Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əmək haqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub.
Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə vurğulanıb.
Bildirilib ki, "Büdcə zərfi"ndə təqdim edilən məlumatlara əsasən, ortamüddətli dövrdə əhalinin nominal gəlirləri 2027-ci ilə nisbətən 29,5 mlrd. manat artaraq 137,0 mlrd. manata yüksələcək. Müvafiq dövrdə əhalinin gəlirlərində real artım tempi 3,4%-4,0% intervalında dəyişəcək.
Ortamüddətli dövrdə əhalinin xərclərinin 2027-ci ilə nisbətən 29,0 mlrd. manat artaraq 134,1 mlrd. manata yüksələcəyi, artım tempinin 3,4%-4,0% aralığında olacağı proqnozlaşdırılır. Təhlillər ortamüddətli dövrdə əhalinin xərclərinin nominal və real artımının gəlirlərin artım dinamikasına yaxın olacağını deməyə əsas verir.
Bununla yanaşı, növbəti ildə respublika üzrə orta aylıq əmək haqqının 8,7% artımla, yəni 1288,3 manat məbləğində nəzərdə tutulması fiziki şəxslərin gəlir vergisi üzrə proqnozların icrasına müsbət təsir edən amil kimi qiymətləndirilməlidir.