Ortaq tarix və mədəniyyət: Türkdilli xalqların irsi

04.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Türkdilli xalqların tarix boyu formalaşan mədəniyyəti, folkloru və ədəbiyyatı ümumi mənəvi köklərimizin aynasıdır. Bu xalqların nağıllarında, dastanlarında, musiqisində və sənətində eyni ruh, dəyərlər və dünyabaxış əks olunur. Coğrafi məsafələr, fərqli dövlət quruluşları və dillərdəki fərqliliklər bu birliyin mahiyyətini dəyişdirməyib — türk dünyasının əsası olan ruh birliyi bu gün də yaşayır.

Heydər Əliyev ideyaları və türk birliyi

Ulu Öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı: “Türk xalqlarının mədəni və mənəvi birliyini onların siyasi birliyi tamamlamalıdır”. Bu fikirlər yalnız ideya deyil, türk dünyasının gələcək inteqrasiyasının strateji əsasını təşkil edir. Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi çoxşaxəli mədəni və diplomatik siyasət nəticəsində bu ideya artıq konkret prosesə çevrilib. “Bir millət, iki dövlət” prinsipi ilə formalaşan Azərbaycan-Türkiyə qardaşlığı bu birliyin nüvəsini təşkil edir. Hazırda dünyada 25 türkdilli dövlət və muxtariyyət mövcuddur və onların hər biri eyni etnik, tarixi və mənəvi kökdən qaynaqlanır.

Birinci Türkoloji Qurultaydan 100 il ötür

Türkdilli xalqlar arasında elmi və mədəni inteqrasiyanın tarixi kökləri ötən əsrin əvvəllərinə gedib çıxır. 1926-cı ilin fevralında Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi, ədəbi və dil məsələlərinin müzakirə olunduğu ilk beynəlxalq elmi platforma kimi tarixə düşdü. Qurultayda türkoloqlar, yazıçılar və alimlər ortaq dilin, ədəbiyyatın və mədəniyyətin inkişaf istiqamətlərini müəyyənləşdirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu tarixi hadisənin əhəmiyyətini yenidən gündəmə gətirir. 2026-cı ildə yubileyin Bakıda keçirilməsi türk dünyasının mənəvi mərkəzi kimi Azərbaycanın rolunu bir daha təsdiqləyir.

Türk dünyasını birləşdirən qurumlar

Bu gün türkdilli xalqları bir araya gətirən qurumlar — Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və ən əsası Türk Dövlətləri Təşkilatı (TDT) bu böyük ideyanın praktiki dayaqlarıdır. Bu qurumlar türkdilli dövlətlər arasında mədəni, iqtisadi, elmi və siyasi əməkdaşlığı inkişaf etdirir, qarşılıqlı anlaşmanı və inteqrasiyanı dərinləşdirir.

TDT-nin təşəbbüsü ilə həyata keçirilən “Türk dünyası mədəniyyət paytaxtı” proqramı, “Türk film festivalı”, Türk Universitetlər Birliyi, eləcə də TÜRKSOY-un ortaq irs sərgiləri və konfransları bu mənəvi birliyin konkret təcəssüm formalarıdır.

Ortaq ruhun daşıyıcıları

Türk xalqlarının folkloru — dastanları, nağılları, aşıq yaradıcılığı və mifləri — bu birliyin ən dərin qatını təşkil edir. “Koroğlu”, “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Er Töştük” kimi dastanlar müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının eyni qəhrəmanlıq, ədalət, sevgi və insanlıq ideyalarını bölüşdüyünü göstərir. Bu mədəni xəzinə yalnız keçmişin yadigarı deyil, həm də bugünkü mənəvi kimliyimizin təməl daşıdır. Nağıllar uşaqlara doğruluq, mərdlik vətənpərvərlik kimi dəyərləri aşılamaqla yanaşı, xalqların bir-birini tanımasına, yaxınlaşmasına xidmət edir.

AZƏRTAC-dan türkdilli xalqların mədəni irsinə töhfə

Bu mənəvi birliyə töhfə vermək məqsədilə AZƏRTAC türkdilli xalqların nağılları, adət-ənənələri və mədəni irsinə həsr olunan yeni silsilə yazılar hazırlayır. Bu çərçivəsində müxtəlif türkdilli xalqların mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, milli musiqi inciləri haqqında materiallar təqdim olunacaq.

Türkdilli xalqların mədəni irsinin öyrənilməsi və tanıdılması istiqamətində atılan hər addım - istər 100 il əvvəl Bakıda toplaşan türkoloqların işi, istərsə də bu gün davam edən inteqrasiya təşəbbüsləri eyni məqsədə xidmət edir: “Bir kök, bir ruh, bir gələcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью