Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Üzgüçülük uşaqların əzələ və sümük sisteminin bərabər inkişafına kömək edir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, uşaqların sağlam böyüməsi və dayaq-hərəkət sisteminin inkişafı üçün müntəzəm fiziki aktivlik vacibdir. Onun sözlərinə görə, müxtəlif idman növləri sümük, əzələ və bağ aparatının inkişafına fərqli şəkildə təsir göstərir.
İ.Şıxbabayev xüsusilə üzgüçülüyü uşaqlar üçün faydalı idman növlərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, üzgüçülük zamanı oynaqlara ciddi yük düşmür və bədənin müxtəlif əzələ qrupları paralel şəkildə hərəkətə cəlb olunur.
“Üzgüçülük zamanı uşaqlar oynaqlara əlavə yüklənməyə məruz qalmadan həm onurğa ətrafındakı, həm yuxarı, həm də aşağı ətraf əzələlərini hərəkət etdirirlər. Bu da onların ümumi və bərabər inkişafına zəmin yaradır”, - deyə travmatoloq vurğulayıb.
Həkim qeyd edib ki, tullanma elementləri olan idman növləri, o cümlədən voleybol və basketbol da sümük sıxlığının artmasına və fiziki inkişafına müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, yüngül gimnastika və yoqa kimi məşqlər isə uşaqlarda əzələ və bağ aparatının möhkəmlənməsinə kömək edir.
Zeynəb Rzayeva