Ordu bu ərazidə niyə dayandırıldı? Əməliyyat öncəsi İsraillə anlaşma olub

28.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Globalinfo.az Suriya prosesi ilə bağlı Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstanidən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Deniz bəy, xahiş edirik, Suriyadakı mövcud vəziyyəti şərh edərdiniz.

– Türkiyə artıq Suriyada istədiyinə əsasən nail olub. Əlbəttə bu vəziyyəti nə dərəcədə qoruyub saxlayacağı qeyri-müəyyən olsa da, SDQ (Suriya Demokratik Qüvvələri) terror təşkilatının Suriyadakı mövcudluğu qısa müddət ərzində əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Hazırda terror təşkilatı yalnız kiçik bir ərazidə – Haseke əyalətində mövcuddur. Haseke və Qamışlı deyilsə də, əslində, Haseke əyalətidir və Qamışlı onun rayonudur.

Şimali Suriyada onsuz da iddia edildiyi qədər çox kürd əhalisi yox idi və oradakı terror təşkilatı Suriya kürdlərini əsasən təmsil etmirdi. SDQ-nin orada olması əsasən ABŞ-a onun vasitəsilə Şimali Suriyadakı neft və yeraltı sərvətlərə çıxış əldə etməsi üçün lazım idi. Bu gün ABŞ-ın artıq buna ehtiyacı yoxdur və Şimali Suriyadakı bütün bu yeraltı və yerüstü sərvətlərlə bağlı istəklərini birbaşa Dəməşqə çatdırır və əsasən məqsədinə çatır. Buna görə də, ABŞ-ın artıq SDQ terror təşkilatına elə də ehtiyacı yoxdur. Əlbəttə ki, bunu Türkiyənin Dəməşqi diplomatik münasibətlərində yönləndirməsi vasitəsilə həyata keçirdi. Türkiyə Dəməşqə strateji məsləhətlər verdi və nəticədə Suriyanın 90%-i hazırda Dəməşq hökumətinin nəzarəti altındadır. Onun hazırda nəzarəti altında olmayan ərazi Kobani kimi də tanınan, əsl adı Ayn əl-Ərəb olan ərazidir. Həmçinin Hasekeyə də nəzarət etmir. Bundan əlavə, İsrail tərəfindən işğal edilən Sueyda, Kuneytra kimi cənubi Suriyada və Dəməşqin cənub-qərbi və cənub-şərqindəki bəzi kənd yerlərinə hələ tam nəzarət etmir. Lakin Dəməşq hökuməti hazırda Suriyada əhəmiyyətli dərəcədə təsir gücünə malikdir.

– Atəşkəs 15 gün uzadıldı. SDQ nə üçün anlaşmanın şərtləri ilə razılaşmır? Razılığa gəlməsələr, yeni hərbi əməliyyatlar qaçılmaz olacaq.

– Həsekedə hər hansı qarşıdurma olacağını düşünmürəm. Çünki Suriya ordusu, SDQ-dəki ərəb tayfaları ilə razılığa gələrək Hələbin Şeyx Məqsud bölgəsinə daxil oldu. Bəli, bəzi yerlərdə toqquşmalar oldu, amma bu, çox uzun sürmədi. Diqqət yetirdinizsə, çox qısa müddətdə bir neçə şəhər, Hələbin iki məhəlləsi, sonra Rəqqa, Deyr əz-Zor, hamısı bir-bir çox tez bir zamanda Dəməşq rejiminin nəzarəti altına keçdi. Bu nəzarətə götürülmə döyüşlər nəticəsində baş vermədi. Bəli, ordu ora daxil oldu, amma əsasən kürd olduğunu iddia edən, amma 80%-i ərəblərdən ibarət olan SDQ-nin daxilindəki ərəb qəbilələri tərəfini dəyişərək rəsmi Suriya ordusunun nəzarəti altına keçdilər. Dəməşq administrasiyası beləcə nəzarəti ələ keçirdi.

Bu gün daha kiçik bir ərazi olan Haseke PYD/PKK-nın ən mütəşəkkil olduğu ərazidir. Onlar artıq tamamilə geri çəkiliblər və silahlarının əksəriyyətini Hasekeyə daşıyıblar. Burada kiçik bir toqquşma ola bilər. Düşünürəm ki, məsələ çox şiddətli bir toqquşmaya səbəb olmadan tezliklə həll olunacaq. ABŞ-ın hətta belə bir tələbi var və Türkiyə də münaqişə yaratmaq istəmir. Buna görə də, bu 15 günün sonunda Hasekedə nəzarətin qismən və ya tam olaraq təmin ediləcəyini düşünürəm.

– SDQ Suriyada zərərsizləşdirildi, yoxsa təhlükə hələ də qalır? Türkiyə üçün hansı təhdidlər var?

– SDQ zərərsizləşdirilir. Lakin YPG zərərsizləşdirilmir. Bunlar arasında fərq var. SDQ PKK-nın bir qolunun bütün Suriyadakı iddiasını təmsil edirdi. Bu, kürdlərdən başqa ərəbləri, türkmənləri və fərqli etnik qrupları da əhatə edən bir struktur idi. Lakin hazırda SDQ dağılıb. Ərəblər Dəməşq hökumətinin tərəfinə keçib. Hətta Suriya kürdləri də daxil olmaqla müəyyən sayda kürd bu təşkilatı tərk edib. Lakin PYD/PKK-nın əhəmiyyətli bir hissəsi bu strukturun içində qalır. Və onlar Hasekədədirlər. Fikrimcə, problem bu gün əsasən həll olunsa da, tamamilə və kökündən həll olunmayıb. Açıq deməliyik ki, əslində, Suriya ordusu ciddi irəliləyiş əldə etdikdən sonra Hasekeyə də girib bu təşkilatı və strukturu tamamilə ləğv edə bilərdi, amma onlar ABŞ və İsrailin tələbi ilə dayandırıldı. Əlbəttə ki, buna məcbur idi, çünki müəyyən regional tarazlıqlarda İsraili və ABŞ-ı qəbul etmək lazımdır. Türkiyənin ciddi dəstəyi ilə irəliləyiş əldə edildi. Lakin regional tarazlıqlar nəzərə alınmaqla, onlar Haseke sərhədində dayandırıldı. Bu da belə bir sual yaradır. Görəsən, hazırda plan Suriya daxilində müxtəlif etnik qrupların iğtişaş törətməklə gələcəkdə bu terror təşkilatını yenidən qurmaqdırmı? Suriya ordusu məhz buna görəmi Haseke sərhədində dayandırılıb? Buna görə də, fikrimcə, təhlükə yalnız silahlı terror təşkilatını məhv etməklə bağlı deyil. Söhbət bu terror təşkilatının kollektiv strukturunu tamamilə dağıtmaqdan gedir. Söhbət yalnız PKK-nın özünü ləğv etməsindən getmir. İranda PJAK (Kürdüstan Azad Həyat Partiyası), İraqda Qəndil heyəti, Suriyada SDQ, PYD, PKK – bu təşkilatın adı nə olursa olsun, bu ideya və strukturun tamamilə dağıdılmalıdır. Türkiyə özünü ləğv etməsi üçün KCK-ya (Kürdüstan İcmaları Birliyi) təzyiq göstərməlidir və bu, Türkiyə üçün terror təhlükəsini minimuma endirərdi.

Deniz Büstani

ABŞ Suriyada hədəfinə çatdımı?

ABŞ Suriyada federasiya görmək istəyirdi. Çünki Suriyanın şimal-şərqi, xüsusən də İraq sərhədinə yaxın Deyr-əz-Zor bölgəsi, ABŞ-ın Suriyadakı prioritetləri arasında idi. Çünki bunlar ən çox yeraltı və yerüstü sərvətlərə malik bölgələrdir. Və uzun illərdir ki, ABŞ bu yeraltı və yerüstü sərvətləri SDQ vasitəsilə əldə edirdi. Lakin həm də ciddi problemlərlə üzləşirdi. SDQ rəsmi, tanınan bir qrup olmadığı üçün ABŞ onlardan nefti alıb əvvəlcə İraqa, ola bilsin ki, Bərzani bölgəsinə, oradan isə beynəlxalq bazara göndərir və ya Türkiyə və İordaniya kimi ölkələrə qaçaqmalçılıq yolu ilə daşıyırdı. Bəzən İordaniyada deyil, Əsəd rejimindən olan şəxslərə satır, onlar isə sonra onu İordaniyaya və ya Livana göndərirdilər. Ən çox yayılmış yol İraqdan keçirdi və bəli, ABŞ bundan müəyyən mənfəət götürürdü. Amma bu, çox çətin bir yol idi. Lakin bu gün ABŞ-ın artıq bu baxımdan da SDQ-yə ehtiyacı yoxdur.

Suriya bu gün siyasi və bürokratik inteqrasiya mərhələsində görünsə də, sosial baxımdan müharibənin təsirlərindən tam qurtula bilməyib və tam inteqrasiyaya nail olmayıb. Sosial baxımdan Suriyada federasiya üçün münbit şərait olsa da Türkiyənin səyləri sayəsində bu, baş verməyib. Bundan əlavə, kommersiya baxımından Dəməşq hökuməti artıq ABŞ ilə əməkdaşlıq etmək və razılaşmalar əldə etmək üçün daha yaxşı mövqedədir. ABŞ artıq Suriyadakı kommersiya maraqlarını Dəməşq vasitəsilə həyata keçirəcək. Nəticə etibarilə, ABŞ-ın artıq Türkiyə ilə münasibətlərini gərginləşdirə biləcək, yeni Suriya hökumətini və hətta cəmiyyəti özündən uzaqlaşdıra biləcək və ABŞ-ın bölgədəki terror təhlükəsinin arxasında durduğu qənaətinə gətirə biləcək SDQ kimi bir təşkilata ehtiyacı yoxdur. Bundan sonra ABŞ yalnız Dəməşqlə hərəkət edəcək.

Əlbəttə ki, hazırda bu inteqrasiyanın arxasında görməli olduğumuz çox vacib bir məsələ var. İsrailin nöqteyi-nəzərindən Suriyada belə bir vəziyyət var: Bu gün ABŞ-ın bölgədə İrana hücum etməyə hazırlaşdığını görürük. İran daxili hadisələr nəticəsində zəiflətməyə çalışıldı və İsrail-İran münaqişəsində daha da zəiflətməyə çalışıldı. Qismən zəiflədə bilsə də İranda məqsədlərinə tam çatmayıb. Bu gün Suriyada ABŞ-ın sadəcə bir tərəf müqabilinə ehtiyacı var idi və bunun üçün Əhməd Şaraa seçildi. Türkiyə bu fürsətdən istifadə edərək terror təşkilatına zərbə endirilməsini təmin etdi. Bəs ABŞ niyə Əhməd Şaraanı seçdi? SDQ terror təşkilatına qarşı əməliyyatdan bir az əvvəl Parisdə Suriya və İsrail arasında birtərəfli kəşfiyyat razılaşması əldə edildi. Suriya hökuməti İsrail üçün təhlükə yaradan hər hansı bir ünsürlə qarşılaşarsa, Suriyadakı bütün prosesləri İsrailə bildirəcək. Bundan əlavə, Suriyada vahid bir strukturun olması ABŞ-a da fayda verir. Amma bu, hələlik belədir, dediyim kimi, gələcəkdə nə baş verəcəyini bilmirik. Bu, ABŞ-a niyə fayda verir? Çünki İrana qarşı hər hansı bir əməliyyatı zamanı İraqdakı Həşd əl-Şəbi və ya Livandakı Hizbullah hərəkətə keçərsə, ABŞ Suriyada bu silahlı qüvvələrə qarşı çıxa biləcək bir quruluş istəyir. Türkiyə həm ABŞ-ın, həm də İsrailin bu tələblərini görərək bundan faydalanıb. Türkiyə burada özü üçün təhlükə yaradan bir terror təşkilatını zəiflədib. Düşünürəm ki, bunları da nəzərdən qaçırmamalıyıq.

– Son proseslərdə İsrailin fəal olmamasının səbəbi nədir? Təl-Əvivin Suriya siyasətində hansısa dəyişiklik baş verib?

– İsrailin siyasətində heç bir dəyişiklik olmayıb. İsrail, əslində, hazırda passiv vəziyyətdə deyil. İsrail Suveydada dəstəklədiyi qrupu çox fəal şəkildə dəstəkləməyə davam edir. Gördüyünüz kimi, SDQ-yə qarşı əməliyyat aparılarkən, İsrailin Suveydada dəstəklədiyi durzi silahlı qrupuna qarşı heç bir əməliyyat keçirilməyib. Bunun yaxın zamanda da baş verməyəcəyini düşünürəm.

Çünki dediyim kimi, SDQ-yə qarşı əməliyyat sadəcə Türkiyə və Suriyanın fəaliyyətləri ilə izah edilə bilən bir əməliyyat deyil. Dəməşq administrasiyası bu əməliyyat üçün İsrailə verdiyi vədlərə uyğun olaraq beynəlxalq səviyyədə zəmin hazırlayıb. Buna görə də, İsrailin dəstəklədiyi qrup hələ də Suveydada nəzarəti əlində saxlayır. Kuneytrada İsrail hələ də mövcuddur. İsrail əsgərləri hərdən Dəməşqdən otuz üç kilometr aralıda vəsiqə yoxlamaları aparır və əraziyə daxil olur və çıxırlar. Buna görə də, İsrail bu gün passiv deyil, amma belə deyim, hazırda xəbərlərdə çox işıqlandırılmır.

– Həmçinin İsrail Suriyada onun üçün strateji əhəmiyyətə malik Hermon dağını yenidən əldə etmiş oldu.

– Hermon dağına gəlincə, İsrail hazırda orada çox böyük bir kəşfiyyat bazası qurmağa davam edir. Hermon dağında mövcudiyyətini sürdürür. Ona görə də İsrailin Suriya siyasətini dəyişdiyini, ondan imtina etdiyini və ya passivləşdiyini düşünmürəm. Sadəcə mətbuatda bu barədə çox danışılmır. Halbuki, bu gün, bir ölkə olaraq, faktiki hərbi fəaliyyət baxımından, Suriyadakı ən aktiv ölkənin əslində İsrail olduğunu demək yanlış olmaz.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью