Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İran yaxınlığında böyük hərbi qüvvələrin cəmləşdirildiyini açıqlayıb. O, Tehran rəsmilərinin danışıqlar üçün Ağ Evlə əlaqə saxladığını bildirib.
Regionda artan gərginlik və İrana hücum ehtimalları fonunda ABŞ qüvvələrinin bölgədə cəmlənməsi narahatlıqla qarşılanır. Xüsusilə Venesuela əməliyyatından sonra belə bir hücumun Rusiyada hansı reaksiyalara səbəb olacağı maraq doğurur. Digər tərəfdən, Moskvanın gərginliyin azaldılması məqsədilə Vaşinqton və Tehranla paralel şəkildə intensiv əlaqə saxladığı qeyd edilir.
ABŞ qüvvələrinin İran ətrafında yerləşdirilməsinə Moskvanın münasibəti necə olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, son günlər İrana hərbi zərbələrin endiriləcəyi ilə bağlı mövzu gündəmi zəbt edib:
“Rejimin etirazçılara qarşı amansız rəftarı hərbi müdaxilə ehtimalını daha da aktuallaşdırıb. Trampın aksiya iştirakçılarına verdiyi yardım vədləri hücum üçün səbəblərdən biri kimi göstərilir. “Abraham Lincoln” aviadaşıyıcısının İran sahillərinə dislokasiyası Birləşmiş Ştatların hücum ehtimalını artırır. Üstəlik, İran ordusu hazırlıq vəziyyətinə gətirilib, iki min kilometr mənzilli raketlər aktivləşdirilib. Bu da vəziyyətin ciddiliyindən xəbər verir.
Mütəllim Rəhimli
Trampın bəyanatında isə müəyyən tərəddüdlər sezilir. Xüsusilə İran rəsmilərinin danışıqlar istədiyini açıqlaması geriyə addım atmaq üçün “açıq qapı” saxlanılması təsiri bağışlayır. Çünki İranın cavab zərbələri, Hörmüz boğazının bağlanması və neft tədarükündə yaranacaq problemlər əlavə risklər doğurur. Üstəlik, Rusiya və Çinin açıq dəstək ehtimalı da regionda vəziyyəti nəzarətdən çıxara bilər. Unutmayaq ki, son iki həftədə Çindən İrana ən azı 56 hərbi uçuş həyata keçirilib. Doğrudur, Venesuelanın ələ keçirilməsi neft böhranını nisbətən aradan qaldıra bilər, lakin bu, bütün problemlərin həlli demək deyil.
Hər şeyə rəğmən ABŞ-ın İrana İsraillə birlikdə zərbə endirmək ehtimalı hələ də yüksəkdir. Ola bilsin ki, bu zərbələr kütləvi xarakter daşımasın və müəyyən hədəflərə yönəlsin. Ancaq bu, Vaşinqtonun İranla bağlı planlarının təxirə salınması anlamına gəlmir. İran probleminin həlli Yaxın Şərqdə, eləcə də Cənubi Qafqazda geosiyasi vəziyyətin gələcək inkişafının əsasını təşkil edir”.
Turan Rzayev
Globalinfo.az