Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
''Qalatasaray'' camiəsi, nəhayət, Viktor Osimhenə qovuşdu.
Məlum olduğu kimi, nigeriyalı qoleador dekabrın sonlarından İstanbulu tərk etmişdi. O, Nigeriya yığması ilə Afrika Millətlər Kubokunda iştirak edərək turniri bürünc medallarla tamamladı. Viktorun yoxluğu ''Qalatasaray'' üçün ciddi problemlər yaratdı. Türkiyə çempionu həm superkubokda ''Fənərbaxça''ya uduzdu, həm də evdə ''Qaziantep''lə oyunda (1:1) mühüm xallar itirdi. ''Atletiko'' ilə qarşılaşmada 90 dəqiqə meydanda olan ünlü forvard matçın ardından diqqətçəkən açıqlamalar verib.
O, ''Qalatasaray''ın maraq dairəsində olan Nigeriya yığmasının digər üzvləri Ademola Lukman ilə Rafael Onyedikanı Türkiyəyə gəlməyə dilə tutduğunu etiraf edib:
''Burda nə bacarıramsa, hamısı komanda yoldaşlarımın sayəsindədi. Mən olmadıqda zəif oynadığımızı iddia etmək düzgün deyil. Çünki mən heyətdə yer alanda da uduzduğumuz vaxtlar olub. Biz birlikdə güclüyük və mübarizəmizi davam etdirəcəyik. Bu yaxınlarda uduzduğumuz oyunun üzərində çox dayanmağa ehtiyac yoxdu. Oldu və keçdi. Bizi qarşıda həm superliqada, həm də Çempionlar Liqasında vacib oyunlar gözləyir. ''Atletiko'' ilə matçın son anlarında yaxşı fürsət yaxaladıq. Ancaq meydanda olan elə meydanda da qalır. Qələbəyə layiq idik. Amma ''Atletiko'' da pis oynamadı. Əla mübarizə izlədik. Son dəqiqələrdəki epizodu paltardəyişmə otağında müzakirə etdik. Bu oyun bitdi. Növbəti oyuna köklənəcəyik. Afrika Millətlər Kubokunda Onyedika ilə xeyli söhbət etdim. Dünya çempionatının seçmə mərhələsində Lukmanla da bu barədə söhbət etmişdim. Onlara ''Qalatasaray''dan, fanatlardan, bu klubun böyüklüyündən və Türkiyənin gözəlliyindən bəhs etmişəm. Uşaq deyillər. Öz gələcəkləri ilə bağlı qərarı özləri verəcək. Təbii ki, onların gəlməsi həm klubumuz, həm də fanatlarımız üçün əla olardı. Xüsusilə Onyedika yaxşı futbolçudu. Bir an da dayanmır və yüksək tempdə oynayır. ''Qalatasaray''a böyük fayda verə bilər. Çox istedadlıdı. Hər ikisini bura gəlməyə razı salmaq üçün çabalayıram. İstərdim ki, dünyanın ən böyük klublarından birinə gələrək bizimlə birlikdə oynasınlar''.