Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

11.11.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

İnsan orqanizmi hər gün müxtəlif zərərli maddələrlə təmasda olur. Bu səbəbdən bədənin normal fəaliyyətini və təbii müdafiə mexanizmlərini dəstəkləyən qidalar qəbul etmək vacibdir.

Mütəxəssislər bildirirlər ki, orqanizmi “təmizləmək” vəd edən xüsusi detoks məhsullarına pul xərcləməyə əksər hallarda ehtiyac yoxdur. Sağlam və balanslı qidalanma zamanı qaraciyər və böyrəklər kimi orqanlar bədənin zərərli maddələrdən təmizlənməsində öz funksiyalarını yerinə yetirir. Bununla belə, bəzi meyvələr tərkibindəki vitaminlər, antioksidantlar və lif sayəsində bu proseslərə dəstək ola bilər.

SheFinds.com nəşri dietoloq Paula Dobriçlə söhbətində belə meyvələrdən dördünü müəyyənləşdirib: qaragilə, moruq, portağal və qırmızı üzüm.

Qaragilə – antioksidant mənbəyi

Dietoloqun sözlərinə görə, qaragilə antioksidantlar, C vitamini, fol turşusu və kaliumla zəngindir. Bu giləmeyvə həm də yaxşı lif mənbəyidir.

Qaragilənin tərkibindəki qida maddələri orqanizmin normal fəaliyyətini və təbii müdafiə mexanizmlərini dəstəkləyir.

Moruq – həm təzə, həm də dondurulmuş halda faydalıdır

Moruq da faydalı giləmeyvələr sırasındadır. Onu həm təzə, həm də dondurulmuş formada istehlak etmək mümkündür.

Dietoloq bildirir ki, moruq antioksidantlarla zəngindir və gündəlik qidalanmada sağlam ara yemək kimi istifadə oluna bilər.

Portağal – C vitamini və hesperidin

Paula Dobriçin sözlərinə görə, portağal C vitamininin zəngin mənbəyidir. Bu vitamin güclü antioksidant xüsusiyyətlərə malikdir və immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır.

Portağalın tərkibində sitrus meyvələrinə xas əsas antioksidantlardan biri olan hesperidin də var. Dietoloq qeyd edir ki, bu maddə qan təzyiqinin azalmasına kömək edə və iltihabəleyhinə təsir göstərə bilər.

Qırmızı üzüm – resveratrolun təbii mənbəyi

Qırmızı üzümün rəngi onun tərkibindəki antosianlarla bağlıdır. Bu maddələr antioksidant xüsusiyyətləri ilə tanınır.

Bundan başqa, qırmızı üzüm likopin, beta-karotin və C vitamini ilə zəngindir. Onun tərkibində olan resveratrol adlı polifenol da diqqət çəkir. Bu maddə iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır.

Dietoloq bildirir ki, təzə üzüm resveratrolun yaxşı mənbələrindən biridir və orqanizmin təbii müdafiə proseslərini dəstəkləyə bilər.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью