Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli baş verənlər haqqında maraqlı fikirlər səsləndirib:
“Təbii ki, xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslərin həbsi hələ də bəzi qüvvələrin ölkəmizdə terror, təxribat törətmək, sabitliyi pozmaqda maraqlı olduğunu göstərir. Sevindiricidir ki, bu cür halların qarşısı DTX tərəfindən uğurla alınmaqdadır.
Son terror hücumunun qarşısının da DTX tərəfindən müvəffəqiyyətlə alınması bu qurumun ayıq-sayıqlığının, peşəkarlığının yüksək səviyyədə olduğunu göstərir.
Ümumiyyətlə, hər ölkənin xüsusi xidmət orqanlarının əsas vəzifəsi milli təhlükəsizliyə təhdid yaradan halların qarşısının vaxtında almaq, prosesləri qabaqlamaqdır. Hansı ki, DTX bu işin öhdəsindən uğurla gəlməkdədir.
Xüsusi xidmət orqanlarımızın peşəkarlığı onu deməyə əsas verir ki, bundan sonra da respubikamızda terror törətməyə çalışan şəxslərin məkirli niyyətlərinin qarşısı qətiyyətlə alınacaq, xam xəyallara düşən şəxslər öz çirkin əməllərinə görə məsuliyyətə cəlb olunacaqlar”.
Seymur ƏLİYEV