Ortaq tarix üzərində çağdaş Türk dəhlizi

25.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan–Özbəkistan nəqliyyat-logistika əməkdaşlığı bu yolda möhtəşəm körpüyə çevrilir

Azərbaycan – Özbəkistan strateji tərəfdaşlığında son illər nəqliyyat-logistika əməkdaşlığı daim diqqət mərkəzində saxlanılıb. Hazırda siyasi münasibətlərin yüksək səviyyəsi, qarşılıqlı investisiya imkanlarının genişlənməsi, ticarət dövriyyəsinin artması və regional iqtisadi inteqrasiya proseslərinin daha da sürətlənməsi nəticəsində bu sektorla bağlı əlaqələr yeni mərhələyə daxil olub.

Bu gün Azərbaycan və Özbəkistanı birləşdirən nəqliyyat-kommunikasiya xətləri sadəcə ikitərəfli yük və sərnişin daşımalarına xidmət etmir. Həmin xətlər daha geniş coğrafiyanı – Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən beynəlxalq logistika sisteminin tərkib hissəsi kimi mühüm önəm daşıyır. Bu mənada Bakı ilə Daşkənd arasında nəqliyyat əməkdaşlığı iqtisadi münasibətlərin ayrıca istiqaməti olmaqla bərabər, həm də regionun gələcək geoiqtisadi xəritəsini müəyyənləşdirən strateji amillərdən biri rolunu oynayır.

Hər iki ölkənin bu sahədə əməkdaşlığının dinamik inkişafını konkret göstəricilər də təsdiq edir. Ötən il Azərbaycan və Özbəkistan arasında tranzit daşımalarının həcminin 1,4 milyon tona çatması qarşılıqlı əlaqələrin genişlənməsinin bariz nümunəsidir. Bu rəqəm həm Azərbaycan və Özbəkistanın iqtisadi münasibətlərində nəqliyyat amilinin artan rolunu, həm də respublikamızın ərazisindən keçən beynəlxalq marşrutların Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir.

Dünəni sabaha qovuşduran əməkdaşlıq

Sözügedən sahədə səmərəli əlaqələrin mühüm istiqamətlərindən biri də hava nəqliyyatıdır. Bakı və Özbəkistanın aparıcı şəhərləri arasında birbaşa aviareyslərin sayının artması işgüzar münasibətlərin genişlənməsi ilə yanaşı, həm də turizm, mədəni-humanitar və investisiya əməkdaşlığının inkişafına əlavə imkanlar yaradır. Hazırda AZAL Bakı – Daşkənd – Bakı istiqamətində həftədə 7, Bakı –Səmərqənd – Bakı istiqamətində isə həftədə 2 reys həyata keçirir. Özbəkistanın aviaşirkətləri də paytaxtımızla hava əlaqələrinin genişləndirilməsində fəal iştirak edir. “Özbəkistan Xavo Yolları” Daşkənd – Bakı – Daşkənd marşrutu üzrə həftədə 4, “Centrum” aviaşirkəti isə 3 reys yerinə yetirir.

Bu göstəricilər Azərbaycan ilə Özbəkistan arasında hava nəqliyyatının artıq sabit və intensiv əlaqələrdən birinə çevrildiyini nümayiş etdirir. Birbaşa aviareyslərin çoxalması, ilk növbədə, biznes nümayəndələrinin, turistlərin və müxtəlif sahələrdə əməkdaşlıq edən mütəxəssislərin qarşılıqlı səfərlərini asanlaşdırır. Digər tərəfdən, Bakı və Daşkəndin regionun mühüm nəqliyyat qovşaqları kimi imkanlarının birləşdirilməsi gələcəkdə daha geniş coğrafiyanı əhatə edən hava-logistika əməkdaşlığı üçün də əlverişli zəmin yaradır.

Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat-logistika əlaqələrinin sistemli inkişafında hüquqi bazanın təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş mühüm sənədlərdən biridir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənd şəhərində imzalanmış həmin saziş iki ölkə arasında avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının daha müasir və qarşılıqlı maraqlara uyğun hüquqi əsaslar üzərində inkişafına əlverişli şərait yaradıb. Sənədin icrası ilə beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi, logistika prosedurlarının sadələşdirilməsi və nəqliyyat operatorları üçün daha əlverişli şəraitin formalaşdırılması diqqət mərkəzində saxlanılıb.

Sazişin əsas məqsədləri sırasında Azərbaycan və Özbəkistan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımalarının asanlaşdırılması, tranzit imkanların genişləndirilməsi, ticarət dövriyyəsinin artımına dəstək verilməsi və regional nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi mühüm yer tutur. Xüsusilə Orta Dəhliz və digər beynəlxalq marşrutlar üzrə daşımaların həcminin artdığı bir şəraitdə avtomobil nəqliyyatı sahəsində koordinasiyanın gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.

Dəmir yolu və dəniz nəqliyyatı ilə yanaşı, avtomobil daşımaları da multimodal logistika zəncirinin vacib həlqəsidir. Yüklərin son təyinat məntəqələrinə operativ çatdırılması, müxtəlif nəqliyyat növləri arasında çevik keçidlərin gerçəkləşdirilməsi və regional logistika mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi üçün avtomobil nəqliyyatının imkanları xüsusi rol oynayır.

Bu hüquqi mexanizmlər, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirir. Nəticədə respublikamızın ərazisindən keçən Özbəkistan mənşəli yüklərin həcminin artması bu sahədə əlavə imkanlara şərait yaradır, ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi isə daha möhkəm hüquqi və institusional əsasları şərtləndirir.

Orta Dəhlizin ortaq hədəfi

Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi, Azərbaycanın isə Xəzərin qərb sahilində mühüm nəqliyyat və logistika qovşağına çevrilməsi iki ölkənin coğrafi üstünlüklərini bir-birini tamamlayan strateji resursa çevirir. Özbəkistan böyük istehsal və ixrac potensialına malik olmaqla Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biridir. Ölkənin sənaye, kənd təsərrüfatı, tekstil, kimya və digər sahələr üzrə ixrac imkanlarının genişlənməsi yeni və səmərəli nəqliyyat marşrutlarına olan ehtiyacı da artırır. Dünya okeanına birbaşa çıxışının olmaması isə Özbəkistan üçün etibarlı tranzit tərəfdaşlarının və alternativ logistika marşrutlarının əhəmiyyətini daha da yüksəldir.

Azərbaycan isə Şərq – Qərb və Şimal – Cənub istiqamətlərinin kəsişməsində yerləşməklə, geniş nəqliyyat infrastrukturu formalaşdırıb. Müasir dəniz və hava limanı, dəmir yolları, beynəlxalq avtomobil magistralları və logistika mərkəzləri respublikamızın regional tranzit qovşağı kimi rolunu gücləndirib.

Bu baxımdan Azərbaycanın logistika infrastrukturu ilə Özbəkistanın istehsal və ixrac potensialının birləşdirilməsi hər iki tərəf üçün qarşılıqlı fayda yaradır. Özbəkistan məhsulları Azərbaycan vasitəsilə Qafqaz, Türkiyə və Avropa bazarlarına daha geniş çıxış imkanları əldə edir, ölkəmiz isə Mərkəzi Asiyadan gələn yüklərin daşınmasında və tranzitində mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığının əsas platformalarından biri Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən mühüm beynəlxalq ticarət yoludur.

Orta Dəhlizin əhəmiyyəti son illər daha da artıb. Qlobal təchizat zəncirlərində müəyyən dəyişikliklərin baş verməsi, daşımaların təhlükəsiz həyata keçirilməsi və fasiləsizliyinin reallaşdırılması zərurəti, alternativ nəqliyyat marşrutlarına marağın yüksəlməsi bu dəhlizin geoiqtisadi rolunu getdikcə gücləndirib.

Azərbaycan və Özbəkistan üçün Orta Dəhliz tranzit marşrut olmaqla bərabər, həm də iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni platforma kimi diqqət çəkib. Dəhlizin inkişafı ilə yüklərin daşınma müddətinin qısaldılması, logistika xərclərinin optimallaşdırılması, ticarət əlaqələrinin genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması mühüm önəm daşıyıb.

Bu mənada Özbəkistanın istehsal imkanları ilə Azərbaycanın tranzit potensialının uzlaşdırılması Orta Dəhlizin iqtisadi səmərəliliyini yüksəldən əsas amillərdən biridir. Mərkəzi Asiyada istehsal olunan məhsulların Xəzər üzərindən Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropa istiqamətində daşınması vahid multimodal sistemin formalaşmasına xidmət edir.

Özbəkistanın dünya okeanına birbaşa çıxışının olmaması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırır. Xüsusilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan gələn yüklərin Xəzər dənizi vasitəsilə Avropa və digər beynəlxalq bazarlara çıxışında mühüm rol oynayır. Ələt limanının imkanları dəmir yolu, avtomobil və dəniz nəqliyyatının bir nöqtədə birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu isə multimodal daşımaların inkişafı üçün əlverişli şərait yaradır.

Müasir beynəlxalq logistika sistemində təkcə nəqliyyat xəttinin mövcudluğu kifayət etmir. Əsas məsələ yüklərin bir nəqliyyat növündən digərinə minimum vaxt və xərc hesabına keçirilməsini gerçəkləşdirən vahid logistika zəncirinin qurulmasıdır. İki dost ölkə arasında əməkdaşlıq məhz bu istiqamətdə də geniş perspektivlərə malikdir. Bir sözlə, Xəzərin şərq sahilində yerləşən limanlarla Azərbaycanın dəniz nəqliyyatı imkanlarının daha səmərəli əlaqələndirilməsi, bərə və digər yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi, limanlarda rəqəmsal idarəetmə sistemlərinin inkişaf etdirilməsi gələcəkdə yük dövriyyəsinin daha da artmasını şərtləndirir.

Azərbaycanın Bakı – Tbilisi – Qars dəmir yolu xətti də Özbəkistanın ixrac potensialı üçün yeni imkanlar yaradan mühüm infrastruktur layihələrindən biridir. Bu xətt vasitəsilə Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə və Avropa istiqamətində daşınması daha geniş coğrafi perspektiv açır. Eyni zamanda, Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun inkişafı regionun nəqliyyat xəritəsində yeni imkanlar yaradır. Bu layihənin gələcəkdə Orta Dəhlizin mövcud infrastrukturu ilə daha sıx əlaqələndirilməsi Mərkəzi Asiyadan Qərbə doğru əlavə yük axınlarının formalaşmasına səbəb ola bilər.

Rəqəmsallaşma və “ağıllı logistika”

Müasir dövrdə nəqliyyat-logistika əməkdaşlığının səmərəliyi təkcə yeni yolların, limanların və dəmir yolu xətlərinin tikintisi ilə müəyyən edilmir. Rəqəmsal texnologiyaların tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi də ən azı fiziki infrastruktur qədər mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında rəqəmsal nəqliyyat sistemlərinin inkişafı, yük daşımalarının elektron izlənilməsi, gömrük məlumatlarının daha operativ mübadiləsi və tranzit prosedurlarının sadələşdirilməsi əməkdaşlığın perspektiv istiqamətləri sırasında yer alır.

Rəqəmsal həllərin tətbiqi yüklərin hərəkətinin real vaxt rejimində izlənilməsini, gecikmələrin operativ müəyyənləşdirilməsini və logistika zəncirinin daha səmərəli idarə olunmasını sürətləndirir. Elektron sənəd dövriyyəsinin genişləndirilməsi isə həm vaxt itkisini azaldır, həm də biznes üçün əlavə inzibati xərclərin aşağı salınmasına şərait yaradır.

Gələcəkdə Azərbaycan və Özbəkistan arasında vahid və ya qarşılıqlı əlaqələndirilmiş rəqəmsal logistika platformalarının yaradılması, elektron tranzit sənədlərinin tətbiq olunması və məlumat mübadiləsi mexanizmlərinin genişləndirilməsi nəqliyyat əməkdaşlığını yeni keyfiyyət mərhələsinə yüksəldə bilər.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi ilə də sıx bağlıdır. Hər iki ölkə logistik mərkəzlərin yaradılması, anbar təsərrüfatının inkişaf etdirilməsi, yük terminallarının modernləşdirilməsi və beynəlxalq nəqliyyat qovşaqlarının imkanlarının genişləndirilməsində qarşılıqlı maraq nümayiş etdirir.

Gələcəkdə bu istiqamətdə birgə investisiya layihələrinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Azərbaycan şirkətlərinin Özbəkistanda, bu ölkə şirkətlərinin isə respublikamızda logistika, anbar və yükdaşıma infrastrukturu ilə bağlı layihələrdə iştirakının genişlənməsi iki dövlət arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcək.

Logistika mərkəzlərinin inkişafı həm də əlavə dəyər yaradan iqtisadi fəaliyyətin genişlənməsi deməkdir. Belə mərkəzlər yalnız yüklərin bir məntəqədən digərinə daşınmasını təmin etmir. Burada yüklərin çeşidlənməsi, qablaşdırılması, saxlanması, emalı və yenidən ixracı kimi əlavə xidmətlər də formalaşır. Bu isə nəqliyyat dəhlizlərinin sadəcə tranzit xətti kimi deyil, eyni zamanda, iqtisadi fəallığın cəmləşdiyi inkişaf zonalarına çevrilməsinə imkan verir.

Azərbaycan–Özbəkistan nəqliyyat əməkdaşlığının genişlənməsi təkcə iqtisadi fayda ilə məhdudlaşmır. Qarşılıqlı münasibətlər Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha sıx inteqrasiyasına da mühüm töhfə verir. Müasir dünyada nəqliyyat dəhlizləri iqtisadi infrastruktur olmaqla yanaşı, həm də geosiyasi əhəmiyyət daşıyır. Etibarlı nəqliyyat əlaqələrinə malik olan hər bir ölkə beynəlxalq iqtisadi proseslərə daha fəal qoşulmaq, yeni tərəfdaşlıqlar qurmaq və qlobal təchizat zəncirlərində mövqeyini möhkəmləndirmək imkanı əldə edir.

Vaqif BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью