Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qaslmova,Banco.az
Süni intellekt şirkəti "OpenAI" ABŞ hökumətinə şirkətin 5%-lik payını təklif edib.
Banco.az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.
Məlumata görə, OpenAI-ın baş icraçı direktoru Sem Altman bu təklifi ABŞ administrasiyası ilə keçirdiyi görüşlər zamanı gündəmə gətirib. Bildirilir ki, şirkət süni intellekt texnologiyalarının təhlükəsizliyi, tənzimlənməsi və hüquqi çərçivəsinin formalaşdırılması ilə bağlı Vaşinqtonun artan siyasi diqqəti fonunda hökumətlə əməkdaşlığı gücləndirməyə çalışır.
Hesabatda qeyd olunur ki, Altmanın fikrincə, süni intellektin yaratdığı iqtisadi faydaların cəmiyyətlə bölüşdürülməsinin ən səmərəli yollarından biri dövlətin şirkətdə pay sahibi olmasıdır.
Hazırda bazar dəyəri təxminən 852 milyard dollar qiymətləndirilən OpenAI-də 5%-lik payın təxminən 42,6 milyard dollar dəyərində olduğu bildirilir.
Məlumata əsasən, Altman bununla yanaşı, strateji texnologiyaların inkişafını maliyyələşdirmək məqsədilə ABŞ-da milli suveren sərvət fondunun yaradılmasını da təklif edib. Hesabatda qeyd edilir ki, ABŞ-da fəaliyyət göstərən digər böyük süni intellekt şirkətlərinin də səhmlərinin müəyyən hissəsini hökumətə ayırması ideyası müzakirə olunur.
Bununla belə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının OpenAI-ın səhm təklifini qəbul edib-etməyəcəyi hələlik məlum deyil.