Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
“Sədərək” Ticarət Mərkəzi illərdir Bakının və ətraf bölgələrin deyil, bütövlükdə ölkənin topdan və pərakəndə ticarətində əsas ünvanlardan biri hesab olunur. Lakin son illərdə alış-veriş vərdişlərinin dəyişməsi, onlayn satış platformalarının geniş yayılması və alıcı davranışlarının fərqli istiqamət alması ənənəvi ticarət mərkəzlərini yeni reallıqla üz-üzə qoyub.
Bir vaxtlar alıcıların sıx üz tutduğu ticarət sıralarında əvvəlki aktivliyin azalması, mağazaların fəaliyyəti və satışların vəziyyəti ilə bağlı müzakirələr “Sədərək”in gələcəyi barədə suallar yaradıb.
“Sədərək” Ticarət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Modern.az-a bildirib ki, sosial şəbəkələrdə iri ticarət mərkəzləri, o cümlədən “Sədərək” haqqında həqiqəti əks etdirməyən məlumatlar yayılır.
Onun sözlərinə görə, ticarət mərkəzində alverin zəifləməsi və mağazaların bağlanması ilə bağlı yayılan fikirlər əsassızdır:
“Dezinformasiyalarda qeyd olunur ki, guya alver zəifləyib, mağazalar bağlanır. Əgər həqiqətən səbəb axtarsaq, görərik ki, əhalinin alıcılıq qabiliyyətində müəyyən çətinliklər var. Ümumiyyətlə, müxtəlif mağazalarda və regionlarda problem varsa, əsas məsələ məhz bundadır. Sosial şəbəkələrdə isə "mağazalar bağlanır" kimi əsassız fikirlər yayılır. Bu fikirlərin hər biri yalandır”.
K.Qədim ticarət dövriyyəsindəki zəifləmənin səbəblərindən biri kimi quru sərhədlərin bağlı qalmasını göstərib.
“Təbii ki, əvvəlki dövrlərlə müqayisədə ticarətdə müəyyən zəifləmə hiss olunur. Amma bu, təkcə bizim ticarət mərkəzinə aid deyil, hər yerdə müşahidə olunur. Bunun da bir çox səbəbləri var. Məsələn, quru yolların bağlı olması, şəhərin müxtəlif yerlərində yeni mağazaların açılması və onlayn satışın aktuallaşması ticarətin gedişinə mənfi təsir göstərən amillərdir”, – deyə o bildirib.
İqtisadçı Natiq Cəfərli də onlayn alış-verişin ənənəvi ticarətə təsirindən danışıb. O bildirib ki, dünyada uzun illərdir müzakirə olunan bu tendensiya Azərbaycanda son bir neçə ildə daha qabarıq hiss olunmağa başlayıb. Onun sözlərinə görə, bir sıra ölkələrdə ənənəvi ticarət mərkəzləri əvvəlki funksiyasını itirərək tədricən əyləncə və istirahət məkanlarına çevrilir.
N.Cəfərli qeyd edib ki, onlayn ticarətin geniş yayılmasının əsas səbəblərindən biri qiymət və xərc fərqidir. Belə ki, ənənəvi mağazalarda icarə, kommunal xidmətlər, işçilərin əməkhaqqı və sosial ödənişlər sahibkarların xərclərini artırır. Onlayn satışda isə bu xərclərin əhəmiyyətli hissəsindən yayınmaq mümkündür. Bu da məhsulların daha münasib qiymətə təklif edilməsinə şərait yaradır.
İqtisadçı hesab edir ki, onlayn ticarətin inkişafına mane olmaq əvəzinə, bu sahənin genişlənməsinə şərait yaradılmalıdır. Çünki rəqəmsal satış yeni biznes imkanlarının və iş yerlərinin yaranmasına təkan verə bilər.
Ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumları tərəfindən “Sədərək”də keçirilən yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalları yenidən gündəmə gətirib.
Bununla belə, ticarət mərkəzinin bağlanması və ya başqa qurumun nəzdinə keçməsi ilə bağlı rəsmi qərarın olduğu təsdiqlənməyib. Beləliklə, “Sədərək”in gələcəyi, fəaliyyətində mümkün dəyişikliklər və mövcud ticarət vəziyyəti ilə bağlı suallar açıq qalır.