Onu öldürməklə ailəmizin şərəfini təmizlədim Cinsi azlıq olan qardaşı oğlunu qətlə yetirən əmi

04.02.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

O, bildirib ki, qardaşı oğlunu bıçaqla vuranda ətrafda kimsə yox idi:

"Mən onu öldürməklə ailəmizin şərəfini təmizlədim. Saçını uzatmışdı. Mən qışqırdım ki, polisi çağırın. Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə gətirdilər və hər şeyi etiraf etdim. Mən ona vuranda qadın səsləri çıxartdı və bu məni daha da hiddətləndirdi" . 

Şahid qismində ifadə verən mərhumun qardaşı Turab İbadov bildirib ki, Yasin İbadovun hərəkətlərində fərqliliyi hiss etməyib. 

Şahid qismində ifadə verən polis əməkdaşının sözlərinə görə, həmin gün səs-küy eşidiblər:

""Torqovı" deyilən ərazidə xidmət aparırdıq. Hadisəni törədən şəxs bizə yaxınlaşdı və əməlini etiraf etdi. Mərhum yerdə uzanıqlı və belinə bıçaq sancılmış vəziyyətdə idi". 

Təqsirləndirilən şəxsin qardaşı mərhumun isə atası olan Seymur İbadov bildirib ki, hadisə baş verən zaman o həbsdə idi:

Dekabrın 31-də azadlığa çıxmışam. 6 il yarım məhkumluq həyatı yaşamışam. Oğlumu sonuncu dəfə təxminən ötən ilin mayında görmüşəm. Mən də onun cinsi azlıq olmasını türmədən çıxandan sonra eşitdim. Təqsirləndirilən şəxslə aram yaxşıdır. Öz aramızda barışıq elan etmişik". 

Daha sonra məhkəmə şahid ifadələrinin bitdiyini və sənədlərin tədqiq edilməsinə başlanıldığını elan edib. 

Daha sonra hadisənin videosu nümayiş etdirilib. 

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib. 

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub. Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.

B.İbadova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью