Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda işçini ay ərzində nəzərdə tutulan istirahət günlərində işə cəlb edərsə, əlavə ödəniş etməlidir".
Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinin 164-cü maddəsinəəsasən, işçinin istirahət, səsvermə, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilməsi halında əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir.
"Vaxtamuzd əməkhaqqı sistemində işləyənlərə gündəlik tarif maaşının ən azı iki misli ödənilir. İşəmuzd əməkhaqqı sistemində çalışanlara ödəniş ikiqat işəmuzd qiymətlərindən aşağı ola bilməz. Aylıq maaş alan işçilərə gəldikdə isə:
Əgər iş aylıq iş vaxtı norması daxilində görülərsə, maaşdan əlavə gündəlik vəzifə maaşı qədər ödəniş edilir.
Əgər iş aylıq normadan artıq görülərsə, maaşdan əlavə gündəlik vəzifə maaşının iki misli ödənilir".
Vurğulayıb ki, işçi öz istəyi ilə əlavə əməkhaqqı əvəzinə başqa istirahət günü ala bilər. Əlavə olaraq, işəgötürən işçini həmin günlərdə normadan artıq işlədirsə, bu iş iş vaxtından artıq iş hesab olunur və Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq hər saat üçün ikiqat məbləğdən az olmayaraqödənilməlidir.
Mina Mikayılova
Milli.Az