Ortaq türk dilinə aparan yol milli təhsildən keçir

04.02.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Böyük Atatürk deyirdi ki, türklər gerçək tarixlərini tanıdıqca özlərini daha qüdrətli hiss edəcəklər

XX əsrin sonlarında Azərbaycan müstəqilliyinin dünya miqyasında tanıdılmasında fədakarlıq göstərmiş şəxslərdən biri Türkiyənin İğdır şəhərində doğulub-böyümüş soydaşımız Seyfəddin Altaylıdır. 90-cı illərin əvvəllərində Azərbaycanı Tanıtma Dərnəyini yaradan və ona rəhbərlik edən Seyfəddin bəy 30 il çalışdığı TRT-nin “Türkiyənin səsi” radiosu vasitəsilə ana Vətəninin təbliğatını aparıb. Məhz onun təşəbbüsü ilə bu radioda Azərbaycan türkcəsində yayım redaksiyası qurulub və o, bu masanın ilk rəhbəri olub. 2008-ci ildən 2018-ci ilədək hər gün canlı yayımlanan “Qorqud ata” verilişi də Seyfəddin bəyin ideyası idi. Azərbaycanın haqq davası uğrunda mübarizəni həyat amalına çevirən 75 yaşlı dilçi-türkoloq, filologiya üzrə fəlsəfə doktoru 10 ildən çoxdur ki, Bakı Avrasiya Universitetində dərs deyir. Onunla söhbətimiz Türk dünyasının birliyinə aparan yol, ortaq dil və kimlik məsələləri ətrafındadır.

– Seyfəddin bəy, 2025-ci il oktyabrın 6–7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı öz əksini tapdı. Bu təşəbbüsü irəli sürən Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam verdi. Söhbətimizə bu təşəbbüsdən və yubiley tədbirindən başlayaq.

– Azərbaycan Türk dünyasının birliyi və inkişafı naminə böyük töhfələr verir. Ana Vətənim Azərbaycanı sevən Türkiyə vətəndaşı olaraq bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. O, birincisi, otuz il işğal altında qalan torpaqları yağıdan azad elədi. İkincisi, indi biz Zəngəzur dəhlizinin açılacağından danışırıq. Bunlar heç də adi hadisələr deyil, bizim illərlə xəyal etdiyimiz Turan dünyasına aparan yoldur. Deməli, bu yolun memarı İlham Əliyevdir. Onun Birinci Türkoloji Qurultayın yüz illiyinin geniş miqyasda qeyd olunması barədə sərəncamı Türk dünyası üçün taleyüklü və olduqca əhəmiyyətlidir. Amma razılaşarsınız ki, Azərbaycanı, Türkün birliyini gözləri götürməyən qüvvələr də var. Onlar xaricdən bu təşəbbüsə qarşı çıxışlar edə bilərlər. Bu qüvvələr həm Qərbdə, həm də Şərqdə var. Amma Azərbaycan Prezidenti siyasi iradə və qətiyyət göstərərək, bəyan etdi ki, bu yubiley yüksək səviyyədə, təmtəraqlı şəkildə qeyd olunacaq. Bu mövzuda Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbirdə çıxışımda da bildirdim ki, Azərbaycan, Anadolu və Asiya bizim əzəli və əbədi yurdumuzdur.

– Əslində, yubiley tədbiri ideyasını Türk dünyasının gələcəyinə ünvanlanan mesaj kimi də dəyərləndirə bilərik. Siz o gələcəyi necə təsəvvür edirsiniz?

– Bu sözləri on üç yaşında ülkü ocaqlarına daxil olmuş və bu gün də həmin yolu davam etdirən birisi kimi deyirəm: iyirmi birinci əsrdə Türk dünyasının intibahı başlayır. Bunu ağıl və məntiqlə dərk etməli, gələcək nəsilləri yüz, iki yüz il bundan sonrakı reallığa hazırlamalıyıq. Gələcəyə hazırlıq isə yalnız elm və tədrislə mümkündür. Biz Avropadan niyə geri qaldıq? Şərqdə intibah eramızdan əvvəl beşinci yüzillikdə başladı, on beşinci əsrə qədər davam etdi. Məhz bu əsrdə Şərqdə renessans dayandı, Qərbdə başladı. Onlar inkişafa mütəxəssislər yetişdirməklə, kadrların hesabına nail oldular. Arxasınca maarifləndirmə çağı gəldi. Bu proses isə özü ilə sənaye inqilabını gətirdi. Son nəticədə dünyanın bir nömrəli supergücü olan Osmanlı imperiyasını diz çökdürdülər. Bunlar tarixin bizə keçdiyi dərslərdir. Məhz bu tarixdən ibrət götürərək gələcəyimizə yön verməliyik. Tarix ondan dərs alınanda tarix, alınmayanda isə nağıl olur.

– Elə 100 il əvvəl Türkolji Qurultayın əsas tezislərindən biri maarifləndirmə yolu ilə birləşmək və güclənmək idi. Digər tezis bu gün də aktuallığını qoruyub saxlayan Türk kökənli ölkələr və xalqlar üçün ortaq dil məsələsidir. Bu məsələnin optimal həll varantını necə görürsünüz?

– Burada söhbət ortaq türkcədən deyil, ortaq ünsiyyət vasitəsindən getməlidir. Mən ömrümün otuz ilini üçcildlik “Azərbaycan türkcəsi” lüğətinin hazırlanmasına həsr etmişəm. 2015-ci ildən Azərbaycanda yaşayıram, Bakı Avrasiya Univertsitetində dərs deyirəm. Keçən ilin yayında dil qurumunun başqanı ilə görüşdüm. Həmin lüğətin bütün tirajı satılıb və əlavə çapa ehtiyac yaranmışdı. Təkrar nəşrini təklif edəndə soruşdular ki, lüğətə əlavələrin varmı? Dedim bəli, var. Üçcildlikdə 90 minə yaxın söz vardı, bunun üzərinə 13 min də əlavə elədim. Yəqin bu rəqəm yenə artacaq. Bunu ona görə söyləyirəm ki, Azərbaycanda bir çox yer adlarının etimologiyasını və mənasını araşdırmışam. Misal üçün Padar kəndi. Bu adın mənasını heç padarlıların özləri də bilmirlər. Orxan-Yenisey abidələrində yazılır ki, səkkiz oğuz, otuz tatar, on uyğur boyları mövcuddur. Həmin on uyğur boyundan altıncısının adı padardır. Yəni padarlılar uyğur kökənlidirlər. Borçalıların böyük əksəriyyəti qıpçaq türkləridir. Gəncəlilər oğuzlardı, Qubada kəngərlilər var. Sözümün canı odur ki, bu tayfaların hər biri öz dialektində danışır. Bəzən bir kəndin dialekti ilə digər kəndin dialekti uyğun gəlmir. Yaxınlıq olsa da, arada fərqlilik var. Dialektlərdə bizim mifoloji tariximiz yaşayır. Atalar sözlərimiz, idiomatik ifadələr var ki, minillikləri aşıb günümüzə gəlib çıxıb. Buna görə də ortaq türkcə deyəndə yerli dialektlərin aradan qalxması nəzərdə tutulmur. Mən türk ellərinin ortaq ünsiyyət dilinin yerli dialektləri öldürməsinə qarşıyam. Amma ümumi ünsiyyət dilinin olması vacibdir.

– Türk dünyasının Folklor Akademiyasının yaradılması təşəbbüsünü irəli sürmüsünüz. Sizcə, həmin akademiya ortaq türkcənin formalaşması istiqamətində hansı işləri görə bilər?

– Folklor ayrıca götürülmüş bir xalqın yemək mədəniyyətindən tutmuş geyiminə, süfrə arxasında əyləşmək ədəbindən başlamış dəfn adətinə qədər hər şeyi əhatə edir. Bu səbəbdən Türk dünyasının folklorunu özümüz müfəssəl şəkildə öyrənməli, arxeoloji qazıntıları özümüz aparmalıyıq. Aşkara çıxardığımız dəfn ayininin şərhini verməliyik. Nə yazıq ki, bugünədək bizim tariximizi özgələr yazıb. Mənə görə məktəblərimizdə ortaq dil, tarix, ədəbiyyat, coğrafiya, diyarşünaslıq, folklorla bağlı ortaq dərsliklərimiz yaradılmalı və məktəblərdə tədris edilməlidir. Ortaq dil türkdilli xalqlar arasında bağları möhkəmləndirməyə xidmət edər. Xalqlarımızın bir-birinə duyduğu qardaşlıq sevgisinin rəmzləri 1918-ci ildə Anadoludan qardaşlarına köməyə gələn, Azərbaycanda şəhid düşmüş türkiyəli mehmetciklər və Çanaqqalada qardaşları ilə çiyin-çiyinə döyüşərək canını fəda etmiş azərbaycanlı mehmetciklərdir. Amma bu gün ortaq dərsliklər olmadan vətəndaşlarımız bu iki coğrafiya və orada yaşayan xalqlarla bağlı məlumata malik olmayacaqlar. Əgər Bakı, Gəncə, Lənkəran, Xaçmaz, Ankara, İstanbul, Hakkari, İğdır və Ədirnənin küçələrində hər hansı insandan Türkiyə və Azərbaycanla bağlı soruşduqda, o, sizə doğru-düzgün cavab verə bilmirsə günah onun deyil. Bir millətin iki dövləti bu məsələni birdəfəlik həll etməyin yollarını axtarıb tapmalıdır.

– 2008-ci ildən 2018-ci ilədək TRT-nin “Türkiyənin səsi” radiosunda canlı yayımlanan “Qorqud ata” verilişinin əsas missiyası Azərbaycan türkcəsini Türk dünyasına tanıtmaq idi. Türkoloji Qurultayın yubileyi ilə bağlı “Qorqud ata” verilişinin, bu dəfə təkcə Azərbaycan türkcəsində deyil, türkdilli xalqların dilində yayımının bərpası ideyasına necə baxırsınız?

– Həmin layihəyə başlayanda mən məhz bu ideyanı nəzərdə tuturdum. Azərbaycandan sonra efirə Türkmənistanı, Özbəkistanı, sonra Qazaxıstanı, Qırğızıstanı qoşmağı düşünürdüm. Bu xalqların hər biri öz dillərində proqram hazırlayıb yaysınlar. Yəni bu verilişdə səslənən informasiyaya, söhbətə, mahnıya qulas asanların qulaqları o səslərə öyrəşəcəkdi. Beləliklə, bu xalqlar bir-birini asanlıqla başa düşəcəkdilər. Amma nə yazıq ki, o möhtəşəm layihəni bağladılar. İndi o adamlar “Qorqud ata”nı efirdən silməklə nə itirdikləri barədə düşünsünlər. Bir neçə misal çəkmək istəyirəm. O zaman zabitimiz Ramil Səfərov məlum hadisəyə görə Macarıstan həbsxanasında yatırdı. Müsahibə üçün onun yanına gedən bizim jurnalistlərdən biri Ramildən Azərbaycan üçün darıxıb-darıxmadığını soruşur. O da cavabında deyir ki, xeyr, darıxmıram, özümü Azərbaycandan ayrı hiss etmirəm, çünki hər gün radioda bir saat “Qorqud ata” verilişinə qulaq asıram. Hind okeanında üzən gəmidən, Kanadadan, Norveçdən bizə məktub yazırdılar ki, qulağımız Azərbaycan türkcəsini eşidəndə fövqəladə hisslər keçiririk, sevincdən kövrəlirik. Mənə görə, radio televiziyadan daha önəmlidir. Dağda, aranda, dünyanın istənilən nöqtəsində radionu dinləyə bilərsən, amma televiziyanın bu imkanı yoxdur. Buna görə də “Qorqud ata” yenidən efirə qayıtmalıdır.

– Türk dünyasının birliyi – Turan ideyasını böyük Mustafa Kamal Atatürk hələ 1933-cü ildə xatırlatmışdı. Ulu öndər Böyük Millət Məclisindəki çıxışında sovetlər biriliyinin ona qədərki imperiyalar kimi dağılması ehtimalından danışarkən bu coğrafiyada yaşayan türkdilli xalqlara sahib çıxmağa hazır olmalıyıq demişdi...

– O da olacaq. Böyük Atatürk deyirdi ki, mən bir gün Türk dünyasının birləşəcəyinə inanıram: “Əgər o günü görməsəm, bunun xəyalı ilə gözlərimi yumacam”. Təkcə keçmiş sovetlər məkanında deyil, Hindistanda da bizim 100 milyondan çox soydaşımız yaşayır. Yenə Atatürkün sözlərinə istinad etmək istəyirəm. Deyirdi ki, türk övladı özünün gerçək tarixini tanıdıqca özündə daha böyük işlər görmək qüdrətini hiss edəcək. Təkrar edirəm, milli tariximizi özümüz yazmalı və nəsillərimzə tanıtmalıyıq. Özümüzü tanıdıqca daha böyük olacağıq. Bu gün Türkoloji Qurultayın 100 illiyini tarixiləşdirərək kimliyimizi, dilimizi gündəmə gətirmək kimi müqəddəs işi görən şəxsiyyətləri Türk dünyası heç vaxt unutmayacaq.

***

Onu da qeyd edək ki, 100 il bundan əvvəl Birinci Türkoloji Qurultayda səslənən əsas fikir və ideyaların gerçəkləşməsi az sonra bolşevik diktaturasının totalitar idarə üsulunun yaratdığı maneələrlə üzləşdi. Bu azmış kimi, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1937-ci il repressiyasının qurbanı oldu. Sanki əvvəlcədən düşünülmüş plan üzrə Türk dünyasının aydınlarına divan tutuldu, bütövlükdə türkologiyanın inkişafına ağır zərbə vuruldu. Yetmiş il ərzində totalitar rejim milli tariximizlə yanaşı, kimliyimizin, dilimizin sıradan çıxarılması, unudulması üçün bütün iyrənc üsullardan istifadə etsə də, istəyinə nail ola bilmədi. Ötən əsrin sonlarında əldə edilən milli müstəqillik türk xalqlarının mənəvi dirçəlişinə, özünüdərk prosesinə ciddi təkan verdi.

Prezidentin sərəncamında qeyd olunduğu kimi, artıq Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində ciddi uğurlar əldə edilib. XXI əsrin Türk əsri olacağına şübhə edənlərin sayı getdikcə azalmaqdadır. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələr, eləcə də hələlik dövlətçiliyi olmayan türkdilli xalqlar arasında qardaşlıq ruhu daha da möhkəmlənir. Qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru atılan addımların bundan sonra davamlı xarakter daşıyacağına əminik.

Söhbəti yazdı:
İmran BƏDİRXANLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью