Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in əfsanəvi kapitanı Roy Kin “qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Maykl Kerrikin gələcəyi ilə bağlı sərt fikirlər səsləndirib.
“Qafqazinfo” “Sky Sports”a istinadən xəbər verir ki, Kin ardıcıl qələbələrə baxmayaraq, keçmiş komanda yoldaşının uzunmüddətli perspektivdə bu vəzifə üçün doğru adam olduğuna inanmır.
Kin “Mançester Siti” və “Arsenal” üzərindəki qələbələrin aldadıcı ola biləcəyini düşünür:
“Kerrik hələ ki bu vəzifənin tam öhdəsindən gəlməyib. İki əla oyun keçiriblər, amma hər kəs iki oyunda qələbə qazana bilər. Hətta komanda mövsümü dördüncü pillədə başa vursa belə, onun bu yükü daşıya biləcəyinə əmin deyiləm. Qətiyyən yox”.
O vurğulayıb ki, klubun daha nüfuzlu və təcrübəli mütəxəssisə ehtiyacı var:
“Onlara daha güclü bir məşqçi lazımdır. Amma etiraf etmək lazımdır ki, Kerrikə böyük bir şans verilib və o, hazırda bu şansdan maksimum istifadə edir”.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” 38 xalla dördüncü yerdə qərarlaşaraq, turnir cədvəlində mövqeyini yaxşılaşdırmaqda davam edir. Lakin rəhbərliyin Kerriklə yola davam edib-etməyəcəyi hələ də sual altındadır.
Xatırladaq ki, Maykl Kerrikin rəhbərliyi altında “Mançester Yunayted” son iki turda möhtəşəm nəticələr göstərib. Yanvarın 17-də “Mançester Siti”ni 2:0, yanvarın 25-də isə “Arsenal”ı 3:2 hesabı ilə məğlub edən komanda azarkeşlərini sevindirməyi bacarıb.