Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“McLaren” komandasının pilotları Oskar Piastri və Lando Norris “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi fikirlərini bölüşüblər.
İdman.Biz xəbər verir ki, avstraliyalı pilot Oskar Piastri Bakı trası ilə bağlı həm yaxşı, həm də pis xatirələrinin olduğunu bildirib.
“Bu trasla bağlı həm ən yaxşı, həm də ən pis xatirələrim var. Burada həmişə maraqlı hadisələr baş verir.
Bu, daim böyük özünəinam tələb edən trasdır. Küçə trası olması ilə yanaşı, burada çoxlu sayda kəskin və ağır əyləclənmə zonalarının olması nadir kombinasiyadır. Bu baxımdan maraqlı trasdır. Ümid edirəm ki, bu il 2024-cü ilə daha çox bənzəyəcək.
Ən vacibi odur ki, yerimizdə saymırıq və bolidi mümkün qədər tez inkişaf etdirmək üçün əlimizdən gələn hər şeyi edirik”.
Qeyd edək ki, Piastri 2024-cü ildə Bakı Şəhər Halqasında “Formula-1” üzrə ikinci qələbəsini qazanıb, 2025-ci ildə isə yarışın ilk dövrəsində qəza keçirib.
“McLaren”in digər pilotu, hazırkı dünya çempionu Lando Norris isə Bakı Qran-prisinə inamla hazırlaşdığını vurğulayıb:
“İndi daxilən istədiklərimə nail ola biləcəyimə əminəm, özümə inamım var”.
Britaniyalı sürücü hər həftəsonu yüksək nəticə göstərmək üçün üzərində gözləntilərin olduğunu hiss etdiyini, lakin əvvəlki illərlə müqayisədə özünə inamının daha yüksək olduğunu deyib.
Qeyd edək ki, “McLaren” Azərbaycan Qran-prisinə əlavə aerodinamik yenilənmələrlə gəlib.