Osmanlı İmperatorluğunun son illəri

30.06.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Birinci Dünya Müharibəsinin sonunda istər Osmanlı dövlətinin, istərsə də Türk millətinin içində yaşadığı şərait çox facianə idi. Müharibədən sonra məğlub bir dövlət kimi 30 oktyabr 1918-ci ildə “Mudros müqaviləsi “ adı verilən ağır şərtli bir müqavilə imzalanmışdı.Həmin müqavilənin şərtlərinə görə,Osmanlı imperatorluğunun əksər ərazisi qalib dövlətlər tərəfindən işğal edilmiş, Osmanlı İmperatorluğu ordusu buraxılmış,bütün silah və cəbbəxanalar qalib dövlətlərin tabeçiliyinə keçmişdi. Osmanlı İmperatorluğu ərazisi tamamilə parçalandığı bir yana, Türkün ana yurdu, Anadolu da qalib dövlətlər arasında bölüşdürülürdü. İtalyanlar Antalyanı tutmuşdu. İsgəndərun, Adana, Mersin, Antep, Maraş, Urfa fransızlar tərəfindən işğal edilmişdi.Qarsda ingilislər rəhbərliyi ələ almış almışdı. Rumeli (Trakya) yunanlar tərəfindən işğal edilmişdi.
İmperatorluğunun süqutu

Vəliəhd Əbdülməcid də sultana məktub yazaraq davam edən ingilispərəst siyasəti və Fərid Paşanın konfransa göndərilməsini tənqid etdi (12 iyun). Məktubu ələ keçirən ingilislər milliyyətçilərin sultana qarşı bir çevriliş hazırladığını və Yıldız sarayındakı yanğının da bir sui-qəsd nəticəsində çıxdığını iddia edərək meydanı qızışdırmağa başladılar.
Siyasi fikirlərini daima gizli saxlayan Sultan VI Mehmed Vahidəddin digər yandan Mustafa Kamal Paşanın geri çağrılması təkliflərini rədd edirdi. Hökumət çıxarılan qanunla Mustafa Kamal Paşanı vəzifədən alsa da (23 iyun) Sultan Vahidədin buna səssiz qaldı. 3.Ordu müfəttişi imzasıyla sultana teleqraf çəkən Mustafa Kamal Paşa hökumətin bu qərarından şikayət etdi və lazım gələrsə,bütün vəzifələrindən istehfa verib xalqın mübarizəsinə qatılacağını bildirdi. Sultan VI Mehmed Vahidəddin isə özünün və hökumətin ingilislərin təzyiqi altında olduğunu, bu vəziyyətdə Mustafa Kamal Paşanın Anadoluda qalmasının daha münasib olacağını bildirdi.Bu səbəblə hərbi nazirlikdən onun adına 2 aylıq icazə alaraq vəziyyət sabitləşənə qədər hadisələrdən uzaqlaşmağı tövsiyyə etdi.
İngilis kəşfiyyatı isə Anadoludakı milli hərəkatın arxasında sultanın və hökumətin olduğunu anlamışdı. Samsunda ingilislərlə Rüfət bəy arasında yaranan gərginliyin ardından ingilislər saraya nota göndərdi və Mustafa Kamal Paşanın həbs edilərək İstanbula gətirilməsini və Rüfət bəyin vəzifədən alınmasını tələb etdi.Sultan Vahidəddin isə Ərzurumda olan Mustafa Kamal Paşaya teleqraf çəkərək vəziyyətin gərginliyini və artan təzyiq səbəbi ilə vəzifədən alındığını bildirdi (8-9 iyul gecəsi). Mustafa Kamal Paşa isə göndərdiyi cavab məktubunda sultanı və hökuməti çətin vəziyyətə salmamaq üçün bütün hərbi rütbələrdən istehfa etdiyini, millət və sultan adına mübarizəyə davam edəcəyini bildirdi.
Sultan Vahidəddin Samsundakı hadisə ilə Mustafa Kamalı Paşanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışırdı.Baş admiral Kaltorpa xüsusi bir xəbər göndərərək (8 iyul) Aydın bölgəsindəki yunan zülmündən şikayət etdi. Osmanlı İmperatorluq ordusunun ləğv edilməsi,vəziyyətin isə təhlükəli bir hal alması səbəbi ilə tək ümidin İngiltərə hökuməti olduğunu bildirdi.
Digər yandan sədrəzəm Paris konfransından bir nəticə əldə etmədən geri dönmüşdü (15 iyul). Ertəsi gün sultanın qəbulunda olan vəliəhd Əbdülməcid sədrəzəmin konfransdakı mövqeyini və siyasətini ciddi şəkildə tənqid etdi. Ancaq sultan imtina edə bilmədiyi Fərid Paşa rəhbərliyində üçüncü hökumət kabinetini qurdu (20 iyul).Yeni hökumətə milli hərəkat yönümlü olan Tofiq Paşa, Əhməd İzzət Paşa və Əli Rza Paşalar da alındı.Sədrəzəm isə bir qərar çıxararaq Anadoluda milli bir konqresin keçirilməsinə etiraz etdi.2 gün sonra Mustafa Kamal Paşanın rəhbərliyində açılan Ərzurum konqresi (23 iyul) sultana bağlı olduqlarını bildirən sədrəzəmin və sədrəzəmin verdiyi qərarı tənqid edən teleqraf yolladı.İngilislər isə hökumətə nota göndərərək (24 iyul) Mustafa Kamal Paşanın üsyankar elan edilməsini tələb etdi. Sədrəzəm, uzun danışıqların ardından Mustafa Kamal Paşa və Rauf bəy haqqında həbs qərarı çıxara bildi (29 iyul).Buna etiraz edən Əhməd İzzət Paşa istehfa verdi.Vəliəhd Əbdülməcid dərhal saraya gedib,hələ də Fərid Paşanı qorumağa çalışan Sultan Vahidəddini olduqca sərt bir dillə tənqid etdi.İngilislərin artan təzyiqi nəticəsində Mustafa Kamal Paşanın bütün nişanları geri alındı və fəxri yavərliyi ləğv edildi (9 avqust). Hökumətin bu mövqeyini tənqid edən Tofiq Paşa da 2 gün sonra istehfa verdi.Hökumət 4 sentyabrda başlayan Sivas konqresinə qarşı fəaliyyətə başlasa da,bunu dayandırmağa nail ola bilmədi.Mustafa Kamal Paşa ilə Sultan VI Mehmed Vahidəddin arasında aşılmaz bir divar hörüldü.Milli azadlıq hərəkatı isə rəsmi bir hökumət qurulanadək İstanbulla bütün əlaqələrinin kəsildiyini elan etdi (11-12 sentyabr gecəsi). Mustafa Kamal Paşanın Sivasdan göndərdiyi məktubu alan (29 sentyabr) Sultan Vahidəddin dərhal hökuməti istehfaya göndərdi və Mustafa Kamal Paşanın məsləhəti ilə Əli Rza Paşanı sədrəzəmliyə gətirdi (2 oktyabr).
Yeni qurulan hökumətə yalnız milli azadlıq hərəkatını dəstəkləyənlər alındı. İstanbulla Ankara arasında 20 gündür bağlı olan teleqraf xətti bərpa edildi.
Əli Rza Paşa hökumətindən narazı olan müttəfiqlər sultanın qorxularını təhrik etmək üçün İstanbulun gələcəyini müzakirə etməyə başladılar. İngilislər türklərin İstanbuldan çıxarılmasını istəyirdilər. Gəzən şayələrdən narahat olan Sultan Vahidəddin müttəfiq dövlətlərin təmsilçiləri ilə görüşmək istəsə də, müsbət cavab ala bilmədi.İngilisləri razı salmaq üçün məclisin (parlamentin) açılışını gecikdirməyə çalışsa da,12 yanvar 1920-ci ildə Osmanlı İmperatorluğunda sonuncu Məclis-i Məbusan açıldı.
Sultan Vahidəddin xəstəliyini bəhanə edərək açılışa qatılmadı.Gəzən şayələrə son qoymaq üçün səhhətinin pis olması haqqında tibbi arayışları qəzetlərdə dərc etdirdi.Bu əsnada Mustafa Kamal Paşa sultana teleqraf çəkərək səhhətindən narahat olduğunu bildirdi.Digər yandan Sultan Vahidəddin də məclis üzvlərini qəbul edir,onlardan milli hərəkat haqqında məlumat alırdı.
Bu xəbərlərdən təlaşlanan müttəfiqlər,Osmanlı əsgərlərinin Topqapı sarayı və Ayasofya ətrafından uzaqlaşdırılmasına, sultanı ittihadçılardan qorumaq və Anadoluya qaçmasına mane olmaq üçün Yıldız sarayının nəzarət altına alınmasına qərar verdi. Sultanın verdiyi əmrlə Mustafa Kamal Paşanın nişanları geri qaytarıldı (3 fevral).
Müttəfiq dövlətlər sultanı sıxışdırmaq üçün London konfransında (5 mart) alınmış qərarla İstanbulun işğalını elan etdi. Ardından İstanbul rəsmi olaraq işğal edildi və bütün rəsmi orqanlar ələ keçirildi (16 mart). Milliyyətçi liderlər həbs edilərək Maltaya sürgün edildi. Hökumət 2 apreldə istehfaya getdi.Sultan VI Mehmed Vahidəddin 5 apreldə yenidən Fərid Paşa rəhbərliyində hökumət qurdu. Məclis sultanın əmri ilə bağlandı (11 aprel).
Nəhayət, Ankarada toplanan Böyük Millət Məclisi toplanaraq (23 aprel 1920) millətin yeganə təmsilçisi olduğunu bütün dünyaya elan etdi. Ankarada Böyük Millət Məclisi açıldı. Mustafa Kamal Millət iradəsini və hegemonluğunu təmsil edən bu Məclisə və onun hökumətinə sədr seçilərək,artıq Türkiyə İstiqlaliyyət mübarizəsinin hər baxımdan-hərbi, siyasi və sosial lideri oldu.Lakin ölkəsinin məhkum olduğu şərtlər ağır,onun üzərinə düşən tarixi missiya isə olduqca çətin idi.O,tarixdən silinmək təhlükəsi qarşısında qalmış bir millətin ölüm-qalım müharibəsinin, istiqlaliyyət uğrunda mübarizəsinin liderliyini edirdi.Buna cavab olaraq isə Mustafa Kamal Paşa və 5 yaxın adamı haqqında ölüm hökmü verildi (24 may).Sultan və İstanbul hökuməti isə milli mübarizəni daha geniş miqyasda əzmək yolunu seçmişdi.Anadoluda minbir fədakarlıqla təşkil olunmuş milli qüvvələrə qarşı Xəlifə və Sultan orduları yaradılır,başda Mustafa Kamal olmaqla, Milli Mübarizə Qəhrəmanları qiyamçı elan edilərək edama məhkum olunurdular.Çox keçmədən Sevr sülhü imzalandı (10 avqust).Buna Böyük Millət Məclisinin reaksiyası sərt oldu. Belə ki, Sultan Vahidəddin xain elan edildi və kürəkəni Fərid Paşa haqqında ölüm hökmü verildi (7 oktyabr).
İngilislərin təzyiqi ilə Tofiq Paşa yenidən sədrəzəmliyə gətirildi (21 oktyabr). Mustafa Kamal Paşa isə bu hökuməti tanımaqdan imtina etdi.Bu əsnada yunanlara qarşı ilk zəfər olan İnönü döyüşü baş verdi.Böyük Millət Məclisinin 8 fevralda keçirilən gizli iclasında sultanın taxtdan endirilməsinə qərar verildi.Nəhayət,Sultan Vahidəddinin Ankara hökumətini tanımaması nəticəsində Böyük Millət Məclisi səltənəti və Osmanlı İmperiyasını ləğv etdi (1 noyabr 1922).Xilafətin isə Osmanlı sülaləsinə aid olduğunu və Böyük Millət Məclisi tərəfindən seçiləcək şəxsə veriləcəyini bildirdi. Hökumət adamlarının yarısı ölkədən qaçır,yarısı isə ingilislərə sığınırdı. Səltənətin ləğvindən sonra 10 noyabrda ilk cümə salamlığına çıxan Sultan Vahidəddinin oxunan xütbədə adı çəkilmədi.
İngilislərin çoxdandır gözlədiyi an gəldi. Sultan Vahidəddin 15 noyabrda fəxri yavəri və qaynı Zəki bəy vasitəsi ilə general Harrinqtona müraciət etdi və ingilislərdən siyasi sığınacaq istədi.Sultanın 17 noyabr 1922-ci il tarixində cümə günü İstanbuldan Malaya adlı gəmiylə çıxarılmasına qərar verildi.Son Osmanlı Sultanı Yıldız sarayından ingilis generalı Çariz Harrinqtonun müşayiəti ilə alındı. Sultan və heyətindəki 10 nəfər səhər saatlarında ingilis batalyonu tərəfindən Maltaya yola salındı.Bu əsnada isə Böyük Millət Məclisi Əbdülməcid Əfəndini Osmanlı xəlifəsi elan etdi (19 noyabr).
Bu əsnada ingilislər artıq yük olmağa başlayan sabiq sultandan xilas olmağa çalışırdı.İngilislərin dəstəyi ilə Osmanlı İmperatorluğuna qarşı üsyan qaldıran və Ərəbistan məliki olan Şərif Hüseyn sultanı Məkkəyə dəvət etdi.İngilis gəmisiylə Maltadan ayrılan (5 yanvar 1923) VI Mehmed Vahidəddin Port Səid limanında Kral Hüseynin oğlu tərəfindən qarşılandı.Daha sonra Süveyşə və Ciddəyə getdi (15 yanvar 1923).Kral Hüseyn qonağını 101 top atəşiiiə qarşıladı və Məkkəyə yola saldı.Fevral ayının sonuna qədər Məkkədə qalan Sultan Vahidəddin iqlimi daha mülayim olan Taifə getdi.
Hicazda çox qalmayan Sultan Vahidəddin Məkkəyə döndü və Fələstinə getmək istədi (15 mart). Ancaq ingilislər buna icazə vermədi və sabiq sultan uzun müzakirələrdən sonra İtaliyaya göndərildi.İtalyan hökuməti Sultan Vahidəddini Genuya limanında qeyri-rəsmi bir mərasimlə qarşıladı(2 may).Onu qarşılayanlar arasında kürəkəni Fərid Paşa da vardı. San-Remo qəsəbəsindəki Nobel villasında məskunlaşdı.16 ay burada tək yaşayan Sultan Vahidəddin 1924-cü ildə verilən Osmanlı sülaləsinin sürgün qərarəndan sonra ailəsinə qovuşdu.
16 may 1926-cı il tarixində səhər saatlarında Nitsada ( Fransa ) yaşayan qızı Sabiha Sultanın qızı olduğu xəbərini alan Sultan Vahidəddin nəvəsinin adının Nəcla olmasını istədi. Məhz həmin günün sonunda axşam saatlarında vəfat etdi.
Yalnız Türk tarixinin deyil,bütün dünya tarixinin ən böyük,ən möhtəşəm imperatorluqlarından biri Osmanlı imperatorluğudur. Amerika Birləşmiş Ştatları yarandığı gündən bu günə kimi tək xərac verdiyi dövlət Osmanlı imperatorluğudur. Dünyanın ən uzun ömürlü xanədanı, yəni 623 il davam edən Osmanlı xanədanıdır.Tarix isə təkrar olur gələcəkdə Türk milləti bu dünya dövlətinin varisi kimi möhtəşəm dünya super gücü olaraq tarix səhnəsinə çıxacağı zaman uzaqda deyil. Osmanlı İmperatorluğu tarixində mühüm cəhət bu dövləti quran Türk millətinin əsir və kölə deyil layiqli və şərəfli bir millət kimi yaşaması idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью