Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Süni intellekt texnologiyaları sahəsində rəqabət aparan “OpenAI” və “Apple” şirkətləri arasında hüquqi mübahisə yeni mərhələyə keçib.
“Qafqazinfo” xəbər verir ki, “OpenAI” Şimali Kaliforniya Federal Məhkəməsinə müraciət edərək “Apple”ı qanunsuz və ədalətsiz kommersiya fəaliyyətində ittiham edib.
İki şirkət arasında məhkəmə çəkişməsi iyul ayında “Apple”ın “OpenAI” və iki keçmiş əməkdaşını süni intellekt əsaslı cihaz hazırlamaq məqsədilə kommersiya sirlərini oğurlamaqda ittiham etməsi ilə başlayıb. İddiaları rədd edən “OpenAI” isə keçmiş əməkdaşlarından birinin şirkətə məxsus kommersiya sirlərini “Apple”a ötürdüyünü bildirib.
Yeni iddia ərizəsində “Apple”ın əməkdaşlarına qarşı məqsədli şəkildə tələ qurduğu, onların işdən ayrıldıqdan sonra kommersiya sirlərini oğurlamaqda ittiham edilməsinə zəmin yaratdığı irəli sürülüb. Bundan başqa, “OpenAI” rəqibini təchizatçılara təzyiq göstərməkdə və onlarla əməkdaşlığa mane olmaqda ittiham edib.
“Apple” isə bütün ittihamları rədd edərək qarşı iddianın ilkin məhkəmə prosesinin mahiyyətini ört-basdır etmək cəhdi olduğunu bildirib. Hər iki şirkət iddialarına andlı iclasçılar heyətinin iştirakı ilə baxılmasını tələb edib.