Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 yanvar, AZƏRTAC
Bağlantının keyfiyyəti, sabitliyi və etibarlılığı təkcə bugünkü rəqəmsal xidmətlər üçün deyil, gələcəkdə süni intellektin və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından həlledici əhəmiyyət daşıyacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı səsləndirib.
Stiven Bay bildirib ki, “Ookla” dünyanın müxtəlif ölkələrində hotellər, tədbir məkanları, kurortlar və ümumilikdə 4G, 5G və “Wi-Fi” şəbəkələri üzrə bağlantı performansını izləyir və təhlil edir.
“Qonaqların hotellərə və müxtəlif məkanlara daxil olub-çıxarkən yaşadığı real bağlantı təcrübəsi məhz daxili şəbəkə performansından asılıdır və bu, istifadəçilərin ümumi məmnuniyyətinə birbaşa təsir göstərir. Bağlantının sürəti ilə yanaşı, onun ardıcıllığı, etibarlılığı və davamlılığı da əsas göstəricilərdir. Rəqəmsal iqtisadiyyatın qurulması, elektron ticarət, qonaq təcrübəsinin tam şəkildə idarə olunması və süni intellekt texnologiyalarının tətbiqi birbaşa yüksəkkeyfiyyətli mobil və simsiz şəbəkələrdən asılıdır”, - deyə “Ookla” şirkətinin baş icraçı direktoru əlavə edib.
“Ookla”nın baş icraçı direktoru bildirib ki, fiber-optik internetə çıxışın mövcud olmasına baxmayaraq, istifadəçi təcrübəsinə ən çox təsir edən amil son 5–10 metr məsafədə bağlantının keyfiyyətidir: “Buna görə də hotellərdə, tədbir məkanlarında və kurortlarda şəbəkə performansının optimallaşdırılması xüsusi əhəmiyyət daşıyır”.