Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yanvarın 27-də internet sürətinin və şəbəkə keyfiyyətinin ölçülməsi üzrə lider şirkət olan “Ookla” qonaqpərvərlik sektoru üçün “Speedtest Certified™” adlı yeni məhsulunun ilk təqdimatını Bakıda keçirib.
Doğru.az xəbər verir ki, “Ookla”nın yeni məhsulunun əsas məqsədi sektorda fəaliyyət göstərən bizneslərin internet infrastrukturunu qiymətləndirmək, sertifikasiyadan keçirmək, internet keyfiyyətini yüksəltmək və qonaqlara dünya səviyyəli rəqəmsal təcrübələr təqdim etməkdir.
Tədbir Bakıda İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA), Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyasının (AHA) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə turizm, telekommunikasiya və infrastruktur sahələrindən 100-dən artıq məsul şəxs iştirak edib və qapalı məkanlarda internet bağlantısı təcrübəsindən gözləntilər müzakirə olunub.
“Yüksək keyfiyyətli, etibarlı və davamlı bağlantı artıq lüks deyil — bu, hər bir qonağın gözləntisinə çevrilib və rəqabətədavamlı, yüksək səviyyəli qonaq təcrübəsinin əsas elementidir”, — deyə “Ookla”nın prezidenti və baş icraçı direktoru Stiven Bay bildirib.
O qeyd edib ki, bu pilot proqram vasitəsilə Azərbaycanda qonaqpərvərlik sektorunda internet bağlantısının keyfiyyətinin müəyyənləşdirilməsi, yoxlanılması və təqdim olunması sahəsində yeni qlobal meyar formalaşdırılır və bu istiqamətdə İKTA, ATB və AHA ilə tərəfdaşlıq böyük əhəmiyyət daşıyır.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Səməddin Əsədov bildirib ki, bu cür platformalar təkcə məlumat və analitik baxışların paylaşılması üçün deyil, həm də Azərbaycanın rəqəmsal gələcəyi üzrə ümumi baxışın formalaşdırılması üçün mühüm rol oynayır.
ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid isə vurğulayıb ki, rəqəmsal əlaqəlilik turizmdə rəqabətqabiliyyətlilik və dayanıqlı inkişafı təmin edən strateji amillərdən biridir və bu sahədə dövlət-özəl tərəfdaşlığının möhkəmlənməsi vacibdir.
Tədbir çərçivəsində sertifikatlaşdırma prosesinin canlı nümayişi də keçirilib. Proses RF (radio tezlik) keyfiyyətinin yerində qiymətləndirilməsini, real performans testlərini və infrastrukturun dayanıqlığının yoxlanılmasını əhatə edib.
Qeyd olunub ki, “Speedtest Certified™” təşəbbüsü Azərbaycanın “Speedtest Global Index™” reytinqində mövqeyini daha da möhkəmləndirir və ölkənin rəqəmsal baxımdan inkişaf etmiş turizm məkanı kimi nüfuzunu gücləndirir.
DOĞRU.AZ