Orxan Saffaridən sentimental yazılar

26.05.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elə söhbətlər var, onlar heç vaxt cavab almaq üçün edilmir.

Yəni adam hərdən səsi kiməsə çatsın deyə də danışa bilir.

Yəni danışmaq istəyir.

Bir də görürsən, susub qışqırır hətta.

Bəlkə də, dünyanın ən ağır səssizliyi tək qalmaq yox, danışmağa yer tapmamaqdır.

Bəlkə də, ən uzaq qapı döyülməyən yox, döyə bilmədiyin qapıdır.

Olur, bir də görürsən, bir adam dönüb gecə olur, yanında olanda hər şey susur, ancaq gedəndə adamın içində səhər açılmır.

Di gəl, var gecələr, insanın içində düşür, sinəsinin altında bir qaranlıq böyüyür.

Olur, bir də görürsən, iqlim olur bir adam.

Var, bəli, bu qəmli küləklər, yorğun kölgələr şəhərində iqlim kimi adamlar var.

Onlar gedəndən sonra içimizin havası dəyişir.

Bəlkə də, məsələ heç kiminsə getməyi də deyil.

Məsələ gedən adamların yoxluğunun içində yuva qurmasıdır.

Heç çox güman, harasa tələsən adamlar çatdığı yerdə yaşamırlar da.

Bəs görəsən, indi hardadır əlimizi uzadacaq qədər yaxın, səsimizin çatmadığı qədər uzaq olan adamlar?

Axı insan ayağı ilə yox, qəlbi ilə çatır bir yerə.

Bəs görəsən, bu dünyada “qal” sözü neçə adamın içində qocalıb?

Görünür, hər kəsin içində heç kimin bilmədiyi bir yarımçıq vida yaşayır.

Və ən çətin söz “əlvida” deyil, elə deyilməyən “qal”dır.

***

Yanında özünü yığışdırmayacağın adamlar olmalıdır həyatında.

Yəni məsələn, dağınıq və davalı getməlisən onlara. Saçını, səsini, cümləni, dərdini düzəltməməli, içini gizlətməməlisən bir az da.

Çünki bir də görürsən, insan içində qalan cümlələr və beynindəki səslərdən ibarət olur.

Bir də görürsən, hamının evi-eşiyi var, amma gedəcəyi yer, qucağ misalı bir beşiyi yoxdur.

Olur, hərdən belə də olur.

Bir də görürsən, adamların həyatları bir-birinin yanından ötüb gedir.

İndi elə adamlar olmalıdır ki, onlara “Necəsən?” deyəndən sonra cavab gözləmiş olasan.

Maraqlıdır, görəsən, insana kürəyini söykəyəcəyi adam daha çox lazımdır, ya başını dizinə qoyub yorğun düşdüyü adam?

Dünya artıq elə bir yerə çatdı ki, adamların susanda da səsi bir-birinin başına düşür. Halbuki susmaq bir zamanlar körpü idi iki insan arasında. Ancaq indi susmaq divardır.

Çoxdandır, heç kim heç kimin həyatına da daxil olmur. Hamı baxır və keçir.

Bəs görəsən, hansı daha yaxşıdır: Çox yaxın ola bilmədiyin, yoxsa tam uzaqlaşa bilmədiyin adamlar?

Düzü, bəzi adamların yoxluğu varlığından daha çox yer tutur.

İndi həm də düşünmək gərək:

Evə gedəndə uzaq yolu seçən adamlar bağışlayacaqmı tanrını?

***

Hər şey gündən günə dəyişərdi, ancaq indi heç nə dəyişmir də, çox şey olduğu kimidir.

Bir də görürsən ki, pis adamlara heç nə olmayıb, hamısı yenə də pisdi.

Yaxşı adamlar? Onlar pis deyil, sadəcə, daha yaxşı da ola bilmirlər.

Vaxt var idi, yaxşı şeylər də çox az idi.

Di gəl, bir də görürsən, daha o azlar da yoxdur.

Məsələn, yoxdur ürək söhbət edəcəyin və ürəkdən güləcəyin, sonra bərkdən susacağın, içib yanında qusacağın, saatlarla yanında lal dayanacağın…heç biri, heç biri yoxdur.

Daha adamların sözü əvvəlki tək üst-üstə düşmür, heç kim dalaşıb barışmır da.

Düzü, bir adamla o qədər yaxın, doğma olmalısan ki, güləndə ağzını əlinlə tutmağa ehtiyac olmamalıdır.

İndi hər şey bir az da ölçülüdür.

Hamı ölçülü danışır, ölçülü gülür, ölçülü sevir.

Nədənsə, adamlar darıxanda da çox tərbiyəli darıxır.

Bir az da belədir:

Heç kim heç kimi eşitmir, amma hamı danışır.

Qəfil ayılırsan ki, evinə xəbərsiz gedə biləcəyin adamlar çıxıb gediblər.

İndi o adamlara deməlisən:

“Zəng edə bilərəm?”.

Nə bilim, vaxt var idi, susmaq yaxınlıq əlaməti idi, indi məsafə olub.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью