Ortaq maliyyə platforması

26.08.2026

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu birgə iqtisadi hədəflərə çatmaqda əlaqələndirici rol oynayır

Azərbaycan və Özbəkistanın müvafiq qurumları son illərdə iqtisadi təmasları artırmaq üçün sıx işləyir. Ali Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya və digər strukturlar dövlət və özəl sektorun təmsilçilərinin biznes layihələrinin icrasında əlaqələndirici rol oynamaqdadır. Həm Özbəkistanda, həm də Azərbaycanda ikitərəfli və çoxtərəfli iqtisadi tədbirlərin sayı artmaqdadır. Tərəflər arasında müəyyən edilmiş hədəf investisiya müəssisələri və biznes dairələri arasında birgə layihələrin həyata keçirilməsi sayəsində sərmayə paketinin həcmini 10 milyard dollara çatdırmaqdır. İki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək, birgə invetisiya layihələrini təşviq etmək məqsədilə bir çox institisional-iqtisadi mexanizmlərdən də istifadə edilməkdədir. Bu prosesdə Azərbaycan-Özbəkisatn İnvestisiya Fondu mühüm rol oynamaqdadır.

Sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” 2022-ci il 21 iyun tarixli Bəyannamə və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi haqqında” Sazişə əsasən, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fondu) yaradılıb. Yeni qurum 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. 2024-cü il avqustun 22-də Daşkənddə ofisinin açılışı olan fond, bununla da rəsmən fəaliyyətə başlayıb.

Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla, biznesin genişləndirilməsi və inkişafı üçün maliyyələşməni təmin etməkdən ibarətdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir. Hüquqi şəxs statusuna malik fond müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və öhdəliklər götürmək, məhkəmədə, arbitrajda və münsiflər məhkəməsində iddiaçı və cavabdeh olmaq hüququna malikdir.

Hədəf sərmayə paketini 10 milyard dollara çatdırmaqdır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Nizamnamə kapitalında Azərbaycanın payı 75 faiz, Özbəkistanın payı isə 25 faizə bərabər olan fond Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşı olmaqla, aparıcı maliyyə institutu funksiyasını daşımaqdadır.

Fond Özbəkistanda faydalı qazıntıların və qızıl yataqlarının birgə kəşfiyyatı və işlənməsi məqsədilə Azərbaycanın “AzeGold” QSC və Özbəkistanın “Uzbekgeologorazvedka” ASC ilə birlikdə müştərək müəssisənin yaradılması layihəsini dəstəkləyir. Sənaye və istehsalatda müxtəlif sektorları əhatə edən 4 mühüm istehsalat müəssisəsinin maliyyələşdirilməsi həyata keçirilir və buraya daxili bazara və ixraca yönəlmiş idxaləvəzləyici yüksək texnoloji istehsal xətləri daxildir. Eyni zamanda, hər iki ölkənin rəqəmsal maliyyə sistemlərinin və innovasiyalarının inkişafına yönəlmiş fintech layihəsi də dəstəklənməkdədir. Eləcə də təhsil sektorunda Daşkənddə yerləşən Amerika Texnologiya Universitetinin maddi-texniki bazasının və infrastrukturunun qurulmasına 2 milyon dollar sərmayə ayrılıb.

Fondun digər başlıca prioriteti idxalı əvəz edən və yüksək texnologiyalı birgə istehsal sahələrinin yaradılmasıdır ki, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur, çünki yerli istehsal qarşılıqlı mübadilə olunmaqla iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına töhfə verəcək və başqa dövlətlərdən mal asılılığını azaldacaq.

Fondun digər fəaliyyət istiqamətinə sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirməkdir. Belə ki, Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşının olması şərtilə, qarşılıqlı maraq doğuran mövcud və yeni yaradılmış təsərrüfat subyektlərinin nizamnamə kapitalında minoritar payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızlarının əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı da nəzərdə tutulur ki, bu da şirkətə mühüm maliyyə institutu funksiyasının səlahiyyətlərinin verilməsi deməkdir.

Fondun kapital resurslarının artırılması istisna deyil

Fondun səmərəli və nəticəyönümlü fəaliyyətini təqdir edən Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Lakin nəzərdə tutulan və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu baxımdan, fondun kapital resurslarının gələcəkdə artırılması istisna deyil.

İnvestisiya Fondunun digər məqsədi digər qardaş ölkələrlə birgə layihələrin maliyyə təşviqinə də dəstək verməkdir. Sözsüz ki, burada əsas coğrafi istiqamətlər Türk dövlətləri nəzərdə tutulur. Türk Dövlətləri Təşkilatının Qarabağ Bəyannaməsindən irəli gələn vahid sərmayə proqramlarının həyata keçirilməsinə töhfə verməklə İnvestisiya Şirkəti türkdilli ölkələrin coğrafiyasında aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və digər prioritetlərə sərmayə cəlb edə bilər. Bu baxımdan fondun maliyyə kapitalının daha da böyüyərək gələcəkdə dayanıqlı iri sərmayə institutuna çevrilməsi də istisna deyil.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью