdiyi məqamlar vardısa, niyə vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməyib?” sualına da cavab verib.
“Bu sualı müxtəlif formalarda dəfələrlə verdilər. Mən də hər dəfə eyni mahiyyətdə cavablandırdım.
Mən bu barədə açıq media resurslarında 2013-cü ildən başlayaraq yazmışam. Sonrakı illərdə də dəfələrlə danışmışam. Televiziya efirlərində, videomüsahibələrdə açıqlamalar vermişəm. 2019-cu ildə isə bütün bu prosesləri geniş müsahibədə, demək olar, bir siyasi epopeya şəklində ictimailəşdirmişəm.
Mən jurnalistəm. İctimai əhəmiyyət daşıyan məlumatı ictimaiyyətə çatdırmaq mənim peşəmdir. Bunu etmişəm.
2025-ci ildə Əli Kərimli həbs olunan gün məni istintaqa dəvət etdilər. Vaxtilə yazdığım və danışdığım məsələlərlə bağlı suallar verdilər.
Və mən orada təəccüblə gördüm ki, istintaqın maraqlandığı istiqamətlər 2019-cu ildə Azlogos-a verdiyim müsahibədə açıqladığım məsələlərlə üst-üstə düşür.
Deməli, mənim illər əvvəl ictimailəşdirdiyim faktlar və iddialar, nəhayət, hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilmişdi.
Dövlət mənim 12 il əvvəl yazdıqlarıma indi reaksiya verirsə, bunun günahı məndə deyil ki!
Mən niyə susmaqda ittiham olunmalıyam?
Susmamışam axı!
Yazmışam, danışmışam, xəbərdarlıq etmişəm. Özü də bir dəfə yox, dəfələrlə”.
Rauf Arifoğlu yazısında çox maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, qapalı keçirilən məhkəmədəki ifadəsinin yazılı stenoqramı onda var: “Mən qarşıdurma ehtimalı olan mühitlərə, həssas görüşlərə, hay-küy yaradacağı əvvəlcədən bilinən proseslərə hazırlıqsız getmirəm...
İndi təsəvvür edin ki, mən desəm, məhkəmədəki bir saatlıq ifadəmin və sual-cavabın səs yazısı (ya da stenoqramı) əlimdədir. Necə olar?
Qapalı məhkəmə idi, içəriyə heç bir cihaz keçirmək mümkün deyil. Amma MTN-dən, “Ölüm korpusu”ndan keçən bir peşəkar jurnalist üçün bu baryeri aşmaq, mötəbər fakt yaratmaq olduqca sadə məsələdir…
Orada hər şey var. Mənim səlis ifadəm, suallara təmkinli cavablarım, bəzi vəkillərin primitivliyi, hamısının bir-birini təkrarlaması…
Əli Kərimlinin cəm halında, ümumi prosesə etirazı və mənim ona dərhal susdurucu cavabım…”
Rauf Arifoğlu onu da qeyd edib ki, ona qarşı aparılan ‘trol hücumuna” həmişə cavab vermir:
“Amma bu gün bir istisna edə bilərəm. Üzərimə trol hücumu təşkil edənlərə cavab olaraq məhkəmədə verdiyim 1 saatlıq ifadəmin səs yazısını yaya bilərəm!? Və darmadağın olarlar!
Amma burada vacib bir hüquqi məqam var. Məhkəmə qapalı keçirilir. Mən bunun məsuliyyətini anlayıram. Amma Rauf Arifoğlu hər zaman risk almağı sevib, seçib…”
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.