525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənc vokalçı Ləman Babazadə beynəlxalq səhnədə qazandığı uğurlarla Azərbaycan musiqi sənətinin gənc və perspektivli nümayəndələrindən biri kimi diqqət çəkir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi olan Ləman Babazadə III Beynəlxalq “The Opera’s Golden Voice” vokal müsabiqəsində finala vəsiqə qazanaraq Aleksandre Xomeriki adına nominasiya üzrə mükafata layiq görülüb. Gənc soprano ilə müsabiqədəki uğuru, beynəlxalq səhnə təcrübəsi, repertuar seçimi, müəllimi, Xalq artisti, professor Gülnaz İsmayılovanın rolu, gələcək yaradıcılıq arzuları və Azərbaycanı beynəlxalq səhnələrdə təmsil etməyin məsuliyyəti barədə söhbətləşdik.
- İlk növbədə, III Beynəlxalq “The Opera’s Golden Voice” vokal müsabiqəsində uğurlu çıxışınız münasibətilə Sizi təbrik edirik. Finala vəsiqə qazandığınızı və Aleksandre Xomeriki adına nominasiya üzrə mükafata layiq görüldüyünüzü öyrəndikdə hansı hissləri keçirdiniz?
- İlk növbədə, xoş sözləriniz və təbrikiniz üçün çox təşəkkür edirəm. Finala vəsiqə qazandığımı və Aleksandre Xomeriki adına nominasiya üzrə mükafata layiq görüldüyümü eşitdiyim an böyük sevinc, həyəcan və qürur hissi keçirdim. Bu nəticə mənim üçün çox dəyərlidir, çünki göstərdiyim əməyin və musiqiyə olan sevgimin gözəl nəticəsidir.
Bu müsabiqədə Azərbaycanı, vətənimi təmsil etmək isə mənim üçün ayrıca qürur və məsuliyyət deməkdir. Səhnəyə çıxarkən yalnız özümü deyil, həm də ölkəmi və Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil etdiyimi düşünürəm. Finala yüksəlmək və bu uğuru Azərbaycan adına qazanmaq mənim üçün çox xüsusi və unudulmaz bir hissdir. Bu nəticə məni daha çox həvəslə çalışmağa, öz üzərimdə inkişaf etməyə və gələcəkdə Vətənimi beynəlxalq səhnələrdə daha böyük uğurlarla təmsil etməyə ruhlandırır.
- Peşəkar baxımdan “The Opera’s Golden Voice” müsabiqəsini necə qiymətləndirirsiniz? Batumidə keçirilən “Batumian Rhapsody” beynəlxalq festivalının və müsabiqənin atmosferində Sizin üçün ən yaddaqalan məqamlar hansılar oldu?
- “The Opera’s Golden Voice” müsabiqəsini gənc vokalçılar üçün çox əhəmiyyətli və dəyərli bir platforma hesab edirəm. Mənim üçün həmin müsabiqə yalnız nəticə əldə etmək üçün deyil, özünü beynəlxalq səhnədə sınamaq, müxtəlif vokal məktəbləri ilə tanış olmaq, fərqli ifaçıları dinləmək və peşəkar təcrübə qazanmaq baxımından böyük bir fürsət oldu. Həmçinin münsiflərin və peşəkar mühitin yaratdığı atmosfer ifaçıya öz üzərində düşünmək və inkişaf etmək üçün əlavə stimul verir. “Batumian Rhapsody” festivalında isə məni ən çox təsirləndirən müxtəlif ölkələrdən olan gənc musiqiçilərin eyni səhnədə və eyni məqsəd ətrafında bir araya gəlməsi idi. Səhnəyə çıxıb özümü və Azərbaycanı təmsil etmək, fərqli ifaları dinləmək və yeni insanlarla tanış olmaq mənim üçün çox xüsusi təcrübə oldu. Düşünürəm ki, bu müsabiqədən qazandığım ən böyük dəyər yalnız əldə etdiyim nəticə deyil, səhnədə özümü daha yaxşı tanımağım, yeni təcrübələr qazanmağım və gələcək yaradıcılıq yoluma böyük inamla davam etmək üçün motivasiya əldə etməyimdir.
- Müsabiqədə müxtəlif ölkələri və müxtəlif vokal məktəblərini təmsil edən gənc ifaçılar iştirak edirdilər. Belə beynəlxalq yaradıcı mühitdə olmaq Sizin üçün nə dərəcədə maraqlı və əhəmiyyətli idi?
- Belə beynəlxalq yaradıcı mühitdə olmaq mənim üçün həm maraqlı, həm də çox dəyərli təcrübə idi. Müxtəlif ölkələri və vokal məktəblərini təmsil edən gənc ifaçıları dinləmək, onların fərqli ifa üslublarını və səhnə yanaşmalarını müşahidə etmək mənə yeni baxışlar qazandırdı. Eyni zamanda, həmkarlarla ünsiyyət qurmaq, fikir və təcrübə mübadiləsi aparmaq çox xoş idi. Belə bir mühit insanı öz üzərində daha çox işləməyə və musiqiyə daha geniş prizmadan yanaşmağa sövq edir.
- Müsabiqədə hansı əsərlərlə çıxış etdiniz? Repertuar seçiminizi müəyyənləşdirərkən hansı meyarları əsas götürdünüz və məhz bu əsərlərə üstünlük verməyinizin səbəbi nə idi?
- Müsabiqədə G.Puccininin “Gianni Schicchi” operasından Laurettanın ariyası, F.Cileanın “Adriana Lecouvreur” operasından Adriananın ariyası, G.Puccininin “Turandot” operasından Liunun ariyası və P.Mascagninin “L’amico Fritz” operasından Suzelin ariyası ilə çıxış etdim.
Repertuar seçimində əsas məqsədim səsimin müxtəlif emosional və musiqi tərəflərini nümayiş etdirmək idi. Laurettanın ariyasında gənclik və incə romantik hisslər, Adriananın ariyasında dramatik və dərin emosional ifadə, Liunun ariyasında sədaqət, fədakarlıq və kövrəklik, Suzelin ariyasında isə səmimiyyət və saf sevgi ön plana çıxır. Bu əsərlərin hər biri mənə fərqli obrazları hiss etmək və onların daxili dünyasını səhnədə ifadə etmək imkanı verdi. Bu repertuarın seçimində və hazırlanmasında mənə yol göstərən müəllimim, Azərbaycan Respublikasının Xalq artisti, professor Gülnaz İsmayılovaya xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onun mənə olan inamı, diqqəti və hər bir əsərə fərdi yanaşması mənim üçün çox dəyərlidir. Bu nəticədə onun əməyinin və mənə verdiyi dəstəyin böyük payı var və buna görə ona ürəkdən minnətdaram.
- Müsabiqə səhnəsi ifaçıdan həm vokal hazırlıq, həm də böyük psixoloji hazırlıq tələb edir. Çıxışınızdan əvvəl həyəcanı aradan qaldırmaq və bütün diqqətinizi musiqiyə yönəltmək üçün hansı üsullardan istifadə edirsiniz?
- Əlbəttə, həyəcan keçirdim. Müxtəlif ölkələri təmsil edən peşəkar münsiflər heyəti qarşısında çıxış etmək ifaçıdan yüksək səviyyədə vokal hazırlıqla yanaşı, psixoloji dayanıqlılıq, diqqət və səhnə konsentrasiyası tələb edir. Mən isə bu həyəcanı özüm üçün müsbət enerjiyə çevirməyə çalışıram. Səhnəyə çıxmazdan əvvəl nəfəsimi və diqqətimi toparlayır, musiqiyə və obrazın emosional dünyasına köklənirəm. Ən əsası isə hazırlığıma və müəllimimin verdiyi istiqamətlərə güvənərək səhnəyə çıxıram. Bu yanaşma mənə həyəcanı idarə etməyə və ifa zamanı bütün diqqətimi musiqiyə yönəltməyə imkan verir.
- Müsabiqəyə hazırlıq prosesində müəlliminiz Azərbaycan Respublikasının Xalq artisti, professor Gülnaz xanım İsmayılovanın hansı tövsiyələri Sizin üçün xüsusilə əhəmiyyətli oldu?
- Professor, həmdə mənim çox əziz və dəyərli pedaqoqum Gülnaz İsmayılova mənim vokal inkişafımda böyük rola malikdir. Onunla çalışmaq mənə yalnız səs üzərində deyil, həm də musiqi zövqü, səhnə mədəniyyəti və peşəkar intizam üzərində işləməyi öyrədir. Müsabiqəyə hazırlıq zamanı xüsusilə nəfəsə, səsin düzgün istiqamətləndirilməsinə, əsərin üslubuna və emosional ifadəliliyinə diqqət yetirməyimlə bağlı tövsiyələri mənim üçün çox dəyərli oldu.
- Siz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin “Solo oxuma (akademik vokal)” ixtisası üzrə IV kursunda təhsil alırsınız. Bakı Musiqi Akademiyasında təhsil almaq və peşəkar müəllimlərlə çalışmaq Sizin üçün nə deməkdir?
- Bakı Musiqi Akademiyasında təhsil almaq mənim üçün böyük məktəb və məsuliyyətdir. Burada peşəkar müəllimlərdən öyrənmək, akademik vokal ənənələrimizi mənimsəmək və özümü sənətçi kimi formalaşdırmaq imkanım var. Bu illər ərzində qazandığım bilik və təcrübənin gələcək yaradıcılıq yolum üçün möhkəm təməl olduğuna inanıram.
- Müsabiqə zamanı beynəlxalq münsiflər heyətinin üzvlərindən və digər tanınmış vokal sənətçilərindən peşəkar məsləhət və tövsiyələr almaq imkanınız oldumu?
- Bəli, bu müsabiqənin mənim üçün ən dəyərli tərəflərindən biri də məhz peşəkar sənətçilərlə ünsiyyət və onların tövsiyələrini dinləmək imkanım oldu. Xüsusilə məşhur gürcü soprano ifaçısı, həm də Festivalın bədii rəhbəri Tamar İverinin verdiyi vokal və səhnə ilə bağlı tövsiyələr mənim üçün çox əhəmiyyətlidir. Belə sənətçilərin fikirləri öz üzərində daha düzgün işləməyə və çatışmazlıqlarımı görməyə kömək edir.
- Sizcə, yaxşı akademik vokalçını əsl səhnə sənətçisindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Peşəkar opera müğənnisi olmaq üçün yalnız gözəl səs kifayətdirmi?
- Gözəl səs mühüm başlanğıcdır, lakin opera sənəti üçün təkbaşına kifayət etmir. Texniki hazırlıq, musiqi savadı, aktyorluq, səhnə mədəniyyəti, emosional ifadəlilik və daim inkişaf etmək istəyi də vacibdir. Əsl səhnə sənətçisi səsi ilə yanaşı, yaratdığı obrazın hisslərini də tamaşaçıya çatdıra bilməlidir.
- Özünüzü opera səhnəsində necə hiss edirsiniz? Gələcəkdə xüsusilə ifa etməyi arzuladığınız opera partiyası və ya obraz varmı?
- İfa etmək istədiyim partiyalar çoxdur və hər birinin mənim üçün xüsusi yeri var. Onların arasında xüsusilə G.Puccininin “Tosca” operasından Tosca və “Turandot” operasından Turandot, həmçinin G.Verdinin “Aida” operasından Aida obrazlarını qeyd edə bilərəm. Bu obrazların hər biri məndən həm güclü vokal imkanlar, həm də böyük səhnə ifadəliliyi tələb edir. Gələcəkdə səsim və sənətim yetkinləşdikcə bu möhtəşəm obrazları səhnədə canlandırmaq mənim üçün böyük arzu olardı.
- Yaradıcılığınız üçün nümunə hesab etdiyiniz vokal ifaçıları varmı? Onların sənətində Sizi xüsusilə cəlb edən və öz yaradıcılığınızda görmək istədiyiniz cəhətlər hansılardır?
- Yaradıcılığım üçün nümunə hesab etdiyim çoxsaylı böyük sənətçilər var. Xüsusilə Renata Tebaldi, Montserrat Caballé, Maria Callas, Mirella Freni və digər böyük soprano ifaçıların sənətini böyük maraqla dinləyirəm. Onların hər birinin özünəməxsus səs tembri, yüksək vokal mədəniyyəti, texniki ustalığı və obrazı dərin emosional şəkildə təqdim etmək bacarığı məni ilhamlandırır. Mən də gələcəkdə bu sənətkarlardan öyrənərək öz səsimin təbii imkanlarını qorumaq və fərdi ifa üslubumu formalaşdırmaq istəyirəm.
- Beynəlxalq səhnədə gənc azərbaycanlı vokalçı kimi çıxış etmək Sizin üçün nə deməkdir? Ölkəmizi təmsil etmək Sizdə hansı məsuliyyət yaradır?
- Beynəlxalq səhnədə Azərbaycanı təmsil etmək mənim üçün böyük qürur və məsuliyyətdir. Hər çıxışımda yalnız özümü deyil, ölkəmi və Azərbaycan vokal məktəbini də təmsil etdiyimi hiss edirəm. Bu düşüncə məni daha ciddi çalışmağa, öz üzərimdə daim işləməyə və ölkəmin adını layiqincə təmsil etməyə motivasiya edir.
- Sizcə, bu gün azərbaycanlı gənc vokalçıların beynəlxalq səhnədə uğur qazanması üçün hansı imkanlara və peşəkar hazırlığa ehtiyacı var?
- Gənc vokalçıların beynəlxalq səhnədə uğur qazanması üçün peşəkar hazırlıqla yanaşı, beynəlxalq müsabiqələrdə və ustad dərslərində iştirak, xarici müəllimlərlə çalışma və maliyyə dəstəyi çox vacibdir. Mən də bu istiqamətdə dəstək görmüşəm: müsabiqə səfərimlə bağlı maliyyə dəstəyimin müəyyən bir qismi Fidan Hacıyeva adına Vokal Musiqi məktəbi, digər böyük qismi isə festivalın yaradıcısı və təsisçisi, tanınmış gürcü soprano ifaçısı Tamar İveri tərəfindən qarşılanıb. Düşünürəm ki, istedadlı gənclərə göstərilən belə dəstək onların beynəlxalq səhnəyə çıxışını və peşəkar inkişafını əhəmiyyətli dərəcədə asanlaşdırır.
- Özünüzü bir neçə ildən sonra necə görürsünüz? Gələcəkdə hansı Ləman Babazadə olmaq arzusundasınız?
- Özümü beynəlxalq opera səhnələrində çıxış edən, daim öyrənən və inkişaf edən bir sənətçi kimi görmək istəyirəm. Mənim üçün əsas məqsəd yalnız tanınmaq deyil, öz səsi, musiqi zövqü və sənətə münasibəti ilə seçilən bir opera müğənnisi olmaqdır. Gələcəkdə həm ölkəmi təmsil edən, həm də sənətinə hörmətlə yanaşan bir Ləman Babazadə olmaq arzusundayam.
- Sonda belə bir sual vermək istərdim: əgər bu gün vokal sənətinə yeni başlayan və bir gün böyük opera səhnəsində çıxış etməyi arzulayan balaca bir qızla görüşsəydiniz, ona nə deyərdiniz?
- Ona deyərdim ki, arzundan heç vaxt vaz keçmə və özünə inan. Bu yol asan deyil, amma istedadla yanaşı, səbir, zəhmət və davamlı çalışma çox şeyi dəyişə bilər. Bir gün o böyük opera səhnəsində dayanacağını ürəyində həmişə yaşat. Arzun böyükdürsə, addımların da inamlı olsun.
Ləman Babazadəyə arzularının və böyük sənət məqsədlərinin ardınca inamla getməsini, qarşısına qoyduğu bütün hədəflərə çatmasını diləyirəm. Ona sənət yolunda möhkəm iradə, daim inkişaf etmək həvəsi, böyük səhnələrdə uğurlu çıxışlar, yaradıcılıq axtarışlarında yeni nailiyyətlər və bol-bol müvəffəqiyyət arzulayıram. İnanıram ki, istedadı, zəhməti və sənətə olan sevgisi onu qarşıdakı illərdə daha böyük uğurlara aparacaq və Ləman Babazadənin səsini beynəlxalq opera səhnələrində daha çox eşidəcəyik. Ona bu gözəl və məsuliyyətli sənət yolunda uğurlar olsun!
Aytən Baxşiyeva
Musiqişünas