Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rafael HÜSEYNOV
Akademik
Sanki büsbütün ayrı bir zaman olub, sanki insanlar da tamam başqa adamlarmış. Baxmayaraq ki, o çağlarla bugünlərin arasındakı məsafə, sən deyən, çox da deyil - uzaq başı 50-60 il ola-olmaya. Bakıda, elə Azərbaycanın dörd bucağında rayon mərkəzlərində xüsusi yerlərdə daimi lövhələr vardı ki, hər gün ora təzə qəzetlər yapışdırardılar.
Bakıda Filarmoniya bağının yanında, indiki İqtisadiyyat İnstitutunun böyründə sıralanmış o təzə qəzet lövhələri sırasının oxucusu əskik olmazdı, küçədə, avtobusda, trolleybusda, tramvayda, metroda adamların neçəsini əli qəzetli görərdin. Qəzet köşklərində adamların növbəyə durduğu vaxtlar da, yəqin, yaşlı adamların xatirindən çıxmayıb. O dövrdən də 30-40 il qabaqlarsa bizim şahidi olduğumuz illərdən seçilirmiş - insanlar da, qəzetlər də, mühit də daha fərqliymiş - hamısı sanki gərili yay, tarım dartılmış sim kimiymiş.
Ancaq əslində çox şey dəyişməyib ki! Bu adamlar ovaxtkı insanların övladları, şəhər həmin şəhər, gün də elə həmişə olduğu kimi 24 saat.
Mühiti də, insanları da dəyişən siyasətlərdir, kütlələrin tabe olmağa, riayət etməyə məcbur qaldıqları idarəçilik qaydalarıdır.
XX əsrin sovet onillərində dəyişən fəallıqla o xətt yürüdülürmüş ki, hamı özünü aparılan siyasətin, mövcud cəmiyyətin ayrılmaz bir parçası saysın, ətrafda cərəyan edənlərə biganə qalmasın və qala da bilməsin, özünü daim bu axarda hiss etsin. Çıxan qəzet-jurnal da, çəkilən-göstərilən filmlər də, səslənən radioverilişlər, müəyyən dövrdən sonra hər evin sakininə çevrilən televiziya da bu məqsədə xidmət edirmiş. İnsanların seçmək imkanı azmış. Dövlətin seçib sənə verdiklərinə köklənmək yazılmamış qayda kimiymiş.
Yalnız sərhədləri möhkəmcə qapalı ölkədə deyil, insanlara verdiklərinin hamısının bəlli sərhədləri olan mühit içərisində yaşanılırmış.
Yazıb-yaratdıqları cəmiyyətə daha çox təsir imkanına malik şəxslərin, xüsusən də Cəfər Cabbarlı kimi seçkinlərin daim dövlətin də, dövlətin siyasətinin istər səlahiyyət sahibləri, məmurlar, istərsə də bu siyasətə bağlı əli qələmli icraçıları tərəfindən diqqətdə saxlanılması əslində zəmanənin qanunauyğunluqlarından idi. Kütlələrin şüurunu idarə etmək üstündə qurulan cəmiyyətlərdə (əslində hər dövlət az, ya çox dərəcədə elə belə deyilmi?!) zəkası, doğurduqları ilə şüurlara təsir etmək imkanına malik olanlar həmişə açıq, ya gizli nəzarətdə saxlanılıb və saxlanılır - axı ipə-sapa yatmaları heç də asan olmayan belə şəxsiyyətlər, hətta zahirən sanki mötədil görünənləri, idarə olunanları belə istənilən anda cızılmış çevrədən qırağa çıxa, kütlələrə təsir edə, onları ayrı səmtə də yönəldə bilərlər.
Yaşadığı illərdə Cəfər Cabbarlının hər yeni əsərinə, bütövlükdə şəxsiyyətinə, davranışlarına xüsusi münasibətin bir çox şəxsi səbəbləri ilə yanaşı məhz yuxarıdan - dövlətdən, dövlətin ayrı-ayrı qurumlarından gələn bu özəl səbəbi də vardı.
Vaxtında Qulam Məmmədlidən də, Şəmsi Bədəlbəylidən də, Süleyman Rüstəmdən, Məmmədağa Sultanovdan da soruşmuşdum ki, Cəfər, digər ədiblər haqlarında qəzetlərdə çıxan, bəzən də kəskin ifadələri, sancan kəlmələri çox olan yazılardan sarsılmırdılar ki? Hamısının cavabı eyni olmuşdu ki, dövrün elə deyiş tərzi təxminən həmin təhərmiş. Deyirdilər ki, elə o dövrün iclaslarında da komsomol havası hökm sürərdi, danışanların ağzından od tökülərdi. Xəlil İbrahimin imzası ilə "Kommunist" qəzetində 1931-ci il oktyabrın 6-da dərc olunmuş və "1905-ci ildə"nin premyerasını qəti şəkildə uğursuz kimi təqdim edən, pyesin səhnədən kənarlaşdırılmasını tələb edən, hər cümləsi adamı gendən qarsan, Cəfərli günləri görmüşlərin yada saldığı od-alovlu komsomolyana çıxışların tayı olan məqalə ədəbi-bədii müşahidədən əvvəl siyasi sifariş idi. Püskürdüyü atəşin həddindən də artıq olması, həmçinin, bu yazının ləngimədən dərc edilməsinin məhz yuxarı dairələrin birbaşa sifarişi olması, zənnimcə, ilk növbədə iki gün öncə "Gənc işçi"nin bu əsəri və tamaşanı (nöqsanlar göstərsə də) bütövlükdə müsbət qiymətləndirən məqaləsi idi. Siz mövqeyin amansızca sərtliyinə baxın ki, məqalə Cəfər Cabbarlının proletar ədəbiyyatına heç bir aidiyyəti olmadığını iddia edir, onu üst-üstə qalaqlanan siyasi səhvlər buraxmaqda günahlandırırdı: "Əsərin ikinci böyük nöqsanı, ümumiyyətlə, işçi kütləsi və o cümlədən, türk işçilərinin göstərilməməsindən ibarətdir. Əsərdə kütlə yox, kütlə fəaliyyəti yox, inqilab hərəkatı yoxdur - yalnız bir terror aktı (general-qubernatora bomba atılması) vardır ki, o da yenə erməni-türk qırğını üstündə vake olur. Bütün bu işləri də yalnız bir-iki adam görür ki, onların da arasında türk proletariatı yoxdur. Şübhəsiz, bu, yalnız fikirdir. Aprel inqilabından əvvəl böylə yanlış fikir hökmfərma idi ki, türk proletariatı inqilabda aktiv iştirak etməmişdi. Beləliklə, Cəfər öz əsərində istər-istəməz o fikrə rəvac vermişdir. Əsərdə bütün türk proletariatı tək bir nəfər tərəddüd edən yarımziyalı Baxşının şəxsində nümayiş etdirilmişdir. Eyni zamanda, millətçi burjuaziya daxil Bəhadirbəy şəxsində çox zəif və bir dərəcəyə qədər yanlış göstərilmişdir. Əvvəla, bunu qeyd edəlim ki, "tərəqqi və təalif-i milliyyə" arzusunda bulunan burjuaziya nəinki general-qubernator "hüzurunda", hətta kənarda belə muxtariyyət adı duta bilməzdi. Pyesdə isə Bəhadirbəy general-qubernator vasitəsilə "əlahəzrət qubernatordan" milli muxtariyyət istəyir. Yeri gəlmişkən qeyd edəlim ki, Salamof ilə Bəhadirbəy arasında "milliyyə" üstündəki didişmə də qətiyyən uyğun deyil, siyasi bir səhvdir. Bəlkə də qubernatorun arvadına brilyant təqdim edirkən Salamof medal almaq üçün "milliyyə"ni yersiz hesab edə bilərdi. Lakin, ümumiyyətlə, Salamofun nümayiş etdirdiyi türk burjuaziyasının, türk kapitalistlərinin "milliyyə" əleyhinə etirazı qətiyyən doğru deyildir. Zatən onlar öz mənafelərini tamamilə "milliyyə" bayrağı altında müdafiə edə bilirlərdi. Türk əməkçilərinin idraksız qismini də ancaq "milliyyə" şüarilə aldadıb arxalarınca aparmağa müvəffəq olurlardı".
Məqalədə bircə-bircə Cəfər Cabbarlının bu əsərdə göstərməli olub göstərmədikləri sadalanır. NKVD əxlaqlı dövlətin "göstərməmək" deyəndə nəzərdə tutduğu isə bu idi ki, Cəfər qəsdən belə edir, görüb, bilib, göstərməli olduğunu anlayaraq göstərməməklə təxribatçılıq edir, gizli düşmənçilik aparır: "Müəllif öz əsərində aldanmış əməkçilərin kapitalistlər arxasında getməsini də düzgün göstərməmişdir. Doğrudur, türk əməkçilərinin idraksız hissəsi burjuaziyaya aldanaraq onların arxasınca getmiş və hətta qardaş qanı da axıtmışdı, lakin həmin proletariatın internasionalizm ruhilə ruhlanmış, proletar mənafeyinə sadiq qalan və az idraklı əməkçilərin də gözünü açmağa çalışan idraklı qismi də var idi. Lakin Cəfər bunları göstərməmişdir".
Get-gedə boyaları tündləşdirən məqalə-ittihamnamə, nəhayət ki, ürəyini və niyyətini tam açır, Cabbarlını birbaşa "cinayətkar" adlandırır: "Pyes qəribə bir cümlə ilə qurtarır. Biz 31-ci ildə sosializm iqtisadiyyatı bünövrəsini qurub bitirməkdə ikən, "artıq sosializm devrinə girmişiz" deyirkən köhnə bolşevik Baxşı sanki bunları görməyərək, "mədəniyyət aləmi" qurulduğunu söyləyir. Bunu mütləq dəyişdirmək, "sosializm cəmiyyəti qurulur" demək lazımdır. Bu gün idarələrin milliləşdirilməsi, yerliləşdirilməsi məsələsində istər türk, istərsə erməni yoldaşlar arasında bu məsələni yanlış anlayanlar pək çoxdur. O cümlədən, milliləşdirmə və yerliləşdirmə dedikdə, bir çox türklər mütləq türkləşdirmə hesab edərək, yerli erməniləri, rusları və sairlərini yerlilikdən kənar tuturlar. Bu yanlışlığın köhnə bir kökü vardır: türk burjuaziya və millətçilərinin "Azərbaycan azərilər üçündür" şüarı. Cəfər də öz əsərində bu şüarı təkrar edərək, Salamofun dililə ermənilər haqqında: "Köpək oğlu, gəmidə oturub gəmiçi ilə dava edir!..." deyərək, Azərbaycanı türk "gəmisi" və erməniləri yabancı elan edir. Eyni zamanda, bunun əksini söyləyən bir nəfər belə tapılmayır. Doğrudur, bunu Salamof söyləyir. Lakin əməkçilər dililə oradaca ona mütləq rəddiyyət verilməli idi. Həmçinin, erməni-türk münasibətindən bəhs edirkən: "Onlar bizimlə qədimdən düşməndirlər və qiyamətədək düşmən qalacaqlardır", - demək, erməniləri türklərin "əzəli və əbədi" düşməni elan etmək nə qədər böyük bir cinayətdir!"
Tənqid adına bir küfr olan bu yazının əslində mənasız demaqogiyadan ibarət, beyin incidən son cümlələrini də iqtibas etməyə məcburam. Bu məqalə Cəfər Cabbarlının əleyhinə bir zamanlar aparılmış rəzil mübarizələrin iltihablı tör-töküntülərindən biri kimi çoxdan gorbagor olub, indi heç xatırlanmır, sovet dövründə artıq Cəfər Cabbarlının tam etiraf edildiyi 1960-70-80-ci illərdə də adətən üstündən keçilər, iqtibas edilməzdi. Köhnə ədəbiyyatşünasların bundan xəbərdar olanlarının da yada salmaq istəmədiyi bədxah və çoxdan unudulmuş yazı indi könül bulandırmaq, ikrah oyatmaqdan başqa heç bir təsirə malik deyil. Ancaq yazıldığı, dərc edildiyi dövrdə bu, qətiyyən sadə bir rəy, elə quruca tənqidi məqalə sayıla bilməzdi. Bu, ədibə çıxarılmış ölüm hökmü kimi idi. Hələlik bu məqalə səhnəyə lap yenicə gəlmiş, bircə dəfə göstərilmiş əsəri beşikdəcə boğmağa, onu səhnədən yox etməyə çağırırdı, bunun ardınca isə əsərin müəllifinin özünə də eyni aqibətin istəniləcəyi istisna deyildi.
Yazının altında imzası duran Xəlil İbrahim mahiyyətcə vətənsevər, millətpərvər, istiqlal tariximizdə xidmətləri olan saf bir insan idi və o özü də 1938-ci ildə 46 yaşındaykən sovet siyasi irticalarının növbəti qurbanlarından birinə döndü, Nargin adasında məhv edildi. Onun keçdiyi mübarizəli yol və yadigar qalan əsərləri Xəlil İbrahimin bu məqalədə əksini tapandan tam fərqli bir mənəviyyat sahibi olduğunu sübut etməkdədir. Xəlil İbrahim Cümhuriyyət dönəmində "Azərbaycan" qəzetinin ruscasının redaktoru olmuş, milli hakimiyyət devriləndən sonra da həbs olunduğu müddətəcən gizli müsavatçı fəaliyyətlərini davam etdirmişdi. "Azərbaycan"dan əvvəl də "Səda", "Son xəbər", "Doğru söz", "İqbal", "Bəsirət", "Tuti", "Açıq söz" qəzetlərində və müxtəlif jurnallarda zəngin qəzetçilik və müxbirlik yolu keçmiş Xəlil İbrahim sonra "Kommunist" qəzetinə işə götürülmüşdü, burada da xeyli dəyərli yazıları yer almışdı və o çağlarda həm yazıları, həm şəxsiyyəti ilə bu qəzetin Azərbaycanın başlıca ziyalılıq mərkəzlərindən birinə çevrilməsinin səbəbkarlarından olmuşdu.
Xəlil İbrahim siyasi qəzetin əməkdaşı idi və hazır göndərildiyi (yaxud tezisləri tam hazır olub bircə bağlayıcı cümlələrlə məqalələşdirilməyi qalan) şübhə doğurmayan yazının altına imzasının qoyulması da, güman ki, boyun qaçırılması mümkünsüz olan tapşırıq idi. Həmin məqalədəki siyasət ağusu qatılmış son kələkötür cümlələri həm də ona görə buraya əlavə edirəm ki, o sətirlərin elə şərhsiz, izahsız da hazır klişe kimi kommunist idarəçiliyi dəftərxanasından göndərilən mətnə aidliyi aşkarca duyulur: "Azərbaycan proletariatı və bütün əməkçilər firqə baş xəttini həyata keçirmək yolunda qəhrəmanlıqlar göstərirkən; beş illik "böyük işlər planı"nı dörd ildə, üç ildə həyata keçirmək uğrunda çarpışırkən; Bakı proletariatı neft sənayesi, 5 illik planını 2? ildə həyata keçirərək daha böyük müvəffəqiyyətlər yolunda çalışırkən; Zaqafqaziya proletariatı Zaqafqaziya və o cümlədən, Azərbaycanı Şuralar İttifaqının ikinci pambıq bazası etməyi qarşısında bir vəzifə qoymuşkən; əsas pambıq dairələrinin 50% kollektivləşməsi tapşırığı artıqlamasilə həyata keçirilmişkən, pambıq dairələri başdan-başa kollektivləşərək bu əsas üzərinə qolçomaqların bir sinif olmaq üzrə təsviyyəsi məsələsi meydanda ikən, proletariat və bütün əməkçilər neft və pambıq yolunda mübarizədə ikən, bütün bunlar əsasilə ölkədə sinfi mübarizə getdikcə kəskinləşməkdə ikən, nəhayət, kapitalizm dünyası proletariatın qəhrəmanlıqlarından çıldıraraq sosializm quruluşuna mane olmaq, proletar diktaturasını yoxlama üçün Şuralar İttifaqı əleyhinə ciddi surətdə müharibə hazırlayırkən, böyük bir proletar mərkəzi teatrosunda əməkçilərin başını yalan-yanlış işıqlandırılmış keçmiş tarixi hadisələrə qarışdırmaq - "incə sənətləri sosializm quruluşuna xidmət etdirmək" şüarımıza daban-dabana ziddir. Lenin milli siyasətini həyata keçirmək yolunda proletariat böyük müvəffəqiyyətlər əldə edərək hər türlü milli şovinizmin əleyhinə amansız mübarizə edir, əməkçilərə internasional tərbiyə verirkən böyük bir teatro səhnəsində keçmiş, unudulmuş qara milli qırğınları yenidən canlandırmaq "gəmiçilik" və "əzəli və əbədi" düşmənlik şüarlarını diriltmək isə bu gün UİK(b)F rəhbərliyi altında aparılan mübarizəyə ziddir. Ona görə, bizcə, bu əsər səhnədən götürülməlidir".
Dövlətin, siyasətin istədiyi, ədəbiyyata, səhnəyə gətirilməsində maraqlı olduğu o sadalanan mövzular idi, Cabbarlı da həmin mövzularda yazmırdı. Beləliklə, bu məqalə həmin baxımdan Cabbarlını da, onun səhnəyə gələn son pyesini də özününkü saymırdı.
Zahirən "Kommunist" və "Gənc işçi" eyni platformada dayanmışdılar: "Kommunist" qəzeti Azərbaycan Kommunst (bolşeviklər) Firqəsi Mərkəzi Komitəsinin, Bakı Komitəsinin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Bakı Şurasının nəşri idi, "Gənc işçi" isə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin və Bakı Komitəsinin gündəlik qəzeti. Ancaq dərc edilən yazılar, ayrı-ayrı müəlliflərin uyuşmayan baxışları o qəzetlə bu qəzet arasında əhəmiyyətli fərqlərin də olduğunu nişan verir. "Kommunist"dəki məqalənin dərcindən əvvəl premyera haqda çıxış edən "Gənc işçi" daha müsbət fikirdə olması mövqeyindən sonra da aralanmamış, şair Rəsul Rzanın bu qəzetin 1931-ci il oktyabrın 22-də buraxılmış sayında dərc edilmiş "Yüngül mübarizə yolunun "zərbəçi" yolçuları" adlı məqaləsində həmin mövqe bir daha təsdiqlənmişdi. "Türk Bədaye Teatrosu"nun "Axirəzzaman" tamaşasına həsr edilmiş həmin yazını müəllif "1905-ci ildə" ilə başlayırdı: "Əsər ətrafında təşkil edilmiş mübahisə zamanında "1905-ci ildə" pyesini oynamaqla Türk Bədaye Teatrosu geniş fəaliyyətinə görə bir addım irəli atdı demişdik".
Yəni "Kommunist"in tam əks rəyinə - "1905-ci ildə"nin təxirə salmadan repertuardan çıxarılması hökmünə baxmayaraq, "Gənc işçi" Cabbarlının yeni pyesini irəliyə doğru atılmış addım saymaq mövqeyini dəyişmir, əksinə, "Axirəzzaman" tamaşasını teatrın "əski fəaliyyətini davam etdirmək təşəbbüslərinin hələ də mövcud olduğunu aydın göstərməsini" vurğulamaqla, məhz "1905-ci ildə" pyesinin teatrda yaxşıya doğru dönüş yaratmağın nümunəsi olduğunu bir daha təsdiqləyir.
1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində bir-birinin ardınca yaranan yeni pyesləri Azərbaycan səhnəsini bəzəyən, ona əsl böyük teatr ruhu verən əsas iki dramaturq vardı və üstündən çox onillər ötəndən sonra da oçağkı bütün qısma-boğmalara baxmayaraq, həmin dövrdən qalan elə onların əsərləridir - Hüseyn Cavid, bir də Cəfər Cabbarlı. Ən çox üstünə düşülən, ən çox tənqid edilənlər də elə onlardılar və gedişatın özü onlara səbirli, dözümlü olmağı öyrətmişdi. Cavidi də, Cabbarlını da yaxından tanıyanlar söyləyirdilər ki, istər mətbu, istər müxtəlif yığıncaqlardakı şifahi tənqidlər nə Cavidi, nə Cabbarlını hövsələdən çıxarardı, onlara qarşı hücumlara sakit yanaşmağa alışmışdılar. Məhz alışıblarmış! Həssas adamlardılar, nə təhər ola bilərdi ki, hər yerindən duran qandı-qanmadı dişinin dibindən çıxanı desin, qələminin çirkabını töksün, bunlar da ürəklərinə heç bir xal düşmədən eşidib, oxuyub keçsinlər?
Turan xanım xatırlayırdı ki, bir dəfə evdə atam haqda mətbuatdakı haqsız tənqidi yazılarla əlaqədar gileyləndiyimiz əsnada o qayıtdı ki, neynəmək olar, onların da çörəyi ondan çıxır. Şəmsi Bədəlbəyli də yada salırdı ki, bir dəfə dedim ki, ay Cəfər, bu əsassız, insafsız yazıları belə qoymaq olmaz axı, hamısına cavab vermək lazımdır. Cəfər gülümsünübmüş ki, hamısına cavab versən, gərək lazımlı yazı-pozunu bir kənara qoyub gecə-gündüz bununla məşğul olasan. Qoy yazsınlar, danışsınlar, bəlkə hansınınsa fikirlərində işə yarayacaq nəsə oldu.
Belə deməyinə deyirmişlər, ancaq tənqiddən, özü də bir axına çevrilən, çox zaman da tamam haqsız, ədalətsiz, həqiqətləri tərsinə çevirən, daha çox söyüş, ittiham olan tənqidlərdən ürəkdə xoş olmayan çöküntülərin qalmamasına inanmaq da çətindir.
Həm də tək mətbuatdakı sancmalar deyilmiş axı! Teatrda da paxıl hücumlar, pərdə arxasında nacins tərpənişlər tükənmirdi.
Artıq öz dövründə yetərincə görkəmli kimi qəbul edilən, nüfuz sahibi, Cəfərin də pyeslərində rollar alan aktyor Mirzağa Əliyev (1883-1954) teatr kollektivi qarşısında Cəfər Cabbarlının əleyhinə kəskin çıxış etmişdi.
Ancaq müraciətinin məzmunu aşkarca söyləyir ki, bu sözlərin Mirzağa Əliyevə aidiyyəti yoxdur. O, aktyor baba idi və yazıçılığa nə aidiyyəti! Üstəlik, yazıçıların təşkilatı adından danışmağa nə haqqı vardı ki?! Fəqət tanınmış ağsaqqal aktyor həmin çıxışında birbaşa yazıçılar adından danışırdı, yazıçılar adından tələb edirdi. Anlaşılan budur ki, bu, sırf təşkil olunmuş müraciət idi, çıxışçı kimi də Mirzağanı ona görə seçmişdilər ki, sanballı adam idi, səsi eşidilən səs idi.
Cəfər ağıllı adamdı, hansı sözü qulaqardına vurub, hansı sözün qabağında susmamağı yaxşı duyurdu. Bilirdi ki, artıq teatrın klassiklərindən sayılan Mirzağa Əliyevin dilindən eşidilmiş sözlər sadəcə uçub gedən deyil, həmin sözlərin indiki fəsadları bir yana qalsın, axı tarixin hansı vərəqindəsə hökmən izi də qalacaq və eşidib-biləndə də, eləcə də gələcəkdəkilərdə suallar doğuracaq ki, milli teatrın ən aparıcı simalarından biri də Cabbarlının ziddinə gedirmişsə, onu tənqidə qalxıbmışsa, yəqin, bununçün əsas da varmış.
Odur ki, Cəfər həmin şifahi söylənmiş sözlərə yazılı cavab vermişdi, götürüb yazıçılar təşkilatına məktub yazmışdı və qoyduğu konkret suallara cavablar istəmişdi: "Mirzağa Əliyev noyabrın 25-də Azərbaycan Türk Bədaye Teatrosu əməkdaşlarının istehsalat müşavirəsində rəsmən bəyan edib ki, "Azapp"çı proletar yazıçılar "Nə qədər Cəfər teatrdadır və yazır, biz ora pyeslər verməyəcəyik" deyiblər.
Hesab edirəm ki, bu, təxribat və sovet yazıçılarına atılmış bir böhtandır. Mümkün deyil ki, özümün də çalışdığım təşkilatın üzvləri yaradıcılıq yarışmasını mənim inzibati yolla sıxışdırılıb sıradan çıxarılmağıma çevirsinlər.
Bununla belə, mən Təşkilat Komitəsinə üz tutaraq bunun aydınlaşdırılmasını istəyirəm ki, doğrudanmı sovet yazıçılarının hansısa qrupu, yaxud ayrı-ayrı yazıçılar tərəfindən belə bir müraciət olmuşdur?
Əgər olubsa, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən gedib başqa müəssisələrdə işləyərəm - operada ki, son 14 ildə heç kəsin heç nə yazmadığı o teatrda mən bu il 2 libretto yazmışam. O İşçi Teatrında ki, orada heç vaxt işləməsəm də, repertuar bütünlüklə mənim pyeslərim - "1905-ci ildə", "Almas", "Yaşar", "Sevil" üzərində qurulub. "Azərkino"ya gedə bilərəm ki, orada işləməyə məcbur olmuşam, orada da axırıncı 14 ildə heç kəs ortaya bir şey qoymayıb. Erməni teatrına ki, orada da repertuarın 80 faizini mənim "Sevil", "1905-ci ildə", "Yaşar" pyeslərim təşkil edir. Özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klubları səhnələrində də əsasən mənim pyeslərim oynanır. Nəhayət, mən, ümumiyyətlə, heç bir şey yazmaya bilərəm. Təki bu yoldaşlar yazsınlar. Xahiş edirəm ki, Təşkilat Komitəsi bu məsələni aydınlaşdıraraq mənə öz münasibətini bildirsin".
Dünyanın harasında, hansı dövrdə ömür sürmələrindən asılı olmayaraq, böyük yaradıcıların həyat hekayətləriylə yerli-yataqlı tanış olduqca heyrətlənirsən ki, onlar aqibətcə bir-birinə nə qədər yaxındırlar. Hamısının həyatında xoş gün, rahat, asudə, firavan günlər az, qayğılar, dərd-sər, təqiblər, nisgillər, acılar bol.
Bunları bildikcə hərdən düşünürsən ki, gör ömürlərindəki bu narahatlıqlar, həndir-hamarlıqlar olmasaydı, onlar daha nə gözəlliklər doğura, insanlara əlimizdə olanlardan da artıq nə incilər bəxş edə bilərdiər. Amma bunun əksi də var axı! Sanki qəribə bir qanunauyğunluqla düçar olduqları darısqallıqlar yaradıcıları daha artıq səfərbər edir, müqavimət məcburiyyəti çoxaldıqca, elə bil ki, ilhamın uçuşları qüvvətlənir, sanki azadlıq artdıqca istedad tənbəlləşir.
Cəfər Cabbarlını dörd bir yandan sıxan məngənələr, ona qazılan çalalar, vurulan badalaqlar çox idi. Şöhrəti artdıqca qısnamalar, könülqırmalar, ruhdan, həvəsdən salmağa cəhdlər də çoxalırdı. Bunlar azmış kimi, bir də görürdün ki, sanki yox yerdən də ovqat təlx edən səbəblər ortaya çıxırdı.
Aktyor Bağır Cabbarzadə (1894-1951) Dağlı məhəlləsində Cəfərgilin qonşularından idi. Adətən xırda rolları ifa edərdi, xatirələrə görə, bu, onda pis də alınmazmış. O, teatrın köhnə fədailərindən idi. Səhnəyə ilk dəfə yeniyetməykən, 16 yaşında gəlmişdi, "Nicat" və "Səfa" cəmiyyətlərinin truppalarında çıxış etmişdi, 1919-cu ildən Dram Teatrına bağlanmışdı, ta 1950-ci ilədək də orada çalışdı, 1949-cu ildə uzunillik zəhmətlərinə görə o çağlar az-az sənətkara nəsib olan Əməkdar artist adına da layiq görüldü. Rəhmətlik Qulam Məmmədli onun haqqında bir dəfə dedi ki, Bağır gahgir aktyor idi, yaxşı oynadığı da olurdu, hərdən zəif də ifa edirdi, ancaq burası var ki, teatrla yaşayan adam idi (elə həmin sözün qüvvəti, köhnə mətbuatı vərəqləyəndə təsadüfən iki yazıya rast gəldim. Birində - "hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən" "Əmir Əbülüla" tamaşasında Səyyah rolunda Bağır Cabbarzadənin oktyabrın 22-sindəki göstərilişdə "bu gecə bütün yoldaşlarından yaxşı oynadı"ğını, digərində isə, dekabrın 27-sində elə həmin tamaşada həmin rolda "olduqca zəif" çıxış etdiyini, "Məzarlıqlarda ülviyyət arayan sufi təbiətli 80 yaşlı zəif, düşkün bir ixtiyardan daha əvvəl... Rüstəm-Zal kimi qüvvətli bir pəhləvana oxşuyordu. Hərəkətlərində heç bir qocalıq əsəri yox idi. Sözlərini də bilmiyordu. Xüsusən, məzar daşında yazılmiş bir şeri oxuyarkən daşın üzərinə baxib oxumasi olduqca qeyri-təbii görünüyordu" bildirən, sanki bir-birinə əks kimi görünən, amma sən demə, elə həqiqəti deyən rəylər vardı). Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin yazdığı və bizim Xətib Təbrizinin (1030-1109) ustadı - görməz ərəb şairi Əbüləla Məəriyə (973-1057) həsr edilmiş "Əmir Əbülüla", ya sadəcə "Əbülüla" kimi təqdim olunan bu pyes Bakıda ilk dəfə 1916-cı il noyabrın 4-də Tağıyev teatrında göstərilmiş, sonralar da xeyli müddət səhnədə qalmışdı).
Adətən aktyorlar baş rollardan ötrü çalışar, mübahisə edər, yeri düşəndə mübarizə də aparar, ədavət də saxlarlar. Bağırın davası isə Aftilin üstündə olmuşdu. İş o yerə çatmışdı ki, daha əsəbləri tab gətirməmişdi, xətrini çox istədiyi Cəfərə qeyzli məktub da yazmışdı: "Yoldaş Cəfər Cabbarlı, mən sizdən xahiş edirəm, bundan sonra mənə Aftil rolunu verməyiniz. Bəsdir məni əldə oynatdınız. Hərgah mən o rola yaramıramsa, mənə açıq, bir insan kimi deməlisiniz ki, bu rola yaramıram. Bəsdirin məni əldə oynatdınız!"
Görünür, eyni rolun çox zaman olduğu kimi, iki ifaçısı varmış, Bağırın adı proqramda, afişada ikinci ifaçı kimi getsə də, o, hər dəfə nəsə kənarda qalırmış.
Ancaq Bağırın Cabbarlıdan bir başqa incikliyi də olubmuş.
1930-cu illərin başlanğıcında Cəfər yeni əsər haqqında düşünürdü. Azərbaycanda Şura hökuməti qurulandan 2 il sonra Dram Teatrı fəaliyyətini bərpa etmişdi və pərdələrini qaldırınca da mədəni həyatın mərkəzində dayanan ən sevimli dəyərlərdən birinə çevrilmişdi. Məxsusi həssaslıqla yeni günün nəbzindən yapışaraq vaxtın ümdə çağırışlarına cavab verən əsərləri tezcə yarada bilmək Cabbarlının bir ayrı fitri istedadı idi. Cəfər də növbəti əsərini ömrünün ayrılmaz parçası, hər gün içərisində olduğu teatrdan yazmağı qət etmişdi. Yeni pyes Dadaş Bünyadzadə adına Türk Bədaye Teatrının 10 illiyinə həsr olunurdu və əsərin ilk tamaşasının da yubiley əsnasında göstərilməsi düşünülürdü.
Həyat yoldaşı Sona xanım xatırlayırdı ki, Cəfər "Dönüş"ü Fatmayı bağlarında işləyirdi, tez də yazıb tamamladı. Ailə söhbətlərində bunu da deyirmiş ki, bizim teatrda elə bir adam qalmayıb ki, onu "Dönüş"də əks etdirməyim, qapıçıdan, nəzarətçidən, suflyordan tutmuş aktyorlara, rejissorlaracan kimimiz varsa, hamısını ümumiləşdirib bu pyesə gətirmişəm.
Ən mötəbər şahid Sona xanım xatırlayırdı ki, aktyorlardan, rejissorlardan, teatrda işləyənlərdən kimlərsə "Dönüş"də özünü görüb tanıyırdı, üzə vurmurdu, amma elələri də vardı ki, dilə gəlirdi. Özünü pyesdə görənlərdən biri də həmin Bağır Cabbarzadə imiş.
Məhəllədə, dükanda rastlaşırlar, Bağır xahiş edir ki, ay Sona bacı, Cəfər niyə belə eləyib, götürüb məni salıb "Dönüş"ə, oradakı qoca aktyor Xosməmməd mənəm, nə olar, sən uşaqlarının canı, Cəfər qardaşa de, pyesdən o rolu çıxartsın.
Sona xanım ona deyiləni sözbəsöz ərinə çatdırır, Cəfər də cavab verir ki, Bağır niyə inciyir, orada tək o deyil ki, bütün teatrın camaatı, bəzi qonşularımız da oradadır, hətta özüm də varam. Burada inciməli bir şey yoxdur ki! Nə var, onu yazmışam, eləməyəydilər, yazmayaydım.
"Dönüş" 1932-ci il oktyabrın 1-də ilk dəfə oynanmışdı, bayram əhvalına ayrı bir bayram qatmışdı və onu teatrımızın hadisəsi kimi qiymətləndirmişdilər. Amma bəyənməyənlər də, həmişəki kimi, əks fikir bildirənlər də olmuşdu, tənqidi məqalələr də dərc edilmişdi. Cəfər Cabbarlı isə "Dönüş"ü digər əsərlərin hamısından daha üstün hesab edirmiş və olsun ki, gələcəkdə ona əl də gəzdirəcək, təzədən işləyəcək, müşahidəcil gözünün önündəki teatrın həyatından ora başqa daha təsirli cizgiləri də əlavə edəcəkmiş.
Rəsul Rza xatırlayırdı ki, Cəfər çeşməyini çıxarıb tez-tez siləndə bu onun əlaməti idi ki, ya həyəcanlanıb, ya köntöy sözlə qəlbinə toxunublar, ya da nədənsə əsəbiləşib. Deyir, "Dönüş"ə ilk dəfə baxandan sonra Cəfərə ərkyana dedim ki, bu əsər indiyəcən olan pyeslərindən zəifdir. Dərhal çeşməyini çıxarıb silməyə başladı, dedi ki, yox, "Dönüş" mənim bu vaxtacan yazdığım və bundan sonra yazacağım əsərlərimin hamısından yaxşıdır. Ata-ana öz şikəst balasını bütün övladlarından çox istəyər.
Heç şübhəsiz, Cəfər o sözləri boşuna deməmişdi. Gərək Cəfərin gördüyü gözəllikləri görə bilməkçün "Dönüş"ə onun gözü ilə baxmağı bacaraq.
Bəs, görəsən, "Dönüş"də löyün-löyün senzorlar nələri qayçılayıbmış, hansı dəyişikliklərə vadar ediblərmiş ki, Cəfər əsərin şikəst edildiyi qənaətindəymiş?
Gərək "Dönüş"ə hələ çox dönülə!..
"Dönüş"ü yaza-yaza Cəfər Cabbarlı digər əsəri üzərində də işləyirdi - "Yaşar"ı yazırdı. Fəlsəfəcə bir-birinə yaxın əsərlərdi. "Dönüş" yeni milli teatr quruculuğuna həsr olunurdusa, "Yaşar"ın mövzusu yeni Azərbaycan alimi və elmi idi. Hər iki əsəri yanaşı işləməsinin digər göstəricisi də budur ki, "Dönüş"dən lap az sonra - 1932-nin dekabrında "Yaşar" səhnəyə gəlir.
Və "Yaşar" Cəfərin yalnız sonbeşiyi deyil, həm də səhnəyə gələn son əsəri olur.
Cəfər beynində daşıdığı "Yaşar"ı kağıza bircə həftəyə köçürmüşdü. Kimin, ilk növbədə özünün haradan ağlına gələrdi ki, bu, axırıncı pyesi olacaq? Əsərə verdiyi ad da əslində rəmzidir: Yaşar - əbədi diri olan. Cəfər Cabbarlı o əsəri yazandan azacıq sonra həyatdan gedəcək, ömür bitəcək, "Yaşar" qalacaq və "Yaşar"a qədər yaratdıqlarının hamısı ilə bir yerdə Cəfər Cabbarlı da yaşayacaq. Ancaq "Yaşar" insanlara çatmaya da bilərdi. Elə "Dönüş"lə kifayətlənməli olardıq. Çünki təzəcə bitirdiyi əlyazmanı Cəfər Cabbarlı itiribmiş. Bu da vəfalı ömür-gün yoldaşı Sona xanımın xatirələrindəndir ki, Cəfər bir gün evə, nahara hansısa dostu ilə gəlibmiş. Xörəklərini yeyirlər, sonra birlikdə "Yaşar"ı əvvəldən-sona oxuyurlar. Cəfər əlyazmanı götürüb qoyur çantasına, dostu ilə birgə evdən çıxırlar.
Axşamüstü Cəfər evə qayıdanda Sona onu birtəhər görür, nəsə baş verib-vermədiyini soruşur, Cəfər də "Soruşma, başıma iş gəlmişdi, yaxşı qurtardıq" deyir. Hər halda Sona soruşur və Cəfər hali-qəziyyəni nağıl edir.
Həmin dostu ilə evdən aralanandan sonra tramvaya miniblərmiş, başları qarışır söhbətə, düşəsi olduqları dayanacağa yetişəndə qızğın müzakirələrini davam etdirə-etdirə enirlər, yolun qalanını piyada gedirlər və birdən Cəfər diksinərək yerindəcə donub qalır.
Çanta yox idi. Qalmışdı oturduqları yerdə, tramvay da çoxdan çıxıb getmişdi.
Ümidini tamam üzsə də, Allaha qismət, elə həmin dostu ilə Cəfər düşür şəhərin canına, o tramvay sənin, bu tramvay mənim. Əlbəttə, çantanı hansısa sərnişin də götürüb gedə bilərdi. Ancaq Cəfər ümidini möcüzəyə bağlamışdı. İnanmaq istəyirdi ki, yox, elə kimsə tapıb tramvayçıya vermiş olar. Hər tramvayçıdan soruşurlar ki, bəlkə yoldaşlarınızdan hansı birisə rastına çıxan çanta barədə bir şey demiş ola?
Saatlarca şəhəri dolaşıb heydən düşəndə, ümid elə qırılhaqırılda olanda, nəhayət, bir tramvayçı onları sevindirir ki, bəli, sizin çantanı görmüşəm, ancaq onu verdim bizim Baksovet səmtindəki dispetçerimizə, ona yaxınlaşsanız, təhvil ala bilərsiniz.
Bu dəfə iki dost "uçurlar" Baksovet tərəfdəki dispetçer məntəqəsinə. Təngnəfəs dispetçerin köşkünə çatan Cəfər çantasını köksünə illərcə görmək həsrətində olduğu doğmasını bağrına basan kimi sıxır. Cəld açır çantanı, "Yaşar"ın əlyazmasını yerində görüb dərindən köks ötürür.
Və dostuna etirafını edir ki, kağıza köçürənəcən əsər beynimdə kəlmə-kəlmə əzbərimdə olur, elə ki kağıza yazdım, elə bil, o yük beynimdən götürülür. "Yaşar"ın əlyazmasını tapmasaydım, onu heç cürə olduğu kimi bərpa edə bilməzdim...
Cəfərin yazdığını itirib-tapması ilə bağlı bir başqa əhvalatı da mənə vaxtilə unudulmaz Şəmsi Bədəlbəyli söyləmişdi. Danışırdı ki, Cəfərin "1905-ci ildə" pyesi üzərində işlədiyi vaxtlar idi. Elə adlar axtarırdı ki, həm bizlərdə, həm də ermənilərdə işlənmiş olsun. Erməni dilində bizim sözlər nə qədər desən, amma adlarımızın da neçəsini elə özlərininkiymiş təki götürüb işlədiblər, yanına soyad qoyulmasa, bilməzsən bu adı daşıyan azərbaycanlıdır, ya erməni.
Şəmsi təklif edir ki, bundan ötrü baş sındırmağa dəyməz, lap sənədli-sübutlu olsun deyə gəl gedək tramvay parkına, orada mənim bir tanışım var, xahiş edək, bütün işçilərin siyahısını versin baxaq, tramvaysürənlərin əksəri ermənidir, onların arasından da istədiyin adları tapıb seçərsən.
Deyir, Cəfərin bir qara dəftəri vardı, ayrı-ayrı qeydlərini, dialoqları, monoloqları, müəyyən müşahidələrini ora yazardı. Həmin dəftər də qoltuğundaydı. Getdik tramvay parkına, tapdıq həmin tanışımı, o da bizim qabağımıza qoydu siyahıları. Cəfər də özünə lazım olan xeyli adı köçürdü həmin qara dəftərinə.
İşləri düzəlmişdi, şad-xürrəm minirlər şəhərə sarı aparan tramvaylardan birinə, xeyli gedib enirlər, bir yeməkxanaya çatıb içəri girmək istəyəndə Cəfər hövlnak qışqırır: "Şəmsi, dəftər!"
Şəmsi onu toxtadır ki, darıxma, tapılacaq, o dəftər səninçün qiymətlidir, başqasının nəyinə lazımdır ki, baxıb qoyacaq qırağa, ya verəcək sürücüyə, çörəyimizi yeyək, sonra başlayarıq axtarışa. Cəfər razılaşmır ki, a kişi, nə çörək, mənim boğazımdan tikə keçər?! Gedək görək necə tapırıq.
Yenə ağıllı məsləhəti Şəmsi verir ki, onsuz da artıq gecdir, bir azdan tramvaylar işini başa vurub bir-bir parka yollanacaqlar. Yaxşısı budur biz elə tramvay parkına gedək, orada gözləyək, qarovulçudan xahiş edərik ki, hər gələn tarmvaya baxsın, elə özümüz də baxaq, inşallah ki, itməz.
Tramvay parkının alaqaranlıq həyətində bir-bir vaqonları gəzirlərmiş, artıq gecə keçirkən birdən gendən Cəfərin xoşbəxt səsi gəlir.
Şəmsi müəllim xatırlayırdı ki, Cəfəri ömrümdə o cür sevinən görməmişdim.
Bu itirilənləri, hərəsi cəmi bircə nüsxə olan dəftərləri xoşbəxtlikdən Cəfər Cabbarlı özü tapmışdı - "1905-ci ildə" pyesi ilə bağlı qeydlərini etdiyi dəftərini də, "Yaşar"ın əlyazmasını da.
İtirmişdi, ümidi qırılmışdı, ancaq Allah üzünə baxmışdı, tapmışdı, bəxtiyar olmuşdu.
Ancaq günlərin birində Cəfər bir başqa, daha müdhiş itki ilə qarşı-qarşıya dayandı.
"Yaşar"ın əlyazmasını tapmasaydı da, əsərin bərpası eynən mümkün olmasaydı belə, hər halda nə təhərsə vəziyyətdən çıxacaqdı, bəlkə əvvəlkindən daha yaxşısını yazacaqdı.
"1905-ci ildə" ilə bağlı qeydlərini etdiyi dəftəri təzədən əlinə keçməsəydi də, faciə deyildi. Bir yolla gec də olsa, vəziyyətdən çıxacaqdı, itənlər bərpa olunacaqdı, qayıdacaqdı, diriləcəkdi. Ancaq günlərin birində həyat itdi, ömür bitdi.
Çox gerçəkləri öncədən sezən bəsirətli Cəfər Cabbarlı sanki bu itkilərin ən nicatsızını da irəlicədən duyubmuş.
1932-ci ildə ən yaxın dostlarından biri, Asəf Zeynallı 23 yaşında həyatdan ayrılanda Cəfər heç özünə gələ bilmirmiş və hətta ağzından da qaçırıbmış ki, yəqin, mən də belə qəfil gedəcəyəm.
Bu kədərli xatirəni mənimlə vaxtilə Asəfin daha bir yaxın dostu olan Maestro bölüşmüşdü. Üçləriymiş: Niyazi, 2 adaş, 2 Cəfər - Cabbarlı və Asəfin çekist qardaşı.
Cəfər belə deyəndə dərdin üzdüyü, bayaqdan saatlar boyu kəlmə kəsib danışa bilməyən o biri Cəfər zarıyaraq dillənibmiş: "Elə niyə deyirsən?! Onsuz da evimiz yıxılıb".
Cəfərlə ayrılığın ilk anlarında Müşfiqin yazdığı məşhur vida şeiri sualla başlanırdı:
Ey şanlı ölkəmin şanlı ustası,
Düşdümü əlindən sənət fırçası?
Dəftəri itirib tapmaq olardı, əlyazmanı itirib tapmaq mümkündü, amma həyat Cəfərin əlindən qələmini aldı, tale onun əlindən fırçasını qopardı.
Biryolluq ilğıma dönən qələmi, qeyb etdiyin fırçanı, itən ömrü təzədən haradan tapasan?!
Ora ki tramvaylar getmir...
10 iyul 2026