Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Orxan Həsəni mənim işlədiyim kofeşopa gəlmişdi. Bu dəfə tək gəldiyi üçün “cappuccino” sifariş elədi. Yanında kimsə olanda adətən “americano” sifariş edir.
Çıxarıb masanın üstünə Orxan Saffarinin “404” romanını və “kabrosuz” iPhone 12 Pro Max-ı qoydu. İlk diqqətimi çəkən şey bu oldu ki, Orxan Saffarinin yeni romanı Orxan Həsəninin İphone 12 Pro Max-ı qalınlığındadır.
Kitabı götürüb vərəqlədim, mündəricatdakı başlıqlara göz gəzdirdim. Mənə elə gəldi ki, Orxan “20-ci sahə”dəki hekayələri bir az genişləndirib, müharibə ilə bağlı hissələri seçib, orasın-burasın düzəldib yeni kitab hazırlayıb. Yeni bir şey yoxdur, deyə düşündüm.
Dünən kitab sərgisində Orxan Saffarinin “404” romanını aldım.
Kitab haqqında danışmağa başlamamışdan əvvəl bir şeyi deyim: Orxan Saffari yenə 20-ci sahəni və əsgərlik xatirələrini birləşdirərək təzə kitab düzəldib bizə təqdim edib.
Bir dəfə istedad sözünün “i” hərfini özündə gəzdirən Bəhruz Tağızadə ilə görüşmüşdük.
O mənə demişdi ki, adam əsgər getməsə, ciddi heç nə yaza bilməz.
Məncə, Bəhruz Tağızadə indiyə qədər cəmi iki kitab oxuyub: biri Orxan Saffarinin “Hüznsov depressiya”, biri də “20-ci sahə” kitabı. Ona görə də bu qənaətə gəlib ki, əsgər getmək lazımdır, yoxsa nə yazmaq olar?!
Orxan Saffari isə, əsasən iki şey haqqında yazır: əsgərlik xatirələri və 20-ci sahədəki lotu-potuluq əhvalatları. Bu kitabda da Orxan müharibə zamanı baş verən hadisələri, müharibənin fonunda Bayıldakı, 20-ci sahədəki həyatını təsvir edir.
Kitabın əvvəlində Orxan müharibəyə getmək istəyir, amma onu aparmırlar. O isə dirəşir, müharibəyə qoşulmaq, dalaşmaq, vuruşmaq, qəhrəmanlıq göstərmək istəyir. Alınmır. Onu aparmırlar. Orxan məyus olur, evinə, yəni, 20-ci sahəyə hüznsov depressiya ilə qayıdır.
Ancaq kitabı oxuduqca fikrim yaxşı mənada dəyişdi. Orxan Safari yenə 20-ci sahədən və əsgərlikdən yazsa da, bu dəfə özünə yaxşı bələd olduğu mövzuların içindən roman çıxarmağı bacarıb. Bəli, buna roman demək olar. Orxan bu dəfə bildiklərindən daha səmərəli istifadə edir, hər şeyi bacardığı qədər yaxşı etməyə çalışır, yazdığına diqqətlə yanaşır.
Müharibənin fonunda yaratdığı mənzərələr, dövrün ab-havası, müharibə gedərkən məhəllələrdə aparılan söhbətlər, insanların bir-birinə münasibəti, övladları cəbhədə olan valideynlərin davranışındakı dəyişikliklər… Bunların hamısı kitabın yaxşı alınan tərəflərindəndir.
Məhəllədə hörmətsiz adamların hörmətə minməsi, hörmətli adamların hörmətdən düşməsi hadisələrin gedişində dəyişir. Münasibətlər dəyişdikcə, müharibənin insanlara təsiri aydınlaşdıqca romanın içində yeni konfliktlər yaranır.
Hadisələrin tempi gah aşağı düşür, gah yüksəlir. Bütün bunların mərkəzində isə əsas obraz dayanır. Biz hadisələrə onun gözü ilə baxırıq.
Orxanın əvvəlki kitabındakı hekayələr haqqında yazanda obrazın dramatik hərəkətinin zəif olduğunu qeyd etmişdim.
Burada isə vəziyyət başqadır. Orxanın bu romanında obrazın dramatik hərəkəti var. Obraz nəsə istəyir və bu istəyin arxasınca gedir. Getdikcə hadisələrin təsiri ilə obraz dəyişir. Ədəbiyyatda hər bir obrazın bir arzusu olmalıdır, hətta bu bir stəkan su olsa belə, əsas məsələ obrazın onu istəməsi və bu istəyin qarşısında maneələrin yaranmasıdır.
Orxan müharibəyə getmək istəyir. Qarşısına
problemlər çıxır, amma o, nəyin bahasına olursa-olsun, müharibəyə qoşulmağa çalışır. Milli ruh, qəhrəmanlıq haqqında gurultulu söhbətlər yoxdur. Orxan öz təbiətinə uyğun səbəblərlə müharibəyə getmək istəyir: oradan qayıdandan sonra bir az diqqət, qayğı görmək, özünü hansısa mənada təsdiq etmək. Məncə, bu arzu obrazın, yəni Orxanın xarakterinə uyğundur. Müəllifin obraza süni şəkildə yüklədiyi bir arzu təsiri bağışlamır.
Bundan əvvəlki kitabdan tanıdığımız Əjdər obrazı da bu romanda daha geniş açılır.
Onun valideynlərini, müharibədən əvvəlki həyatını, müharibədən sonrakı vəziyyətini, cəbhəyə gedəndən sonra haqqında yayılan şayiələri görürük.
Əjdərin faciəsi ətrafındakı insanların da həyatına yayılır. Əjdərin faciəsi digər obrazların da açılmasına, canlanmasına xitməd edir.
2020-ci ildəki 44 günlük müharibə zamanı Azərbaycanda insanların keçirdiyi hisslər, qarşılaşdığı hadisələr, məişətdə və münasibətlərdə baş verən dəyişikliklər kitabda əksini tapıb. Kitabın xüsusilə bəyəndiyim tərəfi də budur. Müharibənin məhəlləyə, evlərə, ailələrə, insanların bir-birinə münasibətinə necə sirayət etdiyini göstərmək və dövrün ab-havasını yarada bilmək çətin və vacib məsələdir.
Ancaq kitabın ciddi bir problemi də var: struktur.
Cəmi 130 səhifəlik romanda həddindən artıq çox hadisə və əhvalat var. Kitabın əvvəlində maraqlı əhvalatlarla qarşılaşırıq. İkinci əhvalat birincidən daha maraqlı, üçüncüsü isə ondan da yaxşı təsir bağışlayır. Sonra birdən maraqsız bir əhvalatla qarşılaşırıq. Ardınca yeni əhvalat gəlir. Bu, belə davam edir və təxminən altmışıncı-yetmişinci səhifələrə çatanda oxucu yorulmağa başlayır.
Burada problem materialın özündə deyil, onun düzülüşündədir. Orxan əhvalatları elə düzməli, elə bir ardıcıllıq yaratmalı idi ki, oxucu kitabdan bezməsin. Hadisələr bir-birindən doğmalı, əvvəlki epizod sonrakını zəruri etməli, roman canlı mexanizm kimi işləməli idi.
Bu cür düzülüş mənə yeməkləri təsadüfi ardıcıllıqla yeməyi xatırladır: əvvəl quru yemək, sonra sulu yemək, ardınca yağlı Azərbaycan paxlavası, üstündən də bir stəkan soyuq ayran.
Belə yeyib-içəndən sonra mədəniz hansı vəziyyətə düşürsə, kitabın ortalarında beyniniz o vəziyyətə düşür, “error” verir. Yəqin kitabın adı da bununla bağlıdır.
Xülasə, Orxan bu kitabda özünü bir qədər yığışdırıb. Hər halda, əvvəlki kitablarından kifayət qədər yaxşıdır. Oxucu kimi kitabı ümumilikdə bəyəndim. Bu qədər tərifləmək bəsdir, Orxanı bu kitabına görə təbrik edib, əsas məsələyə keçmək istəyirəm.
Biz Orxan Saffaridən və onun kitablarından nə öyrənməliyik?
Məncə, Orxanın kitabları yazmaq istəyən adamlara maraqlı bir dərs verir. Əgər insan sistemli mütaliə etmirsə, səhərdən axşama qədər sosial şəbəkələrdə, məsələn, Orxan Saffari kimi TikTok-da, Instagram-da, Facebook-da status yazmaqla, mübahisələrə qoşulmaqla, bəyənmə və şərh toplamaqla məşğuldursa, onun təcrübəsi istər-istəməz məhdud qalacaq. O, ciddi sınaqlardan keçməyəcək, yeni təcrübələr qazanmayacaq, bir sözlə, yetişməyəcək.
Burada əsgərlik məsələsi maraqlıdır. Orxan əsgərlikdə sosial şəbəkələrdən uzaq qalıb, bir qədər də həqiqi həyatın içinə düşüb. Səhər durub, müəyyən bir sistemə tabe olub, müəyyən məqamlarda pərt olub, utanıb, sevinib, kədərlənib, ağlayıb, gülüb, vicdan əzabı çəkib, peşman olub, bir sözlə, təsadüfən müxtəlif və ciddi hisslər keçirib.
Əsgərlikdə keçirdiyi bir il yarım onun üçün maraqlı təcrübəyə çevrilib. Bu təcrübə indi onun ədəbi xammalıdır. Digər xammalı isə böyüdüyü 20-ci sahə, oradakı qonşular, məhəllə əhvalatlarıdır.
Ancaq insanın ədəbi xammalı tükənəndir. Əgər Orxan iyirminci sahədən kənara çıxsa, bir az gəzsə, sistemli mütaliə etsə, sosial şəbəkələrdə avaralanmaqdan əl çəksə, başqa mövzularda da yaza bilər. Əks halda, onun növbəti kitablarında nədən danışacağı məni doğrudan da maraqlandırır.
Birinci kitabında, ikinci kitabında, hətta üçüncü kitabında da 20-ci sahədəki qonum-qonşuları və əsgərlik söhbətlərini yazan Orxan Saffari növbəti kitabında nə yazacaq?
Orxan bu sualı özünə verməlidir. Beş-altı aydan, bir ildən sonra qarşılaşa biləcəyi ədəbi böhran barədə indidən düşünməlidir. Çünki eyni materialdan dəfələrlə istifadə etmək mümkündür, amma həmin materialı sonsuza qədər genişləndirmək olmur. Müəyyən vaxtdan sonra müəllif ya özünü təkrarlamağa başlayır, ya da əlindəki materialın imkanlarını istismar edərək əvvəlki mövzularda ortabab üç-beş hekayə daha yazır.
Mənim üçün burada daha vacib bir məsələ də var. Bu, mən daxil olmaqla, yazmağa həvəsi olan, yazmaq istəyən adamların ciddi yanaşmalı olduğu məsələdir.
Əgər bir qaşıq istedadınız varsa, mənim kimi üç-beş kitab oxumusunuzsa, elə düşünməyin ki, artıq kifayət qədər təcrübəniz, ədəbi xammalınız var, istədiyiniz mövzuda yaza bilərsiniz və yaş artdıqca bu materiallar öz-özünə çoxalacaq. Xeyr. Sandığınızda olan ədəbi materiallar çox vaxt təsadüfən başınıza gəlmiş hadisələrin, təsadüfən keçirdiyiniz hisslərin nəticəsidir.
Bunlar yaddaşınızda qalmış ömrü qısa olan ədəbi xammaldır.
Bir, üç, beş hekayə yazandan sonra həmin materiallar tükənəcək. Ondan sonra ya özünüzü təkrarlayacaqsınız, ya da Aqşin Yenisey, Fəridə Zero Uğur Məmmədova, Bəhruz Tağızadə, Mirmehdi Ağaoğlu, Əsəd Cahangir, Mürşüd Mehdi, Ataqam, Uraqan kimi hələ təcrübədən keçirmədiyiniz, yaxşı bilmədiyiniz mövzular haqqında səthi, infantil mətnlər yazmağa başlayacaqsınız.
Bəs nə etmək lazımdır?
Orxan Saffaridən və onun kitablarından öyrənməliyik ki, yazmaq üçün təkcə istedad, bir neçə maraqlı xatirə və bir az müşahidə qabiliyyəti adamı yarı yolda qoyacaq. Sosial şəbəkələrdə avaralanmaqdan, orada məşhurlaşmaq arzusundan xilas olmaq, vaxtı boş yerə sərf etməmək, oxumağa və həqiqətən yaşamağa davam etmək lazımdır.
Başa düşməliyik ki, insanın həm oxuması, həm müşahidə etməsi, həm də öz kiçik dünyasının hüdudlarından kənara çıxması gərəkdir.
Müəllif: Anar Oğuz