“Orhus”la matçda nələrə diqqət etməli?

10.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah “Orhus”u qəbul edəcək. Tərəflər arasında baş tutan ilk görüşdə danimarkalılar qələbə qazanıb – 2:1.

İlk matçın ikinci hissəsində üstün futbol nümayiş etdirən, daha çox qol şansı yaradan və rəqibi təzyiq altında saxlayan “bayquşlar” cavab matçında da bu oyunu tətbiq edə bilsə, mərhələ keçmək şansları böyük olacaq. “Orhus” hücumda nə qədər effektivdirsə, müdafiədə də bir o qədər boşluqlar verməyə meyillidir.

Birinci görüşdə hər iki hissədə “Sabah”ın hücumçusu Coy-Lens Mikels arxa xəttdə boş mövqelər tapsa da, qapıya düşə bilmədi. Danimarka çempionunda yarımmüdafiə ilə müdafiədə xəttlərarası əlaqə yaxşı deyil. Bəzən müdafiəçilər çox önə çıxır, bəzən orta xətt oyunçuları geri qayıtmaqda, mövqe tutmaqda çətinlik yaşayır. Bu amil “Sabah” üçün üstünlükdür.

Sabahkı matçda “bayquşlar”ın cinah oyunçularının və komandanın “beyni” Aleksey İsayevin üzərinə böyük iş düşəcək. “Sabah” rəqibini uzun müddət pressinqlə sıxa bilsə, “Orhus” boşluq verməyə məcbur olacaq. Hesabın erkən açılması da təmsilçimiz üçün əlavə psixoloji üstünlük qazandıracaq.

Danimarka çempionunun irəlidə sürətli oyunçuları var. Bu səbəbdən müdafiədə kompaktlıq önəmlidir, risksiz, sakit oyun “Sabah” üçün daha uyğundur. Danimarkalıların arxaya atılan uzun topları da kifayət qədər effektivdir. “Orhus” Polşada “Lex”lə səfər matçında məhz əks-hücumlarla kifayət qədər təhlükəli epizodlar yarada bildi.

“Sabah” ilk matçda rəqibindən zəif olmadığını, meydanda daha yaxşı tərəf olduğunu göstərdi. Cavab matçında 7 minə yaxın azarkeş olacaq. “Bayquşlar” fanatların da dəstəyi ilə rəqibin müqavimətini qırıb, erkən qol vurmağın planlarını qurmalıdır. “Sabah”a mərhələ adlamaq üçün iki top fərqi ilə qələbə lazımdır. “Orhus”un hücumçularını zərərsizləşdirmək və irəli hər şansdan maksimum yararlanmaq mütləqdir.

Sabah keçiriləcək matç saat 20:00-da start götürəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью