Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“ABL-nin ilk dövrəsi kifayət qədər rəqabətli və maraqlı keçdi”.
Bu sözləri “Ordu” basketbol klubunun baş məşqçisi Polad Həsənov deyib.
Mütəxəssis mövsüm ərzində komandalar arasında ciddi rəqabətin olduğunu vurğulayıb.
“Düşünürəm ki, çempionatın səviyyəsi və rəqabət baxımından yaxşı mövsüm izləyirik. Bizim üçün də ilk dövrə müəyyən mənada öyrənmə və özümüzü tanıma mərhələsi oldu. Bəzi oyunlarda yaxşı basketbol nümayiş etdirsək də, stabil çıxış etməkdə çətinlik çəkdik. Komandamızın üzərində işləmək və onu inkişaf etdirmək üçün kifayət qədər imkanımız var.
Açığı, ilk dövrənin nəticəsindən tam razı deyiləm. Mövsümə daha yaxşı başlamaq istəyirdik. Potensialımızın olduğunu bilirik, lakin hər oyunda bu potensialı tam ortaya qoya bilmədik. Müəyyən çətinliklərimiz oldu. Bəzi qarşılaşmalarda çox yaxşı mübarizə aparsaq da, kiçik detallar və oyunun kritik anlarında verdiyimiz qərarlar nəticəyə təsir göstərdi. Amma komandama inanıram. Yaxşı oyunçularımız və personalımız var, daha böyük hədəflərimiz mövcuddur. Əsas məqsədimiz səhvlərimizdən nəticə çıxarmaq, çatışmazlıqlarımız üzərində işləmək və daha stabil komanda formalaşdırmaqdır. Çünki komanda hər şeydən əvvəl birlik deməkdir”, - deyə o AzB.az-a açıqlamasında bildirib.
Həsənov üçüncü dövrədə fərqli komanda görmək istədiyini vurğulayıb:
“Daha aqressiv, daha intizamlı və hər top uğrunda mübarizə aparan kollektiv olmalıyıq. Bizim üçün əsas məsələ təkcə nəticə deyil, həm də komandanın keyfiyyətinin və xarakterinin inkişafıdır. İnanıram ki, düzgün çalışsaq, qarşımıza qoyduğumuz hədəflərə çata bilərik.
Məqsədimiz daha yüksək hədəflər uğrunda mübarizə aparmaqdır. Mövsüm hələ başa çatmayıb və ən vacib oyunlarımız qarşıdadır. Ümid edirəm ki, bundan sonra, ikinci dövrədə fərqli bir komanda izləyəcəyik”.
Qeyd edək ki, “Ordu” ilk dövrədən sonra doqquz xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.