Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 sentyabr, AZƏRTAC
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədlinin “Orta əsr Azərbaycan miniatür təsvirli keramikalarında naxışlar və kitabələr: harmoniya və simvollar” adlı məqaləsi “ERİH PLUS” beynəlxalq xülasələndirmə və indeksləmə bazasına daxil olan “European Journal of Economics and Management Sciences” nəşrinin 2026-cı il üzrə 3-cü nömrəsində dərc olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Məqalədə orta əsr Azərbaycan miniatür təsvirli keramikalarında rast gəlinən naxış və kitabələr araşdırılır, onların simvolik mənaları, üslub harmoniyası və iqtisadi-mədəni əhəmiyyəti ön plana çəkilir. Tədqiqat əsasən Azərbaycan Milli İncəsənət Muzeyində qorunan, Təbriz keramika məktəbini təmsil edən bir sıra sənət nümunələrinə həsr olunub. Bu nümunələr Səfəvilər dövründə və Səfəvilərdən əvvəlki mərhələdə xəttatlıq, miniatür rəngkarlıq və ornamental bəzək sənətinin sintezini əks etdirir.
XI–XIX əsrlər ərzində Azərbaycanda keramika istehsalı miniatür sənəti və memarlığın inkişafı ilə paralel şəkildə dəyişib və təkmilləşib. Xüsusilə Səfəvilər dövründə keramika məmulatları yalnız gündəlik istifadə üçün hazırlanan əşyalar deyil, həm də ideoloji və estetik düşüncəni ifadə edən sənət nümunələri kimi qəbul edilirdi. Keramika üzərində ərəb dilində kitabələrin və fars poeziyasından parçaların istifadə olunması isə həmin dövrün dini dünyagörüşünü və intellektual-mədəni səviyyəsini əks etdirirdi.
Məqalədə Təbrizdə aşkar edilmiş və II Şah İsmayılın təsvir edildiyi minai tipli boşqab, I Şah Abbasın təsvir edildiyi keramika nümunəsi, eləcə də Firdovsinin “Şahnamə” əsərindən səhnələrin əksini tapdığı küp qab və digər nümunələr tədqiqata cəlb olunub.
Tədqiqat göstərir ki, orta əsr Azərbaycan miniatür keramikaları yalnız məişətdə istifadə olunan əşyalar deyil, həm də dərin bədii, ideoloji və mənəvi məzmun daşıyan sənət əsərləridir. Bu nümunələrdə ornament, miniatür təsvir və xəttatlığın vəhdəti yüksək estetik harmoniya yaradır və dövrün siyasi, dini və mədəni dünyagörüşünü əks etdirir.