Onlar daha çox maaş alacaqlar Əmək bazarında islahatlar aparılır

26.01.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlərdə Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflər əmək bazarında sosial ədalətin təmin olunması baxımından geniş müzakirə olunur. Bildirilir ki, bu təşəbbüsün əsas məqsədi bəzi sahələrdə çalışan işçilərin gəlirlərini artırmaq, maaş fərqlərini azaltmaq və əməkhaqqı üzrə diskriminasiyanın qarşısını almaqdır.
Məsələ ilə bağlı biznes meneceri və ekspert Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Maslov ehtiyaclar piramidası prizmasından yanaşdıqda işçinin məhsuldar və motivasiyalı fəaliyyət göstərməsi üçün ilk növbədə fizioloji ehtiyacları (qida, yaşayış, geyim) və təhlükəsizlik ehtiyacları (sabit gəlir, sosial təminat) ödənilməlidir. Əməkhaqqı bu iki mərhələnin birbaşa maliyyə təminatıdır:
“Əgər maaş minimum yaşayış xərclərini qarşılamırsa, işçinin nə peşəkar inkişafı, nə də əmək məhsuldarlığı real ola bilər. Engel qanunu da bu baxımdan önəmlidir. Gəliri aşağı olan ailələr büdcələrinin daha böyük hissəsini qida və əsas istehlak mallarına xərcləyirlər. Sektorlar üzrə minimum əməkhaqqının tətbiqi əhalinin ən həssas təbəqələrinin sosial yükünü azalda, daxili istehlakı stimullaşdıra və iqtisadi dövriyyəni genişləndirə bilər”.
Ekspert əlavə edib ki, hüquqi baxımdan bu yanaşma Avropa Sosial Xartiyasının prinsipləri ilə tam uyğundur:
“Azərbaycan 2 sentyabr 2004-cü ildə Dəyişdirilmiş Avropa Sosial Xartiyasını ratifikasiya edərək, işçilərin ədalətli və layiqli əməkhaqqı almasını, diskriminasiyasız əmək şəraitində çalışmasını və insan ləyaqətinə uyğun həyat səviyyəsi ilə təmin olunmasını dövlət öhdəliyi kimi qəbul edib”.
Asif İbrahimov vurğulayıb ki, sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi bir sıra müsbət nəticələr doğura bilər:
"Belə ki, bu addım eyni sektorda çalışan işçilər arasında əsassız maaş fərqlərini azaldacaq, gender və regional fərqləri məhdudlaşdıracaq, aşağı maaşlı sahələrdə istismarın qarşısını alacaq və qeyri-rəsmi məşğulluğun azalmasına xidmət edəcək".
Ekspert bildirib ki, bu mexanizmin dövlət sektorunda tətbiqi əməkhaqqı sisteminin şəffaf və strukturlaşdırılmış olmasına, özəl sektorda isə maaş dampinqinin qarşısının alınmasına və daha ədalətli rəqabət mühitinin formalaşmasına şərait yarada bilər. Eyni zamanda işçi dövriyyəsinin azalması və əmək məhsuldarlığının artması uzunmüddətli iqtisadi faydalar arasında yer alır.
Bununla belə, İbrahimov qeyd edib ki, sektorlar üzrə minimum əməkhaqqı vahid və sərt inzibati qərar kimi deyil, mərhələli, çevik və iqtisadi əsaslandırılmış mexanizm kimi tətbiq edilməlidir:
“Regionların iqtisadi imkanları, sektorların gəlirlilik səviyyəsi və xüsusilə kiçik biznes subyektlərinin maliyyə davamlılığı nəzərə alınmadan atılan addımlar arzuolunmaz nəticələrə səbəb ola bilər”.
"Nəticə etibarilə, sektorlar üzrə minimum əməkhaqqı mühüm sosial-iqtisadi alət kimi qiymətləndirilməlidir. O, həm "Maslow" piramidasının əsas ehtiyaclarını təmin etməyə, həm "Engel" qanununun göstərdiyi sosial-iqtisadi balansı qorumağa, həm də Azərbaycanın 2 sentyabr 2004-cü ildə ratifikasiya etdiyi Avropa Sosial Xartiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edir" - deyə o, qeyd edib.
Ekspertin sözlərinə görə, mexanizmin uğuru onun sosial dialoq, mərhələli tətbiq və effektiv nəzarət mexanizmləri ilə müşayiət olunmasından asılıdır.
Qeyd edək ki, sektorlar üzrə minimum əməkhaqqının uğurlu tətbiqi təkcə işçilərin maddi rifahını artırmaqla kifayətlənmir, eyni zamanda sosial ədalət, əmək bazarında şəffaflıq və iqtisadi dayanıqlılığın möhkəmlənməsinə xidmət edir.
Yəni, artıq hər kəsə eyni "minimum maaş" şamil olunmayacaq. Məsələn, daha ağır və ya daha çox ixtisas tələb edən bir sahədə çalışırsınızsa, sizin üçün qanuni minimum hədd ölkə üzrə ümumi minimumdan daha yüksək təyin oluna bilər. Bu, işəgötürənin sizə bazar dəyərindən çox aşağı maaş verməsinin qanunla qarşısını alır, pensiya və sosial təminatınızın daha yüksək məbləğlərlə hesablanmasına şərait yaradır və ailə büdcənizin inflyasiya qarşısında daha dözümlü olmasına kömək edir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью