Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda elə dövlət məmurları var ki, onlar ötən əsrin 90-cı illərində təyin olunduqları vəzifələrdə bu gün də fəaliyyətlərini davam etdirirlər. Aradan 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin şəxslər rəhbərlik etdikləri qurumlarda və ya tutduqları vəzifələrdə dəyişməz qalıblar.
Müxtəlif dövlət qurumlarını və sahələri əhatə edən, uzunmüddətli fəaliyyəti ilə diqqət çəkən məmurların siyahısını təqdim edirik.
Eyvaz Hüseynov – 34 ildən artıqdır eyni vəzifədə çalışır
Siyahının ən uzun müddət eyni vəzifədə çalışan şəxsi Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. O, 1992-ci il iyulun 2-də bu vəzifəyə təyin edilib və 2026-cı ilin noyabr ayına olan məlumata görə, 34 ildən artıqdır rayonun icra hakimiyyətinə rəhbərlik edir.
1959-cu il fevralın 15-də Xocavənd rayonunun Muğanlı kəndində anadan olan Eyvaz Hüseynov Azərbaycan Politexnik İnstitutunu bitirib. O, Birinci Qarabağ müharibəsi zamanı Xocavənd özünümüdafiə dəstəsinin yaradıcılarından və komandirlərindən biri olub. Müxtəlif döyüşlərdə iştirak edib və yaralanıb.
Mahmud Məmməd-Quliyev – 33 ildir nazir müavinidir
Azərbaycanın ən uzunmüddətli diplomatlarından biri Mahmud Məmməd-Quliyevdir. O, 1993-cü ildən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışır.
1949-cu il fevralın 15-də Gəncədə anadan olan Mahmud Məmməd-Quliyev Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Onun diplomatik fəaliyyəti çərçivəsində 1996–2001-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İsveç, Norveç və Danimarkada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyəti də olub. O, həmçinin Milli Məclisin deputatı olub.
Araz Əzimov – 32 ildən artıqdır xarici işlər nazirinin müavinidir
Azərbaycanın tanınmış diplomatlarından Araz Əzimov 1994-cü ildən xarici işlər nazirinin müavini vəzifəsini tutur.
1962-ci ildə Bakıda anadan olan diplomat 1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.
1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində çalışan Araz Əzimov 1989-cu ildən Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. O, nazirlikdə müxtəlif diplomatik vəzifələrdə çalışdıqdan sonra 1994-cü ildə nazir müavini olub.
Beləliklə, onun Xarici İşlər Nazirliyindəki fəaliyyəti 37 ildən, nazir müavini kimi fəaliyyəti isə 32 ildən artıqdır.
Ramiz Zeynalov – 32 ildən artıqdır Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov da uzun müddətdir eyni vəzifədə çalışan məmurlar sırasındadır.
1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olan Ramiz Zeynalov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edir.
O, DİN sistemində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1994-cü il avqustun 2-də Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə gətirilib. Həmin tarixdən etibarən, 32 ildən artıqdır ki, bu quruma rəhbərlik edir.
2003-cü ildə ona polis general-mayoru xüsusi rütbəsi verilib.
Vahid Novruzov – 30 ildən artıqdır Auditorlar Palatasının sədridir
Siyahıda yer alan digər şəxs Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovdur.
1950-ci il yanvarın 7-də anadan olan Vahid Novruzov 1996-cı il aprelin 5-dən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində çalışır.
Onun rəhbərliyi dövründə Azərbaycanda müstəqil audit sisteminin formalaşdırılması, audit fəaliyyətinin normativ-hüquqi bazasının inkişafı və beynəlxalq audit standartlarının tətbiqi istiqamətində işlər həyata keçirilib.
2020-ci ildə uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Beləliklə, Vahid Novruzov da 30 ildən artıqdır ki, eyni quruma rəhbərlik edir.
Yaqub Eyyubov – Baş nazirin birinci müavini
Baş nazirin 1-ci müavini, 80 yaşlı Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
Hazırladı: Vüsal Artyom