Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Orta Dəhlizin səmərəliliyinin artırılması üçün daşımaların təhlükəsizliyi ilə yanaşı, tranzit müddətinin proqnozlaşdırıla bilməsi və rəqəmsallaşma da vacibdir”.
525.ax xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, şirkətlər üçün yüklərin çatdırılma müddətinin əvvəlcədən bilmək vacibdir. Çünki tranzit vaxtı ilə bağlı qeyri-müəyyənlik biznesdə əlavə suallar yaradır və dəhlizə olan etimada təsir göstərir.
C. Çoriyev bildirib ki, altı ölkə arasında vahid tranzit icazəsi haqqında saziş qəbul edilib:
“Bu mexanizm Azərbaycan, Qazaxıstan və Qırğızıstanın da daxil olduğu ölkələrdə vahid icazə ilə yükdaşımalara, müxtəlif nəqliyyat növlərindən istifadəyə və hər ölkə üçün ayrıca icazə almaq zərurətinin aradan qaldırılmasına imkan verir. İcazələrin elektron formada təqdim edilməsi də prosesi asanlaşdırır”.
O, biznes nümayəndələrinin təcrübə və təkliflərinin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb: “TRACECA-nın Biznes Şurası nəqliyyat şirkətlərini, inkişaf institutlarını və assosiasiyaları bir araya gətirərək onların problemlərinin beynəlxalq səviyyədə müzakirəsinə imkan yaradır”.
Pərvanə Sultanova