Osloda Zəfər Günü münasibətilə azərbaycanlı şagirdlərlə görüş olub

03.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 3 noyabr, АZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Oslo Azərbaycan Evində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov, eləcə də Fransa, İsveçrə, Latviya və digər ölkələrdən olan diaspor nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində məktəbin koordinatoru və müəllimi Günay Əliyeva qonaqları salamlayaraq, bu cür görüşlərin şagirdlər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, diaspor nümayəndələri ilə ünsiyyət uşaqlarda vətənpərvərlik hisslərinin güclənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın artmasına və onların milli ruhda böyüməsinə mühüm töhfə verir.

Daha sonra çıxış edən Samir Bayramov məktəbin fəaliyyətinin, şagirdlərin milli ruhda yetişdirilməsinin, həmçinin xaricdə Azərbaycan dilinin və mədəniyyətinin qorunması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.

Məktəbin müəllimi Arzu Rzayeva da çıxışında ana dilimizin, tariximizin və mədəniyyətimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Görüşün ən yaddaqalan məqamlarından biri şagirdlərin bədii çıxışları olub. Məktəblilər Vətənə və milli dəyərlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью