Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK

25.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və səfər əsnasında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, iki qardaş ölkə arasında əlaqələr xalqlarımızı əsrlər boyu birləşdirən dərin mənəvi bağlara əsaslanır. Azərbaycan və Özbəkistan münasibətlərinin təməlində ortaq tariximiz, milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz və dil yaxınlığımız dayanır”. 

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan və Özbəkistan münasibətləri məhz sözügedən möhkəm bünövrə üzərində ən yüksək pilləyə, müttəfiqlik səviyyəsinə yüksəlib:

Azərbaycan və özbək dillərinin eyni dil ailəsinə mənsub olması xalqlarımız arasında ünsiyyəti asanlaşdıran, qarşılıqlı anlaşmanı gücləndirən mühüm amildir.

Biz bir-birimizin dilini anlayır, ədəbiyyatımızda, folklorumuzda və gündəlik danışığımızda ortaq və yaxın ifadələrlə qarşılaşırıq. Sözügedən yaxınlıq xalqlarımızın bir-birini daha dərindən tanımasına, xüsusilə gənc nəsillər arasında ünsiyyətin genişlənməsinə  şərait yaradır”.

Deputat qeyd edib ki, mövcud dil yaxınlığı təhsil və elm sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır:

“Azərbaycan və Özbəkistan universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, türk dili, tarixi və mədəniyyəti üzrə ortaq tədqiqatların aparılması, ikili diplom proqramlarının yaradılması təhsil və elm sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Daşkənddə Nizami Gəncəvinin adını daşıyan Milli Pedaqoji Universitetin fəaliyyət göstərməsi ortaq mədəni və ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Dil yaxınlığı eyni zamanda ədəbiyyat, media, kino, teatr və digər mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın imkanlarını genişləndirir. 

Azərbaycan ədəbiyyatının Özbəkistanda, özbək ədəbiyyatının Azərbaycanda daha geniş təbliği, əsərlərin qarşılıqlı nəşri, ortaq televiziya və media layihələrinin həyata keçirilməsi xalqlarımızın mənəvi yaxınlığını daha da möhkəmləndirəcək. 

İki qardaş ölkə arasında mədəniyyət günlərinin, media və QHT forumlarının, elmi konfransların və müxtəlif təhsil proqramlarının keçirilməsi bu istiqamətdə formalaşmış əməkdaşlığı nümayiş etdirir”.

G.Ağamalı bildirib ki, bütün bunların Türk dünyası müstəvisində  mühüm strateji əhəmiyyəti var:

“Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri kimi ortaq dil və mədəni dəyərlərin qorunması, türk xalqları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və inteqrasiya proseslərinin dərinləşdirilməsi istiqamətində mühüm rol oynayırlar.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, TDT yalnız dövlətlərarası əməkdaşlıq platforması deyil, eyni zamanda ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlikdir.

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir”.

Deputat vurğulayıb ki, bu baxımdan, ortaq dil bizim üçün ortaq yaddaşımızı, tarixi köklərimizi və mənəvi birliyimizi yaşadan strateji dəyərdir:

“Azərbaycan və Özbəkistan ikitərəfli qardaşlıq və müttəfiqlik münasibətlərini daha da möhkəmləndirir, bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və mədəni birliyinin güclənməsinə mühüm töhfələr verməkdədir. 

Avqustun 23-də imzalanan “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətini ortaya qoyur.

Günümüzdə ortaq tariximiz və dilimizdən qaynaqlanan qardaşlıq müasir siyasi iradə ilə tamamlanaraq xalqlarımızı daha sıx birləşdirən, Türk dünyasının gələcəyinə xidmət edən güclü strateji dayağa çevrilir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan və Özbəkistan Günay Ağamalı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью