“Onunla söhbət” sənət dialoqudur

15.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin yeni kitabı “Onunla söhbət” adlanır. Müəllif qocaman səhnə ustası – Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Məmmədəli Balayevin çoxillik səhnə fəaliyyətini, işıqlı sənət yolunu sistemli şəkildə tədqiq edib.

Azərbaycan teatrının tarixi yalnız paytaxtın aparıcı səhnələrini, məşhur aktyor və rejissorlarını əhatə etmir. Milli teatr mədəniyyətinin zənginliyi həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən teatrlarla bağlıdır. Bu baxımdan Gəncə teatr məktəbinin özünəməxsus yeri var. Məmmədəli Balayevin yaradıcılıq yolu da bu zəngin teatr mühitinin ayrılmaz hissəsidir.

Kitabın müəllifi əvvəlcə qəhrəmanının ömür yoluna nəzər salaraq bildirir ki, Məmmədəli Bəşir oğlu Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1950-ci ildə ailəsi ilə birlikdə Daşkəsən rayonuna köçürülüb.

Məmmədəli Balayevin yaradıcılıq bioqrafiyasında Gəncə Dövlət Milli Dram Teatrında çalışdığı dövr monoqrafiyada xüsusi vurğulanır. 1961-ci ildən burada fəaliyyət göstərən aktyor uzun illər ərzində Azərbaycan və dünya dramaturgiyasının müxtəlif nümunələrində çoxsaylı obrazlar yaradıb.

Monoqrafiyada Məmmədəli Balayevin obrazların daxili mahiyyətinə xüsusi diqqət yetirməsi maraqlı nüanslarla təhlil edilir. Müəllif bu önəmli məqamı vurğulayır ki, “aktyor sənətində rolun böyüklüyü həmişə onun tamaşadakı mətn həcmi ilə müəyyən olunmur”. Mənbədə qeyd olunur ki, Balayevin yaradıcılığında “kiçik rol vasitəsilə böyük fikirlər ifadə etmək” imkanı əsas komponentlərdəndir. “Onunla söhbət” monoqrafiyasının əsas elmi-estetik məziyyətlərindən biri də belə sənət örnəyinin diqqətə çatdırılmasıdır.

Anar Ərtoğrul Burcəliyev yazır ki, Məmmədəli Balayev Azərbaycan dramaturgiyasının klassik nümunələrində yaratdığı obrazlarla xüsusi olaraq seçilib. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Süleyman Sani Axundov və digər klassiklərin əsərlərinin səhnə həllində onun böyük rolu olub. “Lənkəran xanının vəziri”ndə Heydər ağa, “Ağa Kərim xan Ərdəbili”də Minbaşı, “Bəxtsiz cavan”da Hacı Səməd ağa, “Oqtay Eloğlu”da Hacı Zaman, “Tamahkar”da Hacı Murad, “Eşq və intiqam”da Piri baba kimi rollar aktyorun klassik mətnlər üzərindəki yorulmaz yaradıcılıq axtarışlarının nümunələridir.

Kitabda qeyd olunur ki, Xalq artisti Məmmədəli Balayevin yaradıcılığında dahi Nizami Gəncəvinin xüsusi yeri var. 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında da fəaliyyət göstərən sənətkar mütəfəkkir şairin “Xəmsə” motivləri əsasında hazırlanan tamaşalarda Nizami obrazını uğurla canlandırıb.

Balayevin həm teatr, həm də ekran yaradıcılığı onun sənət imkanlarının çoxşaxəli olduğunu göstərir. Monoqrafiyada aktyorun kino fəaliyyəti də geniş şəkildə təhlil edilir.

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev öz yaradıcılığı ilə teatr sənətinin canlı yaddaşının qorunmasına xüsusi münasibət bəsləyir. O, çoxsaylı yazılarında Gəncə Dövlət Milli Dram Teatrının təmsilçilərinin yaradıcılıq yollarına müraciət edib, onların irsini mətbuat və teatrşünaslıq müstəvisinə gətirib. Məmmədəli Balayevdən bəhs edən mətbu yazılar da aktyorun sənət yoluna, yaratdığı obrazlara, rejissorlarla əməkdaşlığı və gənc aktyorların yetişdirilməsindəki roluna hərtərəfli işıq tutub.

Monoqrafiyanın “Onunla söhbət” adlandırılması da rəmzi səciyyə daşıyır. Söhbət yalnız müsahibə və ya xatirə anlamında deyil, bir sənətkarın keçdiyi yaradıcılıq yolu yaşadığı teatr mühiti ilə dialoq kimi qələmə alınıb.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью