Ordu quruculuğunda tarixi mərhələ

20.08.2026

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyevin 2001-ci il avqustun 20-də imzaladığı fərman peşəkar zabit kadrlarının hazırlanmasında vacib bir mərhələyə keçidi təmin etdi 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycanın gələcəyini düşünərək mühüm strateji önəm daşıyan qərarlar qəbul edib və sənədlər imzalayıb. Ulu Öndərimiz belə sənədlərdən birini tarixin bu günündə - 2001-ci il avqustun 20-də imzalayıb.  Söhbət Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığı sisteminin və hərbi təhsilin təkmilləşdirilməsini hədəfləyən fərmandan gedir.

Bu fərman Müdafiə Nazirliyi sistemində hərbi təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsində və peşəkar zabit kadrlarının hazırlanmasında vacib bir mərhələyə keçidi təmin etdi. Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. 2004-cü ildən etibarən bu hərbi məktəblər Heydər Əliyevin adını daşıyır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi - Ulu Öndərin azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə həssas yanaşması

Dünya tarixində iz qoyan böyük siyasətçi Heydər Əliyev Azərbaycana ideoloji cəhətdən iki fərqli formasiyada rəhbərlik edib - keçmiş sovet dönəmində və Azərbaycanın müstəqilliyinin ilk illərində. Lakin siyasi sistemlər bir-birindən fərqli olsa da, Heydər Əliyevin xalqa, Vətənə sevgisi və bağlılığı heç vaxt dəyişməyib. O, böyük fədakarlıqla ömrünü Azərbaycanın inkişafına həsr edib və bu yolda heç nədən çəkinməyib.

Azərbaycanın da 70 il tərkibində olduğu keçmiş SSRİ sərt ideoloji çərçivələrə malik bir dövlət idi. Həmin çərçivələrdən kənara çıxmaq xüsusilə də milli respublikalar və milli liderlər üçün sözün əsl mənasında bir tabu idi. Bu tabunu hansısa bir formada pozanları ən ağır cəza gözləyirdi. Ancaq Heydər Əliyevin milli təəssübkeşliyi, daxilində olan azərbaycançılıq hissi heç bir məhdudiyyət tanımırdı. Bunu 1969-cu ildə ilk dəfə respublikamızın rəhbərliyinə gələn Heydər Əliyevin bütün istiqamətlərdə milli intibahı, xalqın özünüdərkini, güclü iqtisadi potensial yaradılmasını hədəfləyən fəaliyyəti əyani şəkildə təsdiqləyir.

Böyük siyasətçi Heydər Əliyevin hələ keçmiş sovet dönəmində respublikaya rəhbərlik edərkən Azərbaycanın gələcəyini və gələcək müstəqilliyini düşünərək milli hərbiçi kadrların yetişdirilməsinə həssas yanaşması Onun strateji baxışlarının ifadəsi idi. Məlumdur ki, keçmiş ittifaqda ideoloji qadağalar həmçinin azərbaycanlıların peşəkar hərbçilər kimi formalaşmasına ciddi məhdudiyyətlər yaradırdı. Bu, çar Rusiyasından qalan bir ənənə idi. Məqsədli şəkildə belə bir ictimai rəy formalaşdırılmışdı ki, azərbaycanlılar hərb sənətindən uzaq olan bir xalqdır. Qəlbində daim Azərbaycanın müstəqilliyini arzulayan Heydər Əliyev bu qəbildən olan yanaşmalarla barışa bilməzdi və barışmadı da. Ulu Öndər çıxışlarının birində belə deyib: “22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil respublika olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.

Heydər Əliyev praqmatik siyasətçi idi və anlayırdı ki, müstəqilliyin əsas faktorlarından biri məhz ordu və orduda xidmət göstərəcək hərbçilərin olmasıdır. Bəzi statistik rəqəmlərə nəzər salsaq, azərbaycanlı hərbçi kadrların yetişdirilməsi ilə bağlı Heydər Əliyevin qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaranar. Onun birinci dəfə respublikamızın rəhbərliyinə gəldiyi ərəfədə - 1967-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə cəmi 21 azərbaycanlı, Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə isə vur-tut 2 azərbaycanlı daxil olmuşdu. Heydər Əliyevin özü belə acınacaqlı durumu şərh edərək bildirirdi: “Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur. Ümumiyyətlə, SSRİ ali hərbi məktəblərinə, əsasən, ruslar, ukraynalılar, beloruslar qəbul oluna bilərdilər. Qalan millətlərin gənclərinin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz İttifaqın bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Deməli, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən. Ona görə də mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum”.

Heydər Əliyev bütün maneələrə baxmayaraq, stereotipləri qırmağa nail oldu. Onun böyük səyləri və uzaqgörənliyi sayəsində  1971-ci ildə Zığ qəsəbəsində yerləşən 2 nömrəli səkkizillik internat məktəbin bazasında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü xüsusi internat məktəbin əsası qoyuldu. Ulu Öndərin bu məktəbin fəaliyyətinə xüsusi diqqətinin nəticəsi olaraq talelərini hərb sənətinə bağlamaq və bu sahədə çalışmaq istəyən azərbaycanlı gənclərin sayı ilbəil artdı. Bunu statistikadan da görmək mümkündür. Əgər 1971-ci ildə C.Naxçıvanski adına Xüsusi internat məktəbinin cəmi 21 məzunu keçmiş ittifaqın ali səviyyəli hərbi məktəblərinə daxil olmuşdusa, bu rəqəm 1983-cü ildə 133-ə çatdı. 1986-cı ildə isə məktəbin artıq 200-dən çox məzunu keçmiş ittifaqın müxtəlif ali  hərbi məktəblərinə daxil ola bilmişdilər. 1982-ci ildə bütövlükdə  respublikadan 1086 nəfər keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə daxil olmuşdu ki, onlardan 619 nəfəri azərbaycanlı idi. Beləliklə, Heydər Əliyevin səyləri sayəsində qısa müddətdə ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı gənclərin sayı 20 dəfəyə yaxın artdı. Bu, misli görünməmiş bir uğur idi. Söhbət yalnız say artımından deyil, həm də azərbaycanlı gənclər arasında hərbi sahəyə böyük maraq yaranmasından gedirdi. Eyni zamanda, azərbaycanlı gənclərin respublikamızda fəaliyyət göstərən hərbi məktəblərə cəlb edilməsi istiqamətində də məqsədyönlü işlər aparılırdı. Heydər Əliyev bu barədə xatirələrində yazaraq bildirib: “Mən 1970-ci ildə bu məktəblərin işi ilə tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul etdiyi halda, Ümumi Hərbi Komandirlər Məktəbində cəmisi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi Dəniz Donanması Məktəbində isə 1-2 nəfər azərbaycanlı oxuyur. Hərbi məktəblər Azərbaycanda, Bakıda yerləşirdi, amma orada oxuyanların tam əksəriyyəti azərbaycanlı deyildi. Bu, bir tərəfdən o vaxt aparılan siyasət, sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək vəzifələrdə başqa millətlərdən və xüsusən, Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər gördük. Biz Naxçıvanski adına hərbi məktəb yaratmaqla yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi məktəbə - baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet Ittifaqı Müdafiə Nazirliyinə tabe idilər - hər il azərbaycanlıların qəbul edilməsinə nail olduq”.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin ikinci dönəmi - nizami ordu quruculuğunun əsası qoyuldu

Hazırda dünyanın dəyişən reallıqları ortadadır - beynəlxalq prinsiplər işləmir, güc amili önə keçib. Bu reallıqlar fonunda Heydər Əliyevin zamanında ordu quruculuğuna həssas yanaşma sərgiləməsinin strateji önəmi daha aydın dərk olunur. Ordu müstəqil dövlətin mövcudluğunun əsas atributudur. Qeyd etdiyimiz kimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü müstəqilliyimizin ilk illərinə təsadüf edib. Ulu Öndər çətin bir dönəmdə - 1993-cü ilin yayında müstəqil Azərbaycanın rəhbərliyinə gəlmişdi. Daha doğrusu, bunu xalq və o dövrdə hakimiyyəətdə olan AXC-“Müsavat” iqtidarı təkid etmişdi. Bu o dövr idi ki, AXC-“Müsavat” iqtidarı səriştəsiz rəhbərliyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirmişdi. Belə bir vəziyyətdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyev xalqın Ona bəslənən ümidlərinin qırılmasına imkan vermədi və respublikanın rəhbərliyinə gəlməyə razılıq verdi.

Heydər Əliyev ikinci dəfə Azərbaycanın rəhbərliyinə gəlişinin ilk günlərindən ordu quruculuğuna xüsusi diqqət ayırdı. Həmin dövrdə Azərbaycanda nizami ordu yox idi. Xarici təcavüzə məruz qalan ölkənin ordusu ayrı-ayrı “liderlərə” tabe olan və sırf onların göstərişlərini yerinə yetirən pərakəndə dəstələrdən ibarət idi. Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri məhz bütün müqavimətləri yararaq həmin pərakəndə silahlı birləşmələri ləğv etməklə nizami, vahid komandanlığa tabe olan ordu quruculuğuna nail olmasıdır.  Atılan bu mühüm addımdan sonra isə ordunun strukturunun formalaşdırılmasına, təchizatın qaydaya salınmasına start verildi. Görülən mühüm tədbirlərdən bəzilərinə diqqət çəkək.  Respublikada hərbi təyyarəçi kadrlara olan ehtiyacın aradan qaldırılması üçün 1995-ci ildə Azərbaycanda Uçuş Hazırlığı Təlim Mərkəzi yaradıldı və bu mərkəzdə 3 illik proqram əsasında təyyarəçi kadrların hazırlanmasına başlandı. 1997-ci il oktyabr ayının 15-də bu təlim mərkəzində təhsil alan heyətin ilk buraxılışı oldu və Heydər Əliyev həmin tədbirdə iştirak edərək gənclərə öz tövsiyələrini verdi. Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması nizami ordu quruculuğu yolunda böyük uğur idi. Eləcə də Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu; bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na daxil oldu. Görülən işlərin nəticəsi olaraq iki mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Eləcə də 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçid etdi.

Paralel şəkildə hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atıldı. 1993-cü il noyabrın 23-də parlamentdə “Müdafiə haqqında” Qanun qəbul edildi. Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirilirdi. Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil edildi. Az sonra Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi şəxsən cəbhə bölgələrində ordunun, əsgərlərin vəziyyəti ilə yaxından tanış oldu, konkret tədbirlər müəyyənləşdirdi. Bu, ordunun şəxsi heyətinin mənəvi hazırlığını əhəmiyyətli dərəcədə yüksəltdi.

Nəhayət, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı fərmanla 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu fərman ordumuzun quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Ulu Öndər deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”.

Əlamətdar haldır ki, Heydər Əliyevin rəhbərliyi ilə hələ formalaşma mərhələsində olan Ordumuz ilk uğurlarını da qazanmağa başlamışdı. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən Ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.

Bakıda möhtəşəm hərbi parad - şanlı Zəfərin rəmzi və yeni reallığın nümayişi

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla təmin edilib. Son 22 ildə Azərbaycan Silahlı Qüvvələri müasir institusional struktur formalaşdırmaqla, həmçinin maddi-texniki təchizatı möhkəmlətməklə, güclü müdafiə sənayesi qurmaqla dünyanın ən güclü 50 ordusu sırasına daxil olub. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Milli Müdafiə Universitetinin yaradılması hərbi kadrların hazırlanmasında Ulu Öndərin əsasını qoyduğu ənənəyə sadiqliyi təsdiqləyir. Təhsil müəssisəsinin yaradılmasında məqsəd Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılmasıdır. Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

Azərbaycan Silahlı Qüvvələri gücünü döyüşlərdə göstərən Ordudur. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüşlərdə azad etməklə, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı ilə ölkə ərazisində separatizm yuvasını birdəfəlik dağıtmaqla şanlı zəfərlərə imza atıb.

Ötən il Azərbaycanın şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar noyabrın 8-də Bakının Azadlıq meydanında möhtəşəm parad keçirildi. Parad təkcə Qələbənin rəmzi deyildi, həm də yeni bir reallığın nümayişi idi. Parad Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutdu. Azadlıq meydanından keçid edən müasir texnika Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirdi. Parada ordumuzun silahlanmasına cəlb olunan yeni texnikanın məlum səbəblərə görə yalnız bir hissəsinin nümayiş etdirildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir”.

Postmüharibə dövründə Ordumuzun gücləndirilməsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apardı. Döyüşlərdə yeni yanaşmaların, innovasiyaların tətbiqi və əlbəttə ki, şəxsi heyətin yüksək vətənpərvərliyi böyük Qələbəni təmin etdi. Azərbaycan postmüharibə dövründə ordu quruculuğunu İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla həyata keçirir. Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah-sursatla təminatı yenə də əsas vəzifələrdən biridir.

Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə  bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir.  Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir və yüksək çevikliyi ilə fərqlənir.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью