Onkoloji yardım , yoxsa ilk yardım ? Professor qanundakı terminoloji boşluğa diqqət çəkdi

22.01.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dövlət xəstəxanalarında onkoloji xəstələrin müayinəsi yetərli səviyyədə deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda dövlət tibb müəssisələrində əcnəbilərə təxirəsalınmaz onkoloji yardımın pulsuz göstərilməsi ilə bağlı qəbul olunan qərara münasibət bildirərkən deyib.

Professorun sözlərinə görə, onkoloji xəstələrin müayinəsi üçün zəruri olan avadanlıqlar hər dövlət xəstəxanasında mövcud deyil:

"Onkoloji xəstələr üçün vacib olan müayinələr, biopsiyalar və digər diaqnostik prosedurlar yetərincə aparıla bilmir. Patoloqanatomlar (toxuma və hüceyrələri mikroskop altında araşdıran həkim) hər xəstəxanada yoxdur. Digər tərəfdən, xəstəyə şüa müalicəsi və ya radiofarm preparatlar tətbiq edilirsə, sual yaranır: bu xəstələr harada yerləşdiriləcək? Bir hissəsinin bir müəssisədə, digər hissəsinin başqa yerdə olması qətiyyən məqsədəuyğun deyil".


Adil Qeybulla hesab edir ki, "onkoloji yardım” anlayışının özü terminoloji baxımdan düzgün deyil:

"Onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və reabilitasiyası ayrı-ayrı mərhələlərdir. "Onkoloji yardım" anlayışı aydın deyil və uğursuz termindir. Onkoloji xəstələrdə təxirəsalınmaz hallar - qanaxma, şiddətli ağrılar və s. baş verə bilər. Belə vəziyyətlərdə xəstə istənilən dövlət tibb müəssisəsində ilkin tibbi yardım ala bilər. Bunun adı onkoloji yardım yox, ilk yardımdır".

Professorun fikrincə, sonrakı müayinə və müalicə mərhələləri üçün ölkədə ixtisaslaşmış Onkoloji Mərkəz mövcuddur:

"İmkanlarına görə, bu mərkəzin Zaqafqaziyada analoqu yoxdur. Onkoloji xəstələrin əsas müayinə və müalicəsi məhz həmin mərkəzdə aparılmalıdır".

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında "Onkoloji yardım haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda əcnəbilərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi hesabına göstəriləcək.

Mövcud qanunvericiliyə görə isə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью