Onların yoxluğu düşdü araya... Günün şeiri

01.05.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az "Günün şeiri" layihəsində bu il 85 illik yubileyi qeyd olunan İsa İsmayılzadənin "Güllələr demədi" şeirini təqdim edir.


Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.


Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

1971

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir “İliada” dastanına aid nadir papirus parçası tapıldı "Varlı olmaq istəyirsinizsə..." - Amerikalı yazıçının məşhur bestsellerindən sitatlar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью