Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dilçi-tarixçi alim olaraq tanıdılan Firudin Cəlilov böyük elmi nüfuz sahibi kimi müdrik görkəm alaraq son günlər müzakirə mövzusu olan məsələ ilə bağlı belə bir açıqlama verib: "Fazil Mustafaya deyin, gedib XIV əsrdə Rəşidəddinin qələmə aldığı Oğuznaməni oxusun. 600 il bundan qabaq yazılıb. Oğuz Xan türklərin ulu babasıdır. Oğuz Xan deyir ki, Azərbaycan adı Azər xalqı ilə bağlıdır. Azərlər türklərdir. Türklərdə azman adam, hörmətli adam, nüfuzlu adam, intellektual səviyyəsi olan adamlara Azər deyilir. Bayqan da həmin adamların ölkəsi – Azərbayqan.
Bunu 600 il öncə Oğuz Xan deyib. Bunları oxusunlar, ondan sonra danışsınlar. Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar. Hələ bilmirlər ki, Azərlər elə Xəzərlərdir. Dialekt fərqi var, eyni xalqdır – Azər, Xəzər. Gedib onu öyrənsinlər. Bu mənada Səyyad Aran haqlıdır".
Sözün doğrusu, burada mənim ən xoşuma gələn cümlə heç şübhəsiz ki, bu oldu: “Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar”. Bu cümləni semantik təhlil etsək onu işlədən şəxsin sadəcə dil bilgisinə şübhə ilə yanaşmaq olar. Çünki tarixdən bilgisi olmaqla, dünyadan bilgisi olmaq ekvivalent ifadələr deyil. Bizim hamımızın tarixdən bilgimiz səthidir və əldə olunan yarımçıq mənbələrə istinad edərək yüz il, min il, iki min il öncə barədə təsəvvürlərimizi ifadə etməyə çalışırıq. Dünya haqqında bilgimiz isə bu gün yaşadığımız və müşahidə etdiyimiz şeylər barədə təsəvvürlərimizdir və bunun fenomen olaraq tarixlə elə bir əlaqəsi yoxdur, çünkü tarix fəlsəfəsi ilə məşğul olan elmi nəzəriyyə sahibləri filosoflar da belə düşünürlər ki, tarix fenomen olaraq bilinməz, biz sadəcə öz zehni qurqularımıza və təsəvvürlərimizə tarix bilgisi adı veririk. Bu səbəbdən də bir çox elmlərdə olduğu kimi, xüsusən tarix elmində mütləq arxayınlıqla iddialarda bulunmaq tarix elminin özünə zidd bir davranışdır və elm sahibi olan bir alim mütləq iddialardan uzaq durmalıdır.
Əlbəttə, hamımızın hər ikisi ilə bağlı az-çox xəbərimiz olsa da, bilgilərmiz yetərsizdir.
Bəli, Azərbaycan cəmiyyətində cahillik o səviyyədədir ki, Firudin Cəlilov kimilər özlərini uzun illərdir “alim kimi ortaya ata bilirlər”. Həm də bu cür “alimlər” elmi nəticələri, düşüncə mətnləri ilə deyil, türkçü, millətçi kimliyi ilə ün qazanmağı hədəf seçirlər. Və bu alim adını geninə boluna işlədənlər mərhum Əbülfəz Elçibəyin siyasətini müəyyənləşdirdiyi, Kamran İmanov və mərhum Vurğun Əyyubun isə tətbiq etdiyi testin müəllifliyini mənimsəməyə, ümumtürk əlifbasının qəbuluna dar azərbaycanlı baxışı ilə əngəl olmağa qədər nə dilçiliyimiz, nə tariximiz, nə də maarifçiliyimiz üçün faydalı bir iş ortaya qoymuşlar.
İndi geri dönüş edək Firudin Cəlilovun Şəxsimə yönəlik məlum qiymətli tövsiyə və şərhinə. Qeyd edim ki, Firudin müəllimin vurğuladığı mənbələri “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” kitabı üzərində işləyərkən diqqətlə oxumuşam və dəqiq bilirəm ki, onun söylədiyi tezislər adını qeyd etdiyi mənbələrdə iddia etdiyi şəkildə yer almamışdır. Yəni dilçiliklə, tarixlə əlaqədar yazdığı bütün mətnləri kimi sadəcə bu tezislər də elmi əsası olmayan nağıllar kimi anlaşılmalıdır. Bu cür millətçi, türkçü adının arxasında gizlənib saxta tarixi bilgisiz insanlarımıza sırıyaraq ün qazanmış “nüfuz sahibləri” gərək gizləndiyi yerdən çölə çıxmasınlar. Yaxud da özünün ifadə etdiyi kimi, “ortaya atılmasınlar”, hətta daha sərt ifadə ilə söylərsək, “ortalığı öz cəfəngiyyatları ilə batırmasınlar”. Məsələn ciddi elm admı, fikrimcə, öz tövsiyəsini belə ifadə edərdi: “Rəşid əd-Dinin yazdığı “Oğuznamə”nin filan ildə nəşr olunmuş nüsxəsinin filanıncı səhifəsində bu barədə dəqiq yazılıb”. Halbuki “Oğuznamə”nin biri uyğurca, digəri isə farsca olmaqla indiyədək iki əsas mətni əldə edilib. Hər iki mətn də İlhanlı (Elxanlı) saray çevrəsində təqribən eyni vaxtda, yaxud da bir əsr içində yazılmışdır. Uyğurca “Oğuz-Kağan” dastanı mənzum formada yazılmış, başlığı və sonluğu əksikdir. Bu kitabın Paris mili kitabxanasında olan uyğur hərfləri ilə yazılmış 21 vərəqdən (42 səhifədən) ibarət əlyazmasını tədqiqatçılar XV əsrə aid edirlər. Rusca tərcüməsi A.M. Şerbakın 1959-cu ildə nəşr etdiyi “Oğuznamə-Məhəbbətnamə” kitabında yer alır. Rəşid əd-Dinin “Camiut-təvarix” adı ilə farsca yazılmış məşhur “Oğuznamə”sinin tamamlandığı tarix isə 1310-cu il göstərilir. Ardınca Xivədə yazılmış Əbu-l Qazi Bahadur-xanın “Şəcəreyi-Tərakimə” (Türkmənlərin soy kitabı) gəlir ki, bunu da bizə daha yaxın dövr olan 1818-1819-ci illərə aid edirlər. Adı keçən bu ən ünlü “Oğuz” dastanlarında “Azər” sözünün türklərlə əlaqələndirilməsinə, ümumiyyətlə rast gəlinmir. Hətta V.V. Radlovun 1893-cü ildə nəşr olunan “Türk ləhcələri lüğəti təcrübəsi" kitabında da bu sözün yer almadığını görürük. Sadəcə Bartold “Orta Asiya Türk tarixi haqqında dərslər” (İstanbul 1927) əsərində Oğuzlardan bəhs edərkən Qırğızların qonşusu olan “Az”lar barədə qısa bilgi vermişdir. Bunun Azər və ya Azərbaycanla əlaqələndirilməsini ciddi elmi ədəbiyyatda görmək mümkün deyildir.
Yəni, Azərbaycan adının “Azər xalqı”ndan gəlməsi, Azərlərin türk olması, türklərdə “Azər” sözünün “azman, nüfuzlu, hörmətli, intellektual adam” mənası daşıması, Bayqan / Azərbayqan = həmin adamların ölkəsi kimi tezislərin heç biri Firudin Cəlilovun qeyd etdiyi formada Rəşid əd-Dinin mətnində yoxdur.
Bəs Rəşid əd-Dində nə var? Rəşid əd-din Həmədaninin həm tarixi hadisələr, həm də coğrafi-etnoqrafik bilgilər baxımından böyük xəzinə hesab olunan bu əsərində doğrudan da İlhanlı dövlətinin mərkəzi olan bölgəni təsvir edərkən Azərbaycan adı sıx istifadə olunur, "Azər" sözünün kökündən törəyən yer adlarına rast gəlinir. Burada bölgənin qədim inancı (Zərdüştülük) və yanan qaz sızıntılarına görə “atəş ölkəsi” kimi tanıtıma işarə edilir.
“Azərbaycan” adı Atropat (Aturpat) -Aturpatakan xətti ilə izah olunur. “Azər” daha çox od ( atar) semantik sahəsi ilə bağlıdır“. Azər”in sosial-status bildirən türk termini olması Rəşid əd-Dində keçmir. Yəni: “Azər = nüfuzlu, azman, intellektual türk adamı” ifadəsi Rəşidəddinin deyil, sonrakı dövr milli-romantik etimologiyaların məhsuludur.
Bu cür iddialar əsasən XX əsr milli-tarixi romantik yazılarda, bəzi proto-türkçü - etimoloji spekulyativ mətnlərdə, elmi metoddan çox ideoloji motivasiyalı yanaşmalarda yer alır. Bu cür iddiaları isə akademik tarixçilikdə qəbul etmirlər. Bu kateqoriyadan olan əsərlərin biri də Əbülfəz Elçibəyin “Azərbaycandan başlayan tarix” əsəridir. Yəni müəllifin subyektiv mülahizələri elmi -tədqiqat mətni kimi qiymətləndirilə bilməz. Çünki kimsə tarixin haradan başladığını sadəcə ehtimal edə bilər, isbat yox. Bu istiqamətdə yazılanlardan Toynbeenin, Herbert Uelsin, Yaspersin çox dəyərli tədqiqatlarını nümunə gətirmək olar.
Həmin milli-romantik etimologiyanın başqa bir məhsulu isə F.Cəlilovun “Azərbaycan türklərinin islamaqədər tarixi” (bu adın özü də absurddur, çünki İslamaqədərki dövrdə Azərbaycan ayrıca siyasi-coğrafi məkan deyildi və Azərbaycan türkləri də ümumi türk adı altında tanınırdı. XX əsrin terminini islamaqədərki dövrə pərçimləmək elmi cəhətdən əsaslandırıla bilməz. Adı “İslamaqədər dövrdə Azərbaycan tarixi-coğrafi məkanında türklərin tarixi” olsaydı bu iradımıza da yəqin ki, gərək qalmazdı.- F.M.) kitabının I cildində “Protoazər atayurdu” başlığı ilə verilmiş mətndə yer almaqdadır. F.Cəlilovun bəzi savadsız millətçilərə sırıdığı nağıldan bir hissəni sizə təqdim edirəm: “Ön Asiyaya m.ö. II minillikdə saqa-qəmər boylarının qayıdışı ilə protoazər boylarını dirçəltmişdi. Bu boyların Azərbaycana qayıdışı Azər xalqının və azər türkcəsinin yaranma prosesini başa çatdırdı. Azər xalqı formalaşana qədər Atayurdda keçirdiyi protoazər dövrü m.ö. VII əsrə qədər davam etdi. Bu baxımdan ikinci Atayurdunda formalaşan digər türk xalqlarından fərqli olaraq Ata ocağında qalan azər-xəzər boyları Atayurdu kənarında deyil, ptotürk yurdunun içində idi. Bu günkü azər türklərinin yaşadığı etnik coğrafiya vaxtilə protoazər boylarının yayıldığı coğrafiyanın hüdudları ilə üst-üstə düşür... Həmin əsrdə bütöv regionun geosiyasi durmunu dəyişən olaylarda aktiv iştirak edən bu boylar Azərbaycanda azər xalqına qarşıb, Saqa Eli qurmuşlar.” Bu cəfəngiyyatdan bir şey anladınızmı? Açıq söyləyirəm, bu mətndən, yəni Azərbaycan xalq nağıllarının bir epizodundan hansısa ciddi bir tədqiqatçı iqtibas gətirsə birmənalı insanı heyrətləndirmiş olardı. Elmi əsər deyib təbliğ olunan “Doqquz bitik” kitabındakı bu nağıl cümlələrinə bu mövzu ilə bağlı ciddi araşdırmaları olan Bartoldda, Sümerdə, Köprülüdə qətiyyən rast gəlməzsiniz. Azər xalqının, Azər dilinin və onun türkərlə əlaqəsinin publisistik gopunu müəllif hələ illər öncə kiril əlifbası ilə nəşr etdirdiyi “Azər xalqı” adlı kitabından buraya da köçürərək millətçi-türkçü duyğularımızı təzələmək istəmiş. Elə bu mətndən də anlaşılır ki, mənə oxumağı tövsiyə etdiyi Oğuznaməni də vallahi-billahi oxuyub heç anlamamış.
Özünə uşaq aşıq yığan kimi, elmlər doktoru, professor, millət təəsübü çəkən alim titullarını yığmaqdan həzz alan dünyasını dəyişmiş, yaxud da yaşayan bir çoxları həqiqət axtarışını bir yana qoyub tarixə yerləşdirdiyi öz əşyalarını bəzəyib-düzəyib bizlərə oyuncaq olaraq sırımışlar. XX yüzilin böyük alman filosoflarından biri Hans-Georq Qadamer (1900-2002) hermenevtikanın (Hermenevtika- təfsir (şərh) nəzəriyyəsi və metodikası kimi xüsusilə də dini və fəlsəfi mətnlərin, müdrik ədəbiyyatların şərh edilməsidir- F.M.) ruhunu başqasının da haqlı ola bilmə imkanını tanımaq kimi izah edir. Qadamerə görə, özünü bilmək, Tanrı olmadığını bilmək anlamına gəlir. Fəlsəfə də insanın öz cəhalətini qəbul etməklə başlar və bitər.
Qadamerin söylədiyi şəkildə mən də öz cahilliyimi bu mövzularda qəbul edirəm və qətiyyən alim adı ilə ortaya atılmıram. Başqasının da tezislərinin həqiqət ola biləcəyinin özəlliklə min illər öncənin təsvirinə görə mümkünlüyünü qəbul edirəm. Öz anladığım ağlabatan həqiqətimi aşağıdakı kimi təqdim edirəm: Azər xalqı və ya Azəri xalqı və dili haqqında ciddi elmi bilgilər olmasa da, qədim Azərbaycan ərazisində yaşamış etnik elementlərdən birinə aid olması mümkündür. Bütün hallarda bu tanıtımın biz türklərə aidliyini illərdir süni konstruksiya ilə sübut etməyə çalışanlar hansısa ciddi elmi nəticə ortaya qoya bilməmişlər. Bəli, müasir Azərbaycan dili təmiz türk dilidir və ya türk dilinin mühüm qollarından biridir və əslində bu ad da elmi deyil, siyasi yanaşmanın məhsuludur. Azərbaycan xalqı deyəndə mütləq çoxluğu türklərin təşkil etdiyi bütün etnik mozaikanın içinə alan siyasi bir təşəkkül başa düşülür. Sadəcə bu yazı ilə uydurduğu tarixin mazoxizmini yaşamaq istəyən beş-on insana xoş gəlmək üçün söylənilən nağılların toplum üçün zərərinə diqqət çəkir, tariximizlə, dilimizlə bağlı doğru mühakimənin vacibliyinə diqqət yönəldirəm.