Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin daxil olduğu OPEC+ qrupu sentyabr ayından etibarən neft hasilatını artırmaq barədə razılığa gəlib.
OPEC-in yaydığı bəyanata görə, qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələrinin qlobal neft bazarındakı vəziyyəti və proqnozları müzakirə etdikləri onlayn iclasdan sonra qəbul edilib.
Bildirilib ki, bazarda sabitliyin qorunması və 2023-cü ilin aprelində elan edilmiş könüllü hasilat məhdudiyyətlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində sentyabr ayından ümumi neft hasilatı gündəlik 188 min barrel artırılacaq.
Qərara əsasən, ən böyük hasilat artımı Səudiyyə Ərəbistanı və Rusiyanın payına düşəcək. Hər iki ölkə gündəlik neft hasilatını 62 min barrel artıracaq.
Digər ölkələr üzrə artım isə belə olacaq:
İraq – gündəlik 26 min barrel; Küveyt – 16 min barrel; Qazaxıstan – 10 min barrel; Əlcəzair – 6 min barrel; Oman – 5 min barrel.OPEC+ bildirib ki, hasilat siyasəti bazardakı vəziyyətdən asılı olaraq yenidən nəzərdən keçirilə bilər. Qrupun növbəti iclasının sentyabrın 6-da keçirilməsi planlaşdırılır.
Analitiklərin fikrincə, OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı qlobal bazarda təklifin genişlənməsinə səbəb ola bilər. Bunun neft qiymətlərinə təsiri isə dünya iqtisadiyyatındakı vəziyyət, tələbatın səviyyəsi və geosiyasi proseslərdən asılı olacaq.