Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bu marşrut Sakit okean hövzəsini Atlantik məkanla birləşdirən ən qısa və səmərəli yoldur
Qlobal ticarət və nəqliyyat əlaqələrinin yenidən formalaşdığı bir dövrdə Avropa ilə Asiyanı birləşdirən marşrutların əhəmiyyəti artır. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz Azərbaycanın qarşısında yeni iqtisadi və logistika imkanları açan əsas layihələrdən birinə çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, son illərdə yaradılan nəqliyyat infrastrukturu və Çinlə inkişaf edən strateji tərəfdaşlıq ölkənin bu marşrutda rolunu daha da artırır.
Sentyabrın 22-də Pekində keçirilən “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026” çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş də Orta Dəhlizə beynəlxalq marağın artdığını göstərir. Sözügedən forum nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal nəqliyyat sistemlərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı qurulması ilə bağlı mövzuların gündəmə gətirildiyi beynəlxalq platformadır.
Pekində keçirilən forumda müxtəlif ölkələrin hökumət və nəqliyyat qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar və ekspertlər bir araya gəlir. Toplantıda müzakirə edilən məsələlər BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə də əlaqələndirilir.
Forumun əsas gündəliyini ölkələr arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi, eləcə də nəqliyyat sektorunda yaşıl keçidin sürətləndirilməsi təşkil edir.
Tədbirin mühüm istiqamətlərindən biri də Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının genişləndirilməsidir. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz üzrə yüksək səviyyəli görüşün forum çərçivəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çin, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Şahin Mustafayev forumun açılış mərasimində və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə çıxış edib. Çıxışlarda Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyəti, Azərbaycan-Çin arasında yükdaşımaların artırılması, tranzit imkanlarının genişləndirilməsi və nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Forum çərçivəsində Azərbaycan və Çin arasında “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin mübadiləsinin həyata keçirilməsi də nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından diqqətçəkən addımlardan biridir. Forumun yekununda isə dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib.
Azərbaycanın Avrasiya logistikasında üstün mövqeyi
Orta Dəhliz Çin və Mərkəzi Asiyadan başlayan yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasını təmin edən multimodal nəqliyyat marşrutudur.
Bu marşrutun əsas xüsusiyyətlərindən biri onun bir neçə nəqliyyat növünü vahid logistika zəncirində birləşdirməsidir. Çin və Qazaxıstandan gələn yüklər dəmir yolu ilə Xəzər dənizinin sahillərinə çatdırılır, burada dəniz nəqliyyatı vasitəsilə Azərbaycana keçir. Ələt limanından sonra isə yüklər dəmir yolu və avtomobil yolları ilə Gürcüstan, Türkiyə və Avropaya istiqamətlənir.
Azərbaycan bu sistemdə yalnız tranzit ölkə kimi çıxış etmir. Ölkədə son illərdə yaradılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil yolları, dəmir yolu infrastrukturu və logistika imkanları Orta Dəhlizin mühüm həlqələrindən birinin məhz Azərbaycan olmasına şərait yaradır.
Ələt limanının inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Limanın hazırkı yükötürmə imkanlarının genişləndirilməsi Azərbaycanın artan tranzit tələbatını qarşılamaq və gələcəkdə daha böyük həcmdə yükləri qəbul etmək məqsədi daşıyır.
Çinlə əməkdaşlıq Orta Dəhlizin önəmini artırır
Orta Dəhlizin gələcək inkişafında Çin xüsusi yer tutur. Dünyanın ən böyük istehsal və ixrac mərkəzlərindən biri olan Çindən Avropa bazarlarına yük axınının artması alternativ və etibarlı nəqliyyat marşrutlarına tələbatı yüksəldir.
Azərbaycan-Çin əlaqələrinin son illərdə sürətlə inkişaf etməsi bu baxımdan ölkənin tranzit imkanları üçün əlavə üstünlük yaradır. Çinlə Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Çindən Azərbaycan ərazisinə və əks istiqamətdə blok qatarların hərəkətinin artırılması Orta Dəhlizin yük potensialını gücləndirir. Pekində keçirilən görüşlər zamanı da Azərbaycan və Çin arasında yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi və nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin gündəmə gətirilməsi bunu göstərir.
Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri yalnız nəqliyyat məsələləri ilə məhdudlaşmayıb. Azərbaycan nümayəndə heyəti Ümum-Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakirlə görüş keçirib. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərdə isə Azərbaycanda həyata keçirilən layihələrin vəziyyəti, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bu isə Orta Dəhlizin nəqliyyat marşrutundan daha geniş iqtisadi əməkdaşlıq platformasına çevrilə biləcəyini göstərir.
Bakı–Tbilisi–Qars və Ələt limanı
Azərbaycanın Orta Dəhlizdəki mövqeyini gücləndirən əsas layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu xətt Azərbaycanı Gürcüstan və Türkiyə üzərindən Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirir. Aparılan yenidənqurma işlərindən sonra xəttin yükötürmə qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb.
Ələt limanı isə Xəzərdən keçən yüklərin qəbul edilməsi və onların Qərbə istiqamətləndirilməsi baxımından Orta Dəhlizin əsas logistika mərkəzlərindən biridir. Limanın imkanlarının artırılması ilə yanaşı, ətraf ərazidə logistika və sənaye infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanın tranzit funksiyasını iqtisadi fəaliyyətlə daha sıx əlaqələndirir.
Marşrutun rəqabət qabiliyyəti yüksəkdir
Orta Dəhlizin əhəmiyyətini artıran amillərdən biri də yükdaşımaların sürətidir. Şərq-Qərb istiqamətində alternativ marşrutlara tələbatın artması Trans-Xəzər xəttinin inkişafını sürətləndirir. Bununla yanaşı, marşrutun rəqabət qabiliyyətinin artırılması üçün Xəzər dənizində gəmi və bərə imkanlarının genişləndirilməsi, limanlar arasında koordinasiyanın gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın nəqliyyat sisteminin rəqəmsallaşdırılması da xüsusi rol oynayır. Elektron sənədləşmə, yükün izlənməsi və sərhəd-keçid prosedurlarının sürətləndirilməsi daşımaların vaxtına və xərclərinə birbaşa təsir göstərir.
Orta Dəhlizin inkişafı Azərbaycanın iqtisadiyyatında nəqliyyat sektorunun rolunun artmasına imkan yaradır. Əgər əvvəllər ölkənin tranzit potensialı əsasən coğrafi mövqe ilə izah olunurdusa, hazırda bu üstünlük geniş infrastruktur və beynəlxalq əməkdaşlıq şəbəkəsi ilə tamamlanır.
Azərbaycanın mövqeyini fərqləndirən əsas məqam Xəzər dənizi ilə Qafqaz və Türkiyə istiqamətlərinin birləşdiyi nöqtədə yerləşməsidir. Bu imkan ölkəyə Mərkəzi Asiyadan gələn yüklərin Avropaya daşınmasında mühüm rol oynamağa şərait yaradır.
Pekində keçirilən son görüşlər də göstərir ki, Orta Dəhlizin gündəliyi artıq ayrı-ayrı ölkələrin nəqliyyat layihələrindən daha geniş çərçivəyə çıxır. Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa arasında əlaqələrin inkişafı fonunda bu marşrutun qarşıdakı illərdə Avrasiyanın əsas logistika xətlərindən birinə çevrilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan üçün isə əsas vəzifə mövcud coğrafi üstünlüyü davamlı iqtisadi üstünlüyə çevirmək, tranzit imkanlarını artırmaq və ölkə ərazisindən keçən yük axınlarının yaratdığı əlavə dəyərin daha böyük hissəsini milli iqtisadiyyatda formalaşdırmaqdır.
Musa BAĞIRLI
XQ